“Gənclərin Səsi” radiosu ÖDƏNİŞSİZ təcrübə proqramı elan edir

Jurnalist olmaq istəyənlər üçün ödənişsiz redaksiya şəraitində təcrübə proqramını elan edirik.

Ruh yaşı 18-27 yaş arası olan, jurnalist potensialına güvənən, hisslərlə deyil, məntiqlə davranmağı bacaran, aysberqin altını, dağın ardını görən gözlərə sahib, burada mənəm, Bağdadda kor Xəlifə kimi xasiyyətə yiyələnməyən ya da bu xasiyyəti ilə vidalaşan, and içiləcək qədər vicdanı olan, ağı-qaradan və qalan bütün rəngləri bir-birindən seçə bilən, heç yerə və heç kəsə aid olmayan, istiyə, şaxtaya, uzaq səfərlərə, şəraitsizliyə və tənqidə dözümlü, Maykl Ceksonunun öldüyündən xəbərdar, Nazim Hikməti tanıyan, Dostayevski adını eşidəndə təəccüblənməyən, Misir Mərdanovun artıq Təhsil Naziri olmadığından xəbəri olan hər kəs və ƏN ƏSASI İSƏ STRESS ALTINDA İŞLƏMƏYİ BACARANLAR “Gənclərin Səsi” radiosunun elan etdiyi ÖDƏNİŞSİZ təcrübə proqramına müraciət edə bilərlər.

Kurs müddətində tələbələrin universitetdə olan dərs cədvəlləri nəzərə alınacaq.

Təcrübə proqramının iştirakçıları 3 ay müddətinə redaksiya mühitində çalışaraq aşağıdakı işləri görəcək, biliklərini artırmaq və təcrübə qazanmaq şansı əldə edəcəklər:

• Reportajların, TV və radio süjetlərin hazırlanması;
• Radio/telviziyada canlı efirin hazırlanması və idarə olunması;
• Radio/TV-də debatların təşkili;
• Araşdırma materiallarının hazırlanması;
• Xəbərlərin hazırlanması və səsləndirilməsi və yayımlanması;
• Radio/TV-də prodüser işi;
• Radio/TV-də veriliş layihələrinin hazırlanması;
• Radio/TV-də efir proqramının qurulması;
• Mikrafon və digər səs avadanlıqları ilə peşəkar davranış;
• Düzgün foto çəkiliş, foto proqramlarla iş, foto redaktə;
• Video kamera ilə iş, tv montaj və s.

İştirakçılar nə əldə edəcəklər?

Təcrübə proqramını uğurla bitirən iştirakçılar jurnalistikanı-Qəzet, TV, İnternet, Radionu yüksək səviyyədə biləcək və öyrəndiklərini rahat formada tətbiq edə biləcəklər.

Qeyd edək ki, “Gənclərin Səsi Radiosu”nun təcrübə proqramı 3 ildir ki, fəaliyyət göstərir və proqramı uğurla bitirmiş iştirakçıların 95%-I hazırda müxtəlif media qrumlarında jurnalist, PR mütəxəssisi kimi fəaliyyətlərini davam etdirirlər.

Eyni zamanda, təcrübə proqramını uğurla bitirənlər gsr.fm-də işlə təmin olunmaq imkanı qazanacaqlar.

Müraciət qaydası İştirak etmək istəyənlər 7 noyabr 2014-cü il tarixinə qədər CV və maraq məktublarını (təcrübə proqramının müraicət edən şəxsin gələcək kariyerasına təsiri barədə) radio@genclerinsesi.org ünvanına göndərməlidirlər. Yalnız seçilmiş şəxslər müsahibəyə dəvət olunacaqlar.