ELM VƏ TƏHSİL 2020.06.30 13:33

İş yerini dəyişmək üçün sosial güzəştlərdən istifadə edən müəllimlərin sayı açıqlanıb

36

Bu il yerdəyişmə müsabiqəsi zamanı sosial güzəştlərin nəzərə alındığı müəllimlərin sayı açıqlanıb.

Müəllimlərin yerdəyişməsi müsabiqəsi zamanı hərbçi ailələri, şəhid ailələrinin üzvləri üçün müəyyən güzəştlər tətbiq edilərək onlara üstünlük hüququ verilir.

Bu il şəhid, hərbçi ailəsinin üzvü olduğuna görə imtahan nəticəsi artım əmsalı ilə hesablanmış namizədlərin sayı 119 nəfər olub. Onların 118-i qadın, 1-i kişidir.

Yaşadığı və qeydiyyatda olduğu yerə görə imtahan nəticəsi artım əmsalı ilə hesablanmış namizədlərin sayı 83 nəfər olub. Onların 47-si qadın, 36-sı kişidir.

Ümumilikdə yerdəyişmə müsabiqəsində iştirak edən namizədlərin 6 faizinə şəhid, hərbçi ailəsinin üzvü olduğuna görə, 4 faizinə yaşadığı və qeydiyyatda olduğu yerə görə imtahan nəticəsi artım əmsalı tətbiq edilib.

Bu il iş yerini dəyişən müəllimlərin çoxu qadın olub.

İş yerini dəyişən 1934 nəfər müəllimin 1504-ü (78 faizi) qadın, 430-u (22 faizi) kişi olub.

Xatırladaq ki, müsabiqə zamanı bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalına vurularaq hesablanır.

Əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına vurularaq hesablanır.

Qeyd olunan hallardan hər iki şərti ödəyən namizədlərin topladığı bal ən yüksək artım, yəni 1,1 artım əmsalına vurularaq hesablanır.

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdirilir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı