ƏSAS SƏHİFƏ

Gömrük əməkdaşları üçün İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı üzrə təlim keçirilir

97

Oktyabrın 2-də Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasında Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İxrac Nəzarəti və Sərhəd Təhlükəsizliyi Proqramı çərçivəsində komitənin əməkdaşları üçün təlim başlayıb.

DGK-nın mətbuat xidmətindən bildirilib ki, təlimin açılış mərasimində ABŞ səfirliyinin müşaviri Kiç Roberts bildirib ki, təmsil etdiyi layihə Azərbaycanda 1999-cu ildən icra olunur və layihə çərçivəsində uzun müddətdir Dövlət Gömrük Komitəsi ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu qeyd edən Kiç Roberts indiyədək ABŞ tərəfindən Azərbaycana avadanlıq və təlim şəklində yardım göstərildiyini diqqətə çatdırıb. Hər hansı qurumun səmərəli fəaliyyətinin başlıca şərtlərindən birinin əməkdaşların potensialının, bilik və bacarıqlarının artırılması olduğunu vurğulayan amerikalı ekspert Gömrük Akademiyasını misal göstərməklə Azərbaycan gömrüyünün bu sahədə atdığı addımların təqdirəlayiq olduğunu söyləyib.

DGK Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov Kütləvi Qırğın Silahlarının yayılmasına qarşı mübarizə sahəsində Azərbaycanda görülən işlər, müvafiq qanunvericilik bazası barədə iştirakçıları məlumatlandırıb. Cavad Qasımov bu sahədə gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü bildirib və bu istiqamətdə həyata keçirilən tədbirlərdən bəhs edib.

Baş İdarənin rəisi gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılması sahəsində göstərilən dəstəyin ümumi işə faydasına toxunub və növbəti təlimin də gömrük əməkdaşlarının potensialının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Qeyd edək ki, iki həftə davam edəcək təlim çərçivəsində amerikalı ekspertlər Ellen Stemi, Timoti Habler, Deyv Kinni və Riçard Libbi tərəfindən iştirakçılara Kütləvi Qırğın Silahları (kimyəvi, bioloji, nüvə və raket) barədə məlumat veriləcək, həmin silahların aşkar edilərək müvafiq tədbirlərin həyata keçirilməsinin üsulları öyrədiləcək. Təlim iştirakçıları radioloji silahlar barədə də məlumatlandırılacaq.

Praktik məşğələlərin də keçiriləcəyi təlimlərə DGK-nın əməkdaşları cəlb olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.

AZƏRTAC

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı