ƏSAS SƏHİFƏ

“Gənc Yazar” layihəsi: “VAXT DAYANMIR…”

842

Müəllif: Şahsuvarova Nigar

VAXT DAYANMIR…

 

“Marsda həyat axtarışı davam edir.” Hər dəfə bu xəbərlərlə rastlaşan zaman kinayəli gülümsəmə yaranır dodaqlarımda. Sanki yaşadığımız planetin bütün problemləri bitib də digər planetlərdə həyat əlaməti axtarırlar.

Bəşəriyyətin nə zaman yarandığını söyləmək qəliz məsələdir. Qədim sivilizasiyaların  yüksək mədəniyyətə, intellektə sahib olduğunu eşitdikdə  “əfsanə” deyib keçirik. Amma faktdır ki, bu “əfsanə”nin qalıqları bizi heyrət içində qoyur. Olsun da, yadplanetlilərin barmağı var işin içində, olsun, heç nə demirəm. Amma eramızdan yüz, min, milyon il əvvəl mövcud olmuş sivilizasiyaları “cəfəngiyyat” adlandırmaq ağılsızlıqdır. Üstəgəl, ortada inkaredilməz faktlar varsa, belə ağılsızlığı qəbul etmək gülüncdür. Arxeoloji qazıntılar bunu dəfələrlə sübut edib, edir və edəcək.

Qədim Şərqin əsrarəngsiz sirrləri çoxdur. Füsunkar Misir, Babil, Şumer, Hind və digər qədimi mədəniyyətlər. Firon əzəmətinin göstəricisi sayılan Misir Ehramları və “Dəhşətlər atası” Sfinksdən tutmuş  Semiramidanın asma bağlarına qədər.  “Mahabharata” və “Ramayana”. Zəngin ədəbi irs. Möhtəşəm memarlıq nümunələri. Minlərlə əlyazmaların saxlandığı kitabxanalar. Sirli məbədlər. Qüdrətli insan şəxsiyyətinə pərəstiş. Siyahını uzada bilərəm əslində…

Qədim Avropa sivilizasiyası. “Antik fəlsəfə”nin daimi məkanları. Qədim Yunanıstan və Qədim Roma. Homerin “İliada” və “Odisseya”sı. Herodotun “Tarix”i. İlk faciə müəllifləri Pakuvi və Aktsi, ilk komedislər isə Plavt və Terens. Antik şeirlər…

Dinin meydana gəlişi. Müqəddəs Məryəm Ana. Fahişə kimi damğalanan Məcdəlli Məryəm. 12 həvari.Çarmıxa çəkilmiş İsa peyğəmbər…

Dinlə elmin uzun sürən qanlı mübarizələri…

Antik dövrdən çıxaq və qayıdaq modern zamana.

Müasir elm-texnika inkişaf edir-filan, aydın məsələdir. Amma, bir zəhmət, düşünün: Afrikada aclıq çəkən insanların varlığı bizi doğrudanmı narahat edir? Zənnimcə, yox. Əgər belə olsaydı, nüvə silahlarına xərclənən vəsaitləri ciddi-ciddi düşünərdik.Lütfən, tribuna çıxışından bəhs etməyin mənə. Mən də çıxıb bir-iki söz deyə bilərəm, ittiham edə bilərəm, amma heç bir nəticə əldə olunmayacaq.

Qadınlar. Əsrlər boyu hüquqları tapdalanan, şeytan əməli kimi qiymətləndirilən qadınlar. Eyni zamanda gözəllik ilahəsi kimi sitayiş edilən, ən gözəl eşq şeirləri həsr edilən qadınlar. Kraliçalarla bərabər kurtizankalar. Son damla və  feminizm-qadınların hüquqları uğrunda ictimai-siyasi hərəkat. Gender bərabərliyi. İslam ölkələri və şəriət hökmləri…

Dünyanın ən öndə gedən üç satış şəbəkəsi-Silah, narkotik maddə və insan ticarəti. Beynəlxalq təşkilatlara nümayişlər lazım deyil, öz acizliklərini yaxşı başa düşürlər. KİV-nin yayımladığı “analoji xəbərlər” qısa müddətliyə müzakirə obyektinə çevrilir, sonra isə udulub gedir.

Hal-hazırda dünyada qanlı münaqişələrin yaranıb davam etməsinin ən böyük dəstəkləyiciləri silah satıcılığı ilə məşğul olanlardır. Hər gün tv-də izlədiyimiz qanlı səhnələr “satıcılar” üçün bir heçdir. Onlar sənədləri hazırlamaqla, siqaret çəkməklə, viski dolu qədəhi boşaltmaqla və nəhayət, alıcıların əllərini sıxmaqla məşğuldurlar.

Əfqanıstan ərazisindən dünyanın dörd bir yanına yayılan “ağ ölüm”. Paparizzilərdən bezən məşhurlar, ata-ana sevgisi görmədən böyüyən uşaqlar, iflasa uğrayan biznesmenlər, zorlanan qızlar, cəmiyyətin qoyduğu qaydaları qəbul etməyən gənclər bu bəlaya yoluxurlar. Düşüncələrə təsir edən və beyni tənzimləyən fiziki və psixoloji “yuxu”dan ayılmaq istəmirlər.

Dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığında insanın dəyəri çox ucadır. Amma insan ticarəti ilə məşğul olanlara “insan” demək günahdır. Elanlar vasitəsilə torlarını quran ticarətçilər öz qazanclarını artırmaq üçün nələrə əl atmırlar ki?! Ən çox gənc qızlar qurbana çevrilirlər. Zorlanırlar, sonra məcburi fahişəlik edirlər…

Qazanclar isə artır…

Növbəti siyahı isə dırnaqarası insanlıqdandır.

Lal, kor, kar və əlil insanları nə vaxtsa ciddi şəkildə düşünən olubmu?! Onlara baxıb öz halına min “şükür” edən insancıqların beyinlərini yumaq haqqında kimsə ideya tərtib edibmi?!

Küçələrdə rastlaşdıqları bomj və qaraçılardan vəba, cüzam, taundan qaçan kimi qaçırlar. Sanki infesiya yayırlar bu məxluqlar.

Məktəbə getmək əvəzinə maşın şüşələrini silən kiçik uşaqlara baxmağı isə özlərinə sığışdırmırlar. Onlara zillənən məsum gözlərə baxmadan qəpikləri ovuclarına basıb maşınlarını işıq sürətilə irəli sürürlər.

Qocalar evinə atdıqları ata-analarının hallarını düşünmədən karyeralarında inanılmaz yüksəlişlər əldə edən nankor övladların sayı artıma doğru getməkdədir. Heç veclərinə də deyil- ölüb ya qalıblar o xarabada…

“Kimdir günahkar?!” və ya “Onu bağışlamaq olarmı?!”. Hm! Əslində başlıq belə olmalı idi. “Daha bir zorlanma hadisəsi”.

Gənc bir qız axşam dərsdən və ya işdən qayıdanda naməlum biri tərəfindən zorlanır. Qalmaqal başlanır. “Qızdadır günah”. Onu hər yerdə barmaqla göstərirlər,  bir-birlərinə xəbər verirlər. Lağlağı tonlar, kinayəli gülümsəmələr, yazıq baxışlar. Və son nəticə-intihar. Amma  məsələ bununla yekunlaşmır. Təcavüzkar oğlan bir neçə illik həbs həyatı yaşayır. Döyülür,söyülür, təhqir edilir. Çıxdıqdan sonra tanış-biliş onu işlə təmin edə bilmir…

Ah, ədalətsiz dünya!

Bahalı maşınları idarə edən, son model telefonlardan istifadə edən, lüks evlərdə yaşayan, “modern” ailəyə sahib olan, uğurlu karyerist adını qazanan istənilən insanı dünyanın problemləri heç maraqlandırmır. İstər meşə yanğınları olsun, istər heyvanların vəhşicəsinə ovlanması olsun, istər min bir xəstəliklərdən dünyalarını dəyişən insanlar olsun, istər müxtəlif qüsurlu uşaqların çətin tərbiyəsi olsun-bütün bunlar onun nəyinə lazımdır axı?!

Uzun sözün qısası, əzizlərim, “mənə dəyməyən ilan min yaşasın”…

Amma bütün bunlara rəğmən “Marsda həyat axtarışı” davam edir. Vaxt isə gedir…



Yarışmada olan məqaləni bəyəndiniz? Bəyəndiyiniz təqdirdə aşağıdakı Twitter, Facebook Google+ düymələri vasitəsi ilə bəyənərək və paylaşaraq səs verə bilərsiniz.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı