Gürcüstan parlamentinin komitəsində Azərbaycandilli məktəblərlə bağlı məsələ qaldırılacaq

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda məktəblərin müəllim heyəti ilə görüşüb.
Gürcüstanın Azərbaycanlı Müəllimlər İttifaqının təşəbbüsü ilə keçirilən görüşdə məktəbləri narahat edən problemlər müzakirə olunub.
Görüşdə məktəblərdə mövcud vəziyyət, dərsliklərdə yol verilmiş tərcümə səhvləri, Azərbaycan dili və ədəbiyyatı fənninin tədris səviyyəsinin yüksəldilməsi, gənclərin pedaqoji peşəyə marağının artırılması və s. məsələlərə toxunulub.
R. Hacıyevin bildirdiyinə görə, görüşdə müəllimlərin problemlərin həlli ilə bağlı təklif və tövsiyələri dinlənilib. Deputat qeyd edib ki, tədrisi Azərbaycan dilində olan məktəbləri narahat edən məsələlər Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət komitəsi, habelə Təhsil və Elm Nazirliyinin diqqətinə çatdırılacaq.
Qeyd edək ki, görüşdə 50-dək məktəbin müəllim və direktoru iştirak edib.
 APA