BAXIŞ BUCAĞI 2020.04.11 10:15

İnvestisiya fondu yaratmaq iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər

138

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru

Azərbaycan Respublikasının Prezidenti, Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Təqdirəlayiq haldır ki, Zirvə görüşü dünyanı sarsıdan pandemiya ilə mübarizə həsr olunmuşdu. Dostluq və qardaşlıq təməlləri üzərində qurulan Türk Şurasının sonuncu – VII Zirvə görüşü Bakıda təşkil olunmuş və sədrlik Azərbaycana keçmişdi. Azərbaycan isə öz növbəsində ötən müddət ərzində təşkilatın dünyada nüfuzunun artırılması, üzv ölkələrin münasibətlərinin sıxlaşdırılması istiqamətində çox mühüm işlər görmüşdü.

Mən bir məqama toxunmaq istəyirəm ki, bunu Prezident İlham Əliyev də toplantıda vurğuladı. Həqiqətən də Türk Şurası dünyada ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində bu ağır bəlaya – COVİD-19-a qarşı Zirvə görüşü keçirdi. Bu təşkilat daxilində üzv ölkələr arasındakı həmrəyliyin bariz göstəricisidir. Çünki Türk Şurası Avropa Birliyi kimi hansısa amorf ideyadan yox ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər üzərində bərqərar olub. Yəni bu birlik təbii bir şəkildə yaranıb və sağlam təməllər üzərindədir. Ona görə də koronavirusla mübarizədə Türk Şurası üzv dövlətləri bir-birinə humanitar yardım göstərdi. Buraya tibbi avadanlığın və maskaların, qoruyucu eynəklərin və əlcəklərin, test dəstlərinin verilməsi, vətəndaşların evakuasiyası və s. daxil edə bilərik.

Toplantının ən mühüm məqamlarından biri hazırkı ağır şəraitdə Türk Şurası üzv dövlətlərinin özlərinə qapanmadığını, digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu qeyd etməsi oldu. Bundan başqa yaranmış situasiya göstərdi ki, Türk Şurası çərçivəsində səhiyyə sahəsində əməkdaşlığı genişləndirmək çox vacibdir.
Sonda qeyd edim ki, pandemiyanın zərbə vurduğu ən mühüm məqamlardan biri iqtisadiyyatla bağlıdır. Ona görə də hesab edirəm ki, Türk Şurasının Bakı Bəyannaməsində əksini tapan birgə investisiya fondu yaratmaq barədə qərarın icrası böhrandan sonrakı dövrdə iqtisadiyyatların bərpasında mühüm rol oynaya bilər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı