CƏMİYYƏT 2021.01.07 17:25

Hərəkat jurnalistlərə müraciət etdi

280

Azərbaycan Vətəndaş Hərəkatının media qurumlarına və müstəqil jurnalistlərə
MÜRACİƏTİ

Hörmətli media mənsubları!

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılmış uğurlu hərbi əməliyyatlar nəticəsində Qarabağ münaqişəsində olduqca vacib Qələbə qazanılmış, 10 noyabr 2020-ci ildə imzalanan Bəyanatla Azərbaycanın ərazi bütövlüyü bir daha rəsmi qaydada təsdiqlənmişdir.

Lakin münaqişənin sülhlə başa çatdırılması yönündə bölgəyə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsindən sonra informasiya savaşının yeni mərhələsi başlanmış, müvəqqəti olaraq sülhməramlıların nəzarətində olan Azərbaycan bölgələrində erməni separatizminə yenidən zəmin yaradan təxribatçı əməllərin törədilməsi halları baş qaldırmışdır. Belə vəziyyətdə Ermənistan, Rusiya və beynəlxalq KİV-lərinin mənsubları olan jurnalistlər Xankəndi, Xocalı, Ağdərə, Əsgəran, Xocavənd bölgələrinə rahat daxil olaraq reportajlar hazırladığı və sülhməramlıların rəhbərliyindən müsahibələr aldığı halda, Azərbaycan jurnalistlərinin xalqa daha dəqiq və obyektiv məlumatlar vermək üçün adıçəkilən bölgələrə gedərək materiallar hazırlaması nədənsə müşahidə olunmur. Yalnız hərbi əməliyyatlar nəticəsində geri alınmış və Bəyanata əsasən Azərbaycana təhvil verilmiş bölgələrdən reportajların hazırlanması haqlı suallar doğurur.

Azərbaycan Vətəndaş Hərəkatı bu həssas dönəmdə xalqın zəruri və obyektiv məlumatlarla təmin olunması, yaranan çoxsaylı suallara dəqiq cavab verilməsinin təmin olunması məqsədilə Azərbaycanın bütün media mənsublarına müraciət edir. Hərəkat olaraq təklif edirik ki, ölkənin taleyüklü məsələlərinin həlli ilə bağlı obyektiv araşdırmalar aparmaq məqsədilə müstəqil jurnalist korpusu yaradılsın, Müdafiə Nazirliyi vasitəsilə akkreditasiya olunub müvafiq qoruma altında Rusiya sülhməramlılarının fəaliyyət göstərdiyi bölgələrimizə getməsi və baş verənlərin yerindəcə aydınlaşdırılaraq Azərbaycan ictimaiyyətinə məlumat verilsin.

AVH bir ictimai hərəkat olaraq bu istiqamətdə atılan addım və təşəbbüslərə dəstək verdiyini, hər cür köməklik göstərəcəyini bəyan edir. Eyni zamanda uyğun qurumların rəhbərliyi və təşkilatçılığı ilə 26 fevral 2021-ci il tarixində Ağdam rayonu ərazisindən Xocalı şəhərinə dinc yürüşün təşkil edilməsini təklif edirik.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması yolunda birgə fəaliyyət göstərməliyik. Ümid edirik ki, bu müraciətdə qeyd olunan məsələlər, müvafiq qurumlar, çoxsaylı jurnalistlər və KİV tərəfindən dəstəklənəcək.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı