CƏMİYYƏT 2020.05.16 12:15

“Hərbi jurnalistikada vəziyyət acınacaqlıdır”

536

Rəşad Süleymanov:”İnformasiya müharibəsi aparmaqdan söhbət ediriksə, yalnız Azərbaycan məkanına sığan, tək daxili publikaya hədəflənən hərbi mətbuatdan danışmamalıyıq”

“Mərmisiz, silahsız əsgərdən döyüşməyi tələb etmək və bunu gözləmək məntiqsizlikdir”

Ölkəmizdə hərbi jurnalistikanın inkişafı, bu sahədə çalışan jurnalistlərin peşəkarlığı, həmçinin yerli və xarici KİV-də Qarabağ mövzusunun işıqlandırılması, münaqişə ilə bağlı həqiqətlərin daha genişictimaiyyətə çatdırılması günün aktual məsələlərindəndir. Elə “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanovun “dialoq.info” saytına müsahibəsini də bu məsələlər üzərində qurduq. Həmin müsahibəni təqdim edirik:

-Rəşad müəllim, əvvəlcə istərdik ki, ərazisinin 20 faizi işğal altında olan ölkəmizdə hərbi jurnalistikanın inkişafı və çatışmazlıqlar barədə qısaca fikrinizi bildirəsiniz.

– Ölkəmizin müharibə şəraitində yaşamasına baxmayaraq, digər sahələrədən fərqli olaraq, hərbi jurnalistikanın vəziyyətini qənaətbəxş hesab etmək olmaz. Ümumiyyətlə, bu sahədə vəziyyət siyasət, iqtisadiyyat, idman jurnalistikası ilə müqayisədə acınacaqlıdır.

Hərbi jurnalistika sahəsində baza mövcud deyil. Bu sahənin spesifikliyi nəzərə alınaraq, universitetlərdə, yaxud hərbi məktəblərdə belə bir ixtisasın yaradılması və tədrisi vacibdir.

Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının qəzet və jurnallarını çıxsaq, hazırda ölkədə aktiv fəaliyyət göstərən beş hərbi xəbər saytı, bir qəzet və bir jurnal var. Bəli, KİV-lər var. Amma jurnalistika dedikdə, məsələ KİV-in say çoxluğu ilə bitmir. Məsələyə jurnalistlərin hazırlığı, peşəkarlığı baxımından yanaşsaq, ürəkaçan vəziyyətin olmadığını deyə bilərəm.

Ulu Öndər Heydər Əliyevin bir sözü var: “Mətbuat cəmiyyətin güzgüsüdür”. Mətbuat həm də özünü göstərir. KİV-in dəyərini də əlahəzrət oxucu onun simasına baxaraq verir.

Biz bu gün informasiya müharibəsi aparmaqdan danışırıqsa, yalnız Azərbaycan məkanına sığan, tək daxili publikaya hədəflənən hərbi mətbuatdan danışmamalıyıq. Region və dünya miqyasına çıxan bir KİV barədə düşünməliyik.
“Cəbhədə 3 düşmən əsgəri öldü”, “Düşməni vurarıq, dağıdarıq” tipli ekspert açıqlaması, rəsmi press-reliz və ya düşmən mediasının xəbərini tərcümə edib hay-küylə vermək mənə görə nə hərbi jurnalistika, nə də informasiya müharibəsi demək deyil.

Hərbi media müstəqil olsun, ya dövlət qurumlarının nəzdində, fərq etməz, hər bir ölkənin hərbi informasiya siyasətinə bağlı məsələdir. Bu sahənin bir funksiyası gərəkən təqdirdə “informasiya müharibəsini” aparmaqdır. Digər funksiyaları da mövcuddur ki, bunlar da həmin media qurumunun öz təşəbbüsü, ya dövlətin təşəbbüsü və tapşırığı ilə həyata keçirilir.

-Ölkədə hərbi sahə ilə bağlı çap olunan nəşrlərin, hazırlanan verilişlərin sayı və keyfiyyəti barədə fikriniz necədir?

-İyirmi ilə yaxındır jurnalistikada hərbi sahədən yazıram. Biz qəzet məktəbi keçmişik, yazılar işləmişik. Hansıki, bu yazılar çap olunandan sonra reaksiya doğurub. Özü də Səfər Əbiyev kimi mətbuata qapalı bir nazirin dönəmində.
İndi bəzi həmkarlarım Müdafiə Nazirliyinin və ya hansısa digər qurumun hazır press-relizinin başlığını dəyişir, yaxud çox halda olduğu kimi sayta qoyur. Bəzi saytlar Rusiyanın, Türkiyənin, bir iki dünya miqyasında tanınan saytın xəbərlərini tərcümə edib yaymaqla işlərini bitmiş hesab edirlər. O yazılara da mütəxəssis kimi nəzər saldıqda, içində terminologiyadan tərcüməyədək, fotolara qədər onlarla səhv tapmaq mümkündür. Mən şəxsən hər gün sektorun xəbər saytlarını monitorinq edir, bu qeyd etdiyim məsələlərlə bağlı qeydlərimi aparıram. Onları ortaya qoysam, çox biabırçı mənzərələr alınar. Hətta rus hərbi ekspertin “Sputnik”də yazdığı yazısının olduğu kimi tərcümə edilərək altına imza qoyularaq yayımlanmasınadək. Başqa sözlə desək, həmin KİV-lər jurnalistikamızda son illər aktuallaşan bir deyim “copy paste” jurnalistikası ilə məşğul olurlar.

Televiziya kanallarındakı az sayda proqramlar barədə müsbət fikirdəyəm. Bunların içində peşəkar yanaşmasına görə, CBC kanalında yayımlanan “Sluju Rodine”ni, İTV-də “Radius”u, AzTV-də “Döyüşçü”nü misal göstərə bilərəm. Bu saydığım proqramların hər birini izləyirəm. Fikirlərimi də bildirmişəm. Arzu edirəm ki, digər telekanallarımızda da bu kimi maraqlı proqramları görək. Elmira Musazadənin hazırladığı “Za Sluju Rodine” dinamikliyi, operator və rejissorun işi, mövzuya daha peşəkar yanaşılması, daha aktual mövzularla fərqlənir. Heydər Mirzənin hazırladığı “Radius”da analitik yanaşmalara daha çox üstünlük verilir. AZTV-nin “Döyüşçü”sü uzun illər bu kanalda mövcud olan şablonlardan çıxıb, fərqli yanaşması ilə seçilir deyə bilərəm. Arzu edərdim ki, bizdə də qonşu ölkələrdə olduğu kimi hərbi mövzulara ağırlıq verən bir telekanal olsun.

-İstərdik ki, hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin peşəkarlığı məsələsinə bir qədər də aydınlıq gətirək. Bu sahə üzrə ixtisaslaşmış jurnalistlərə ehtiyac varmı və əgər varsa, bu işi necə həyata keçirmək olar?

– Peşəkarlıq barədə bayaq fikrimi bildirdim. Birincisi, jurnalistika elə bir sahədir ki, orada işləməyə insanın özünün marağı olmalıdır. Biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alanda qrupda 30 nəfər vardı. Bu 30 nəfərdən cəmi 5-6 nəfər jurnalistikadayıq. Qalanları nə işlə məşğuldur bilmirəm.

2015-ci ildən “Dinc Dünya” Araşdırmalar Mərkəzi tərəfindən Azərbaycanda konflikt jurnalistikası kursları tədris olunur. Bu kurslarda mətbuatda çalışanlardan da, universitetlərin jurnalistika fakültəsində təhsil alan tələbələrdən də iştirak ediblər. Amma mən son iki ildə bu kursun ikisində olmuşam. Tələbələrdən cəmi iki nəfər seçə bilmişəm. Gördüyüm budur ki, tələbələr bu kursa nə isə öyrənməyə deyil, sadəcə vaxtlarını keçirməyə gəlirlər. Mən bu barədə kursun rəhbəri Əlisəfa Mehdiyevə də, Müdafiə Nazirliyinin nümayəndələrinə də fikrimi bildirmişəm.

Peşəkarlaşmaq üçün çalışdığın sahəni öyrənməlisən və yorulmamalısan. Bu gün də mən şəxsən hər gün yerli və xarici medianı oxuyur, əlavə ədəbiyyatlar mütaliə edirəm. Bunu gənclərə də tövsiyyə edirəm. Terminalogiyadan başlamış silah və texnikanın detallarına qədər öyrənməyən jurnalistdən nə isə gözləmək çətindir. Təəssüf ki, bu gün hərbi mövzuda yazan ekspert, icmalçı və s. imzasını da atanların yazılarının içində sadəcə terminalogiya ilə bağlı elə ifadələr var ki, azacıq hərbidən anlayışı olanlar bunu tuta bilərlər.

Məsələn, yeri gəlmişkən, bu yaxınlarda adını çəkməyəcəyim hərbi saytların birində zirehli maşının ballistik müdafiəsindən bəhs edilib və belə ifadə işlənib:“Zirehli maşının ballistik raketlərə qarşı müdafiəsi”. Ballistik müdafiə ayrı şeydir, ballistik raket tamamilə ayrı.

-Maraqlıdır, hərbi sahədə fəaliyyət göstərən jurnalistlərin işində əsasən hansı nöqsanlara rast gəlinir və fikrinizcə bu, nə ilə bağlıdır?

– Nöqsanlar kifayət qədərdir. Bəziləri hələ də hərbi qurumları ayırd edə bilmirlər. Digər hərbi qurumların yerinə Müdafiə Nazirliyinə müraciət edənləri görmüşəm. Eləcə də bəzi əslində sadə olan məsələlər var ki, onlarda səhv edirlər. Məsələn, hərbi geyimdə olan şəxsin fotosunu çevirmək olmaz. Çevriləndə fərqlənmə nişanları, yaxadakı orden medalın yeri və s. səhv düşür. Amma hələ də bunu görməkdəyik.

Silah və texnikanı tanımırlar. Məsələn, özüyeriyən haubitsa 2S1 “Qvozdika”ya tank deyənlər və yazanlar, yaxud cəbhədə Ermənistana məxsus vurulan pilotsuz uçuş aparatının (PUA) yerinə Amerika PUA-larının fotosunu verənlər, helikopterlərimiz barədə yazıda Amerikan helikopterinin, cəbhədə atəşkəsin pozulması xəbərinə Alman ordusunun əsgərinin fotosunu verənlər var. Başqa sözlə desək, cəbhədə atəşkəsi Armen pozur, yerinə almanın fotosunu verirlər.

Bütün nöqsanların bir səbəbi var: xəbər sayğacları bəzi jurnalistlərdə və redaktorlarda ulduzlaşma sindromu yaradıb. Öz üzərlərində işləmək istəmədikcə belə olacaq.

-Ötən illərdə bəzi jurnalistlər dəqiqləşdirilməmiş məlumatlar yaymaqla və digər bu kimi hallara yol verməklə müharibə şəraitində işləməyə hazır olmadıqlarını nümayiş etdiriblər. Hazırda bu məsələdə irəliyə doğru dəyişikliyin olub-olmaması barədə nə deyə bilərsiniz?

– Bu məsələ ilə bağlı 2014-cü ilin iyul-avqust aylarında iş o yerə çatdı ki, məsələyə Prezident Administrasiyası müdaxilə etdi. 2016-cı ilin aprel döyüşlərində jurnalistlər bəlli sərhədləri aşmadılar. Müdafiə Nazirliyi ilə koordinasiyalı şəkildə çalışdılar. Amma onu da demək istəyirəm ki, Müdafiə Nazirliyinin həmin dövrdə ləng işləməsi, çevik olmaması səbəbindən ermənilər qlobal informasiya məkanında öz informasiyalarını bizdən saatlarla əvvəl yerləşdirməyi bacardılar. İnformasiya müharibəsində gecikmə olmamalıdır. Ən yaxşı müdafiə də hücumdur.

-Ümumiyyətlə, müharibə şəraitində olan ölkənin hərbi jurnalistləri hansı tələblərə cavab verməlidirlər?

– İlk növbədə peşəkar olmalıdırlar. Bilirsiniz, bu gün hərbi jurnalistika yalnız müharibə jurnalistikası anlamına gəlməməlidir. Hərbi jurnalistika tam fərqli bir sahədir. İçərisində sənaye var, müharibə jurnalistikası var, hərbi siyasət, hərbi diplomatiya və s. var. Biz şəxsən “Azeri Defence” jurnalı olaraq hərbi sənaye istiqamətini seçmişik.
Fikrimcə, işin effektiv alınması və heyətin peşəkarlaşması üçün redaksiyalar ehtiyatda olan təcrübəli zabitləri əməkdaşlığa cəlb etməli, onların bilik və təcrübəsindən yararlanmalıdırlar. Peşəkar, öz sektorundan xəbəri olan jurnalistlərlə hərbçilər də danışmağa həvəsli olurlar.

-Bəs, rəhbərlik etdiyiniz jurnalda jurnalistikanın prinsiplərini və hərb sənətinin özünəməxsus xüsusiyyətlərini nə dərəcədə qoruya bilirsiniz?

-Buna çalışırıq. Əməkdaşlarımızın sərgilərdə iştrakına, yeniliklərlə tanış olmasına, əlaqələrini genişləndirməsinə kömək edirik. Gənc əməkdaşlarımıza hərbi sahənin olar-olmazlarını izah edir, öyrətməyə çalışıram. Eləcə də mütəmadi olaraq ehtiyatda olan təcrübəli zabitləri redaksiyamıza dəvət edir, konsultasiyalarını dinləyirik. Yeri gəlmişkən onu da qeyd edim ki, bu yaxınlarda baş redaktoru olduğum “Azeri Defence” jurnalı Müdafiə Nazirliyində vaxtı ilə silah və texnika idarəsində yüksək vəzifədə işləmiş, indi ehtiyatda olan zabit Əhəd Əzizovla əməkdaşlığa başladı. Əhəd müəllim silah və texnika barədə çox gözəl izahlar verir. Mən də əməkdaşlarımıza tapşırmışam ki, onun sosial şəbəkədəki izahlı paylaşımlarını oxuyub biliklərini artırsınlar. Bilmədikləri, sual doğuran məsələləri onunla məsləhət etsinlər. Biz bir jurnal olaraq, sadaladığım problemləri yaşamayaq deyə, fəaliyyət göstərdiyimiz gündən indiyədək həmişə hərbçilərin fikirlərini dinləyib, rəylərindən bəhrələnmişik. Məsələn, tank və zirehli texnika sahəsində böyük təcrübəsi olan ehtiyatda olan polkovnik Ramiz Məmmədov həm jurnalımızda mütəmadi olaraq yazılarla çıxış edir, həm də onun bilik və təcrübəsindən yararlanmağa çalışırıq. Biz bu insanların bilik və təcrübəsindən fayda qazanırıq. Hansı ki, bunu bizə hər hansı məktəb öyrətmir və öyrədəcəyini də düşünmürəm. Bundan sonra da belə olacaq. Bilməmək eyib deyil, öyrənməmək eyibdir.

-Yeri gəlmişkən, hazırda Qarabağ mövzusunun KİV-də işıqlandırılması ilə bağlı vəziyyət barədə fikriniz necədir? KİV-də bu mövzuya kifayət qədər yer ayrılırmı?

– Qarabağ bizim dövlətin bir nömrəli prioritetidir. Mətbuatımızda da, toplumda da əsas mövzu Qarabağdır. Biz bunu unuda bilmərik.

-Jurnalistlərimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işləri necə qiymətləndirirsiniz?

– Münaqişəni dünyaya çatdırmaq üçün ilk növbədə xarici media ilə, xarici jurnalistlərlə əməkdaşlıq yaratmaq, xarici dillərdə, əsaslı, tutarlı faktları önə çıxarmaqla çıxış etmək lazımdır. Taftalogiyadan uzaq olmalıyıq. Dövlət özü də bu təşəbbüsləri dəstəkləməlidir. Məsələn, KİVDF dəstək verə bilər. Amma KİVDF sabiq direktorunun dövründə heç ölkə daxilində belə ictimai rəyə təsiri olmayan qəzetlərin onlarla belə layihəsini maliyyələşdirib. Qardaş, Azərbaycan xalqı bu münaqişəni uşaqdan böyüyə tarixini yaşayıb və bilir. Dünyaya açılan, dünyanın istinad etdiyi, ciddi qəbul etdiyi, ingiliscə, rusca, ərəbcə və s. dillərdə yayınlanan KİV-ləri dəstəkləmək lazımdır. Yoxsa Biləcəridən o tərəfə keçməyən, pomidor, alma qutusunun altına sərilən qəzetlər hansı fikir formalaşdıra bilər?

-Ölkəmizdə hərbi jurnalistikanın gələcək perspektivlərini necə görürsünüz? Bu sahədəki çatışmazlıqları necə aradan qaldırmaq olar?

– Ümidlərim böyükdür. Məntiqlə yanaşsaq, dünyadakı inkişaf edən tendensiyaları, müasir yenilikləri öyrənib özümüzdə tətbiq etsək, çox şeyə nail ola bilərik. Bir də maliyyə lazımdır. Bu gün Müdafiə Nazirliyi və digər hərbi qurumlar öz profillərinə aid olmayanqəzetlərə yüzlərlə abunə yazılır. Eləcə də Rusiyada və digər ölkələrdən olan qəzet və jurnallara. Hərbi sahədə çıxan yerli mətbuata isə 5-10 ədəd abunə ola ya olmayalar. Yerli müdafiə sənaye müəssisələrimiz Türkiyədəki kimi onun piarını qura biləcək, brendini yaradacaq KİV-lə işləməlidir. Piar və reklam kampaniyaları şəklində dəstək ola bilərlər. Təəssüf ki, belə deyil. Hansısa müəssisədə rəhbərlik dəyişir. Yenisi “məndən əvvəlki bu KİV-lə işləyib. Mənə lazım deyil” məntiqindən çıxış edir, abunələri azaldır və ya ləğv edir. Belə şeylərlə biz son zamanlar daha çox rastlaşırıq. Bu mühitdə nə hərbi, nə də mülki medianın inkişafından danışmaq mümkün deyil. Biz jurnal olaraq, bu cür halları kompensasiya etmək, fəaliyyətimizin dayanıqlılığını təmin etmək üçün xarici şirkətlərin reklamlarına üstünlük veririk.

Bir dəfə Müdafiə Sənayesi Nazirliyinin bir məmuru mənə irad tutmağa çalışdı ki, niyə jurnalınızda ASELSAN şirkətinə bu qədər çox yer ayırırsan. Bizim xəbərləri vermirsən. Mən ona bir misal çəkdim: ASELSAN-ın jurnalımızın bir nömrəsinə verdiyi reklam dəstəyi sizin nazirliyin müəssisələr daxil illik abunəsindən çoxdur. Biz də o şirkətə bu cür geniş yazı haqqı tanımışıq.

Mətbuata yardım fondu kimi deyil, biznes kimi yanaşıram. Rəhmətlik Zərdabi evini-eşiyini satdı. Qəzetini 2 il yaşatdı. Özü də başqasının evində dünyasını dəyişdi. Mən bu gün düşmənlə mübarizə aparmaq istəyirəmsə, eləcə də özümü dünya çapına çıxarmaq istəyirəmsə, bunun üçün ciddi maliyyə lazımdır. Mən jurnalı 270 dollarla yaratmışam. Yazı müsabiqələrindən aldığım qonorarları qoyaraq, eyni zamanda hərbi şirkətlərlə şəxsi əlaqələrimdən istifadə edib, reklamlar cəlb etməklə jurnalı inkişaf etdirdim. Acı da olsa etiraf etməliyəm: 8 ildir kənardan heç bir sponsor dəstəyi olmadan fəaliyyət göstərən jurnalımız son bir ildə üzləşdiyi çətinliklər nəticəsində əməkdaşlarını ixtisar etdi. Sərbəst müəlliflərlə işləyirik. Peşəkar komandamız dağıldı. Bundan sonra nə qədər davam gətirəcəyik, bunu deyə bilmərəm. Mərmisiz, silahsız əsgərdən döyüşməyi tələb etmək və bunu gözləmək məntiqsizlikdir.

-Sonda demək olar ki, bütün yaradıcılığını hərbi jurnalistikaya həsr edən jurnalist Rəşad Süleymanovun bu sahə ilə bağlı gələcək planlarını və arzularını bilmək maraqlı olardı.

-Planım jurnalistikadan getməkdir…

Söhbətləşdi:
Qabil Babayev

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı