BAXIŞ BUCAĞI

Geri qalan həyatın ilk günü…

1.7K

Hər yeni günü son gün kimi yaşamaq lazımdı. Hər yeni günə məqsədli şəkildə oyanmaq, planlı göz açmaq məsləhətlidir. Günün sonunda başını yastığa qoyanda bu günün hesabını verərkən, sən hər ehtimala qarşı sabahınında planını qur. Ya oyanmasam düşüncəsiylə çəki – düzənsiz yaşamaq düzgün deyil. Əlbət bir gün hamının sabaha qurduğu planları yarımçıq qalacaq. Bu dəyişilməsi mümkün olmayan həqiqətdir. Amma insan gərək ümidini heç zaman itirməsin. Və həmişə düşünsün ki, həmin sabah bu sabah deyil!

Ümid… Çarəsizliyin ikinci adı deyirlər ona. Nə qədər doğrudur bilinmir. Ancaq heç kim yalan olduğunu açıq etiraf edə bilmir. Çunki hər kəsin içində qaranlıq gecələrinin aydınlığa çıxacagına, görmə qüsurlusunun  bir gün günəş şüasından gözünün qamaşacağına, həyatda addım atmayan birinin bir gün dayanmadan xəyallarının arxasınca qaçacağına ümidi var. Bütün ümid edənlərin adından biz bunun adını çarəsizlik yox inam kimi qəbul edək və ən sonda onu öldürək.

Hər şeydən əvvəl niyə yaşadığımızı, necə yaşadığımızı dərk edək. Bu dünyada qonaq olduğumuzu və bu qapını yalnız bir dəfə döyə biləcəyimizi qəbul edək. Bu gün kim olduğumuzu, sabah kim olacağımızı və ya heç vaxt “O” ola bilməyəcəyimizi anlayaq. Arzularımızdakı “O” olmaq üçün çalışaq və olaq…

Bu günün sonunda günəş bütün əlvan rəngləri qabağına qatıb gedir şəhərdən. Seyr etdiyimiz bu gün görəcəyimiz son qızılı rəngdir. Ömrümüzdən bir gün daha silinir. Sabah oyanacağımızda gözəl bir gün doğacaqsa, niyə aydınlıq olmasın?! Uzun müddət etmək istəyib amma etmədiklərimizi niyə bu sabah etməyək?! Bu sabaha kimi üstümüzdə daşıdığımız səhvləri tövbə edib üstümüzdən niyə atmayaq?!

Bu sabah oyanmışıq,həyatdayıq. Çünki yaşamaq səbəbimizi hələ tamamlamamışıq…

Kəmalə Rəsulova

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı