ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “«Ümidlərin izi ilə» getdikdə”

1.1K

Müəllif:  Səidə Əliyeva

«Ümidlərin izi ilə» getdikdə

 

Şəmil Sadiq və Müşfiq XANın qələmə aldıqları «Ümidlərin izi ilə» romanının əsas ideyası milli üstünlük ideologiyasının doğurduğu təhlükənin bədii təzahüründən ibarətdir. Yazarlar bu təhlükəni Cənubi Qafqaz sakinlərinin talelərinə faciəvi təsiri ilə açıqlayırlar. Roman millətçi-faşist dünyagörüşünün müasir təzahürlərinin, bu dünyagörüşün törətdiyi ictimai ziddiyyətlərin və insanların talelərinə təsirinin oxucuya çatdırılması baxımından maraq doğurur. Milli üstünlük ideologiyası bir tərəfdən bu ideologiyanın daşıyıcılarının daxili aləmini dağıdır. Digər tərəfdən isə zorakılığa və cinayətkarlığa geniş imkanlar yaradır.

Vaskanyanın daxili aləmi əsərin sonunda yekun epizodda aydın verilmişdir. Bu epiloqda öz əksini tapmışdır: «Qüdrətov kəndə o vaxt çatdı ki, Vaskanyan artıq Məhəmmədi öldürmüş, amma yeniyetmə ilə birlikdə aradan çıxmağa macal tapmamışdı. Məhz həmin vaxt mayor onu ələ keçirərək ifşa edə bilmişdi. Albertin yanındakı Kolya adlı yeniyetmə oğlan isə əslində onun öz oğlu idi… Azərbaycanlı girov qadın – Aytəkindən olan oğlu…» Vaskanyanın sonda həbs edilməsi ultra-millətçiliyin müflisliyini ifadə edir.

Mənəvi müflisliyin bir əlaməti rəqib tərəfin üstünlüyündən qorxusudur. Epizodik surət olan Baqdasaryan döyüşdə onun iki qardaşını və oğlunu öldürmüş və qəhrəmancasına şəhid olmuş Səlimin cəsədinin təhqir edilməsini qəbul edə bilmir: «İt uşaqları, siz ancaq ölüdən qisas almağı bacarırsınız. O kişi kimi döyüşdü, son nəfəsində də sizi qırıb sonra öldü! Siz isə… Lənətə gələsiniz hamınızı! O Türk olsa da, qəhrəmandır!» Bu epizodik surətlə müəlliflər türkün igidliyini qabardırlar. Hətta düşmən tərəfin də bu şücaət qarşısında aciz qaldıqları romanda əksini tapmışdır.

Vaskanyan özündən başqa digər insanlara əziyyət verir. Romanda Aytəkinin zorakılıq nəticəsində Vaskanyandan hamilə qalması əsir qıza dərin mənəvi zərbə vurur. Aytəkin gündəliyində yazırdı:  «Bu uşağı dünyaya gətirə bilməzdim. Artıq öz cismimdən iyrəndiyim kimi, ruhumdan da iyrənirdim».

Romanda zorakılıq nəticəsində doğulan uşağın Təpəgözlə müqayisə edilməsi özlüyündə düşündürücüdür. Bu doğulacaq uşağın da əslinə qənim kəsiləcəyi məlum idi. «Təpəgöz türk ərinin zorladığı mələkdən dünyaya gəlmiş dünyanı udacaq qədər məkrli olmuşdu. Təpəgözün nə anası, nə də atası şər idi. Bəlkə də, anası şər olmuşdu, amma ən azından atası şər qüvvə olmamışdı. Amma mənim bətnimdəki şərdən, zalımdan törəmişdi axı. Onun dünyaya nə qədər düşmən kəsiləcəyinə kim zəmanət verə bilərdi». Bu müqayisə ilə müəlliflər mifik «böyük» dövlətin yaradılması ideologiyasının törədə biləcəyi təhlükənin mahiyyətini bədii şəkildə açıqlaya bilmişlər.

Romanda milli üstünlük ideologiyasını təbliğ edən qüvvələrin iqtisadi maraqları da əks etdirilmişdir. «Böyük» ideyalardan danışan düşmən millətçiləri və insan hüquqları ideyasını əlində bayraq edən «qərb» vətəndaşları Kəlbəcərin qızıl yataqlarında əsir götürülmüş azərbaycanlıların qul kimi istifadə etməsini normal hal kimi qəbul edirlər. Fransız Fabian Soisson Vaskanyanla iş birliyi qurmuş, Kəlbəcərdəki qızıl yataqlarını işlədən əcnəbidir. Aytəkini özü ilə Fransaya gətirir. Aytəkinə hətta bəzi sirləri danışır: «Dünən bizim şirkətdə işləyən bütün əsirləri yığdılar. İşçilərim dedi ki, onların hamısını gecə ilə öldürüblər. Bilirsən niyə? Çünki sizin tərəfdən kəşfiyyat burda əsirlərin olduğunu müəyyənləşdirib. Deyirlər, ola bilsin ki, qəfil hücüm da etdilər sizinkilər». Maraqlıdır ki, «demokrat» Fabian Soisson Aytəkini geri Vaskanyana əsirliyə təhvil verməkdən belə çəkinmir, Aytəkini fahişəxanaya zorla düşməsinə kömək edir. Fabianın simasında müəlliflər Qərbin ikiüzlü münasibətini açıqlaya bilmişlər.

Romanın əsas ideyası əsərin təhkiyəsinə, süjet və kompozisiyasına önəmli təsir göstərərək, əsərin janr xüsusiyyətlərini müəyyənləşdirir. «Ümidlərin izi ilə» romanının təhkiyəsi öz sənədliliyi ilə seçilir. Qeyd etmək lazımdır ki, romanda MTN-nin arxiv materiallarından geniş istifadə olunmuşdur. Təsadüfi deyil ki, romanda təhkiyə Aytəkinin apardığı «Girov qadının xatirələri» gündəliyi əsasında qurulmuşdur. Bir tərəfdən, gündəlik forması arxiv materiallarının daha ətraflı oxucuya bədii formada çatdırmağa imkan verir, digər tərəfdən isə Xocalı faciəsinin dəhşətlərini xocalıların xatirələri ilə verməyə şərait yaradır. Gündəliyi başlayarkən Aytəkin qeyd etmişdir ki, «oxuyanların da məni başa düşəcəyinə ümid edirəm».

«Ümidlərin izi ilə» romanının süjeti iki əsas süjet xətləri ilə səciyyələnir. Birinci süjet xətti milli üstünlük ideologiyası realizə edildikdə yaranan ziddiyyətləri açıqlayır. İkinci süjet xətti isə universitet tələbələri olmuş Aytəkin Səfərova və Ramil İbrahimovun məhəbbəti və taleləri ətrafında qurulmuşdur. Birinci və ikinci süjet xətləri Aytəkin ilə əlaqəlidir. Lakin birinci süjet xətti çərçivəsində Aytəkin ümumiləşdirilmiş obraz kimi çıxış edirsə, ikinci süjet xətti çərçivəsində – fərdi şəxsiyyət kimi iştirak edir. Birinci süjet xətti çərçivəsində Aytəkin əsir düşmüş qadın obrazını əks etdirir. Qeyd etmək lazımdır ki, romanda ikinci dərəcəli obrazlar sırasında digər əsir qadın obrazları da mövcuddur. Məsələn, romanda təsvir edilən Rəna adlı qadının epizodik surəti. Bu surət vasitəsi ilə müəlliflər bu qadının başına gələn olaylarla Aytəkinin tək olmadığını, əsirlikdə olan qadınlarımızın əzaba düçar olmalarını göstərməyə cəhd edirlər: «Bu qadınlardan biri Rəna idi. Ata-anasının və həyat yoldaşının gözü qabağında öldürülməsindən sonra dili tutulmuş, üz-gözü əyilmişdi. 30-32 yaşı olan bir gəlin idi. Qorxudan 3 aylıq uşağını da salmışdı». Qeyd etmək lazımdır ki, romanın iki süjet xətti bir nöqtədə birləşir – Xocalı faciəsində. Romanda bir sıra yardımçı süjet xətləri mövcuddur. Onlar əsas mövzunun başa düşülməsinə xidmət göstərir.

«Ümidlərin izi ilə» romanının kompozisiyasında Xocalı faciəsinin təsviri xüsusi yer tutur. Xocalı faciəsi romanda kompozisiyanın düyünü kimi çıxış edir. Xocalı faciəsi romanın əsas qəhrəmanlarının sındırılmış ümidlərinin, məhv olmuş həyatlarının rəmzi kimi çıxış edir. Romanda bu soyqırım yazarlar tərəfindən canlandırılır: «Quşbaşı qar yağan sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə-eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Düşmən rəhm diləyən qocaya, xəstəyə, qadına aman vermədi. Uşaqlar valideynlərinin gözləri qarşısında xüsusi qəddarlıqla qətlə yetirilirdilər. Xocalının neçə-neçə qeyrətli oğulu erməni dığalarının qəbirləri üstündə qurbanlıq kəsildilər. Qız-gəlinlər əsir alındılar. Aramsız güllə yağışından qurtulub ayağı yalın, başı açıq halda meşələrə, dağlara üz tutanların çoxusu yolda dondu, qar uçqunlarına düşdü». Xocalı əsərdə canlı obraz kimi təsvir edilir, əsərin qəhrəmanı Aytəkinin monoloqunda canlandırılır: «Bilmirəm, mənmi şəhərim üçün böyük həsrət çəkmişdim, şəhərmi öz yetirmələrinin hənirtisi, ayaq səsləri, gülüşü, davası, əyləncəsi üçün darıxmışdı? Əlimi şəhərimin boynuna salmaq istəsəm də, o rədd edirdi. Ola bilsin ki, məni ləkələnmiş görüb, özünün də mənə bulaşmamasını istəyirdi, ya da küsmüşdü, incimişdi. Məncə, şəhərim küsmüşdü, bütün yetirmələrindən küsmüşdü. Axı o da mənim kimi, zorlanmış, tapdalanmış, ləkələnmiş, əzilmişdi. O da mənim kimi, kimsəsiz idi hazırda. O da dərdini deyəcək, şikayətini edəcək bir həmdərd tapa bilmirdi. Yəqin ki, elə incimişdi o təbiət gözəli».

Romanın iki əsas süjet xətti Aytəkin və Xocalı obrazları ilə yanaşı, həm də «Ümid» ilə birləşdirilir. Təsadüfi deyil ki, «ümid» sözü əsərin adında xüsusi vurğulanır. «Ümid» məhz müstəqil obraz kimi əsərdə təqdim edilmişdir. Aytəkinlə dialoqda Ümid canlı bir varlığın düşüncəsi kimi təsvir edilir. Aytəkin ürək ağrısı ilə qeyd edir ki, «ümidlər daha mənə təsəlli ola bilmirdi. Gizlənməyə yer axtarırdı, amma tapa bilmirdi. Axı harda gizlənə idi? Həsrətdən deşik-deşik olan qəlbimdə, məkanı murdarlanmış ruhumda, yoxsa şərəf və namusunun pozulduğunu gördüyü üçün kor olmuş gözlərimdə? Gizlənə bilmirdi, lüt-üryan halda qarşımda diz çökdü ümidlərim».

Daha sonra Aytəkinlə Ümid arasında dialoqda məhz Ümidin, yəni qeyri-insani varlığın, cansız əşyanın ümumiləşdirilərək təsvir edilməsi Aytəkinin deyil, həm də romanda təsvir edilən digər surətlərin həyatları və Azərbaycanın taleyi ilə əlaqəlidir. Ümid vasitəsi ilə Aytəkinin sonrakı taleyinə də işıq salınır. Bu Aytəkinlə Ümidin dialoqunda əksini tapır. Ümidin «Mən də tükəndim»,-dedi. Səni bu qədər aldatdığım üçün mən də tükəndim. Axı sənin yaşamağın üçün lazımam mən. Mənsiz sənin yaşamağın mənasızdır» fikirləri ilə ümidsiz yaşamağın mənasız olduğu qabardılır. Müəlliflər tərəfindən ümidlər olmadıqda insanın məhv ola biləcəyi xüsusi vurğulanır: «Siz hamınız beləsiniz, əvvəl bizi qovur, gözünüzün önündən çəkilən kimi ehtiyac duyursunuz, sonra da geri çağırırsınız. Biz gəlmədiyimiz zaman isə siz ölürsünüz. Ümidlər isə heç zaman ölmür, onlar sadəcə yaşayır».

Əbədi yaşamağa qadir Ümid müəlliflərin Qarabağ münaqişəsinə və onun inkişaf perspektivlərinə milli romançılığımızda yeni yanaşmanın formalaşma prosesini əks etdirir. Son iyirmi il ərzində Azərbaycan ədəbiyyatında «Qarabağ romanı» kimi qəbul edilən janr forması yaranmışdır. Adətən «Qarabağ romanında» münaqişənin perspektivləri ya pessimist, yaxud qeyri-müəyyən şəkildə verilirdi. «Ümidlərin izi ilə» romanında isə perspektivlər optimist şəklində verilir, Azərbaycanın parlaq gələcəyi aydın göstərilir. Bu da Azərbaycanda baş verən inkişafın təsiri altında fərdi və kütləvi şüurun transformasiyasını əks etdirir, eyni zamanda «Qarabağ romanı» janr formasına yeni çalarlar gətirir.

 



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı