BAXIŞ BUCAĞI 2021.02.07 11:14

İctimai nəzarətin təşkili və onun əhəmiyyəti

122

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi

Müasir dünyada inkişaf etmiş dövlətlərdə ictimai nəzarətin təşkili işi ən mühüm məsələlərdən sayılır. Demokratik inkişafın təmin olunması, məmurların fəaliyyətinə xalqın nəzarət etməsi, dövlət büdcəsindən sərf olunan vəsaitin təyinatı üzrə xərclənməsi, korrupsiya və rüşvətin qarşısının alınması üçün ictimai nəzarət çox mühüm əhəmiyyət daşıyır. Bu işdə ictimai təşkilatlar, media, sosial şəbəkə fəalları, ziyalılar, ümumən ictimai fəal əhali çox böyük aktivlik göstərir. Cəmiyyətin, dövlətin durumundan narahat olan, onun taleyini düşünən hər kəs fəal ictimai mövqe nümayiş etdirməyi, hökumətin fəaliyyətinə nəzarət etməyi özünə vətəndaşlıq borcu bilir.

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında vətəndaşları fəallığa səsləyib, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, ictimai nəzarətin daha effektiv və sanballı şəkildə təşkilinin vacibliyi istiqamətində fikirlər söyləyib. Dövlət başçısı bəzi yüksəkrütbəli məmurların əməllərini tənqid edərkən vətəndaşlara müraciət edib, belə hallara qarşı onları da mübarizəyə səsləyib. Bir müddət bundan əvvəl Prezident Admnistrasiyasının şöbə müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev də yerlərdə ictimai nəzarət şuralarının təşkili işində olan problemlərdən bəhs etmişdi. Həqiqətən də bəzi məmurların ictimaiyyətdən gələn tələb və təkliflərə əhəmiyyət verməməsi, dövlət qurumlarına nəzarət etməli olan ictimai şuraların oyuncaq bir təşkilat kimi təsis edilməsi, oradakıların əksəriyyətinin səlahiyyətsizliyi, qorxaqlığı, öz şəxsi mənfəətini güdməsi sonradan çox ciddi problemlərin, neqativ halların yaranmasına səbəb olur.

Bütün bunları önləmək üçün ictimai nəzarət mexanizmləri təkmilləşməli, medianın, sosial şəbəkələrin, aktiv QHT-lərin, vətənpərvər, vicdanlı vətəndaşların imkanlarından yararlanılmalıdır. Hazırda medianın ictimai rəyə təsir gücü internetin və sosial şəbəkələrin hesabına daha da artıb. Məmur özbaşnalığı, vətəndaşın haqqının pozulması, cəmiyyətdəki neqativ hallar media vasitəsilə dərhal ictimailəşir, problem bir çox hallarda həllini tapır. Lakin bunun yetərli olduğunu söyləməyimiz mümkün deyil. Medianın təsir imkanlarının daha da artması üçün burada işıqlandırılan real faktların hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülməsi, həmin qurumun rəhbəri, əməkdaşı barədə operativ addımlar atılması lazımdır. Biz bir sıra hallarda bunu müşahidə edirik. Amma bu addımlar yetərli qədər olmadığı üçün, xüsusən də böyük məbləğdə vəsaitlərin, iri dövlət əmlakının talanmasında rolu olan yüksəkrütbəli məmurlara bir çox hallarda sərt cəzaların verilməməsi, onların taladığı milyonların, milyardların büdcəyə qaytarılmaması haqlı olaraq narazılıq yaradır. Bu çox mühüm amildir. Medianın bu istiqamətdəki fəallığına diqqət yetirilməməsi də onun nüfuzuna zərbə vurur. Məncə gələcəkdə bu amilin aradan qaldırılmasına da çalışmaq lazımdır. Əlbəttə medianın özündə də çoxsaylı problemlər var. Amma bizim mövzumuz hazırda məmur özbaşnalığı, ictimai nəzarət məsələsi olduğu üçün bunun üzərində dayanırıq.

İctimai nəzarətin təşkilində QHT-lərin də çox böyük rolu var. Bu gün QHT-lər ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan dövlətinin ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatında və s. istiqamətdə inkişafında, həyata keçirilən proseslərində çox fəal iştirak edirlər. Ölkənin elə bir sahəsi, elə bir istiqaməti ola bilməz ki, biz orada QHT-lərin, onların təmsilçilərinin iştirakını, fəallığını, onunla bağlı effektiv çalışmalarını, gərəkli məsləhətlərini görməyək. QHT-lərin xüsusən mühüm dövlət proqramlarında fəallığı, ictimai təşkilat təmsilçilərinin burada oynadıqları rol da çox faydalıdır. “Qeyri-hökumət təşkilatı” anlayışının “qeyri-dövlət təşkilatı” olmadığını cəmiyyətə qəbul etdirə bilən aparıcı QHT-lərimiz ictimai nəzarət işində də fəaldırlar. Lakin bu fəaliyyətin həyata keçirilməsində də ciddi nöqsanlar var. Əksər dövlət qurumlarının və məmurların QHT-lərə, onların təmsilçilərinin təkliflərinə biganə münasibəti, əhəmiyyət verməməsi sonradan həmin problemin partlamasına, həmin qurumu, məmuru çətin vəziyyətə salmasına gətirib çıxarır. Prezidentin çağırışına cavab verərək ictimai nəzarətə qoşulan QHT-lər obyektiv olduqda dövlət qurumları tərəfindən “qara siyahıya” salınır, onlara ögey münasibət göstərilir, təklifləri qulaqardına vurulur. Dövlət qurumlarının əksəriyyəti “sözəbaxan” QHT-lərdən, ictimai şəxslərdən ibarət amorf, qorxaq, prinsipsiz İctimai Şura yaradır, nəticə də acınacaqlı olur. Bu vəziyyəti köklü şəkildə dəyişmək üçün formal işlərlə deyil ciddi, faydalı, nəticəli addımlarla məşğul olmaq lazımdır. Əgər vəziyyət düzəlməsə, belə davam etsə cəmiyyətin normal inkişafını, dövlət qurumlarının şəffaf fəaliyyətini görmək hələ uzun illər bizə nəsib olmayacaq.

Sosial şəbəkələr bu gün ictimai nəzarətin həyata keçirilməsində ən mühüm vasitədir. Mən deyərdim ki, sosial şəbəkələr və internet olmasaydı məmur özbaşnalığının qarşısını almaq mümkün olmazdı. Ona görə də ictimai nəzarət prosesinin daha effektiv və səmərəli təşkili üçün sosial şəbəkə fəallarının, bloqqerlərin, yutuberlərin prosesə aktiv cəlb edilməsi lazımdır. Məmurun etdiyi səhv hərəkəti bir andaca bütün hər kəsə duyura bilən fəal bloqqerlər, vətəndaş məsuliyyətini hiss edən şəxslər, xüsusən gənclər bu işdə ciddi töhfə verə bilərlər və günümüzdə də bu töhfələri görə bilirik.

Fikrimizcə medianın, QHT-lərin, sosial şəbəkə fəallarının, aktiv vətəndaşların köməkliyi ilə dövlət başçısının səsinə səs verilməli, həqiqətən də ictimai nəzarət işini yüksək səviyyədə yerinə yetirə biləcək şuralar, qurumlar, əlaqələndirilmiş mərkəzlər yaradılmalı, cəmiyyətimizi düşdüyü korrupsiya və rüşvət bataqlığından, məmur özbaşnalığından çıxartmağa çalışılmalıdır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı