İlk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub

Sentyabrın 15-də paytaxtın ümumi təhsil müəssisələrində ilk dərslər “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub.
Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, tədris olunan dərslər uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, şagirdlərdə Vətənə məhəbbət hissinin daha da artırılması, o cümlədən Azərbaycan ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunmuş torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatlar verilməsi məqsədlərinə xidmət edir.
Dərslər şagirdlərin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Dərsləri tədris edən müəllimlər Ermənistan silahlı birləşmələri tərəfindən dinc əhalinin intensiv atəşə tutulması, Azərbaycan Ordusu tərəfindən düşmən təxribatının qarşısının qəhrəmanlıqla alınması, Lələtəpə əməliyyatında qazanılmış qələbənin tarixi əhəmiyyəti barədə şagirdlərə geniş məlumat veriblər.
Qeyd olunub ki, dinc əhalinin atəşə tutulmasının qarşısının alınmasında və əks-həmlə əməliyyatı ilə strateji əhəmiyyətli mövqelərin əldə olunmasında Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, ordumuzun böyük gücə malik olduğunu sübuta yetirib.
Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin bərpası və yerli əhalinin buraya köçürülməsi ilə başlanan böyük qayıdışın siyasi və sosial mahiyyəti barədə şagirdlərə zəruri məlumatlar çatdırılıb. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımız düşmən işğalından azad ediləcək, üçrəngli bayrağımız Lələtəpə və Talış yüksəkliklərində olduğu kimi, doğma Qarabağımızın hər bir guşəsində dalğalanacaqdır.
Qeyd edək ki, ümumi təhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə və ilk dərslərdə Qarabağ müharibəsi iştirakçıları və əmək veteranları, Cocuq Mərcanlı sakinləri, ədəbiyyat və incəsənət xadimləri, rayon (şəhər) təşkilatlarının rəhbər işçiləri, ictimaiyyətin, eləcə də şəhid ailələrinin nümayəndələri və sabiq məzunlar iştirak ediblər.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here