ELM VƏ TƏHSİL

Jurnalistika ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyənlərin nəzərinə!

219

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində əlli və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq üçün müraciət edə bilərlər. Onlar aprelin 11‑dən 20‑dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) internet saytının müvafiq səhifəsində jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı üçün nəzərdə tutulan bölməyə daxil olub sorğu anketini doldurmaqla qeydiyyatdan keçməlidirlər.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, anketin bütün bəndləri Azərbaycan dilində, yığcam şəkildə doldurulmalıdır. Anketi doldurmaqla qeydiyyatdan keçən bakalavrlar aprelin 22‑dən 25-dək “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməlidirlər. Bakalavrlar aprelin 26-dan 29-dək, vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyətini təsdiqləyən sənədi, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) gətirməlidirlər.

Qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir.

Bakalavrın biletin hər bir bəndi üzrə cavabı beş ballıq şkala üzrə qiymətləndirilir (üç bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə səkkiz və daha çox bal toplayan bakalavrlar imtahandan “məqbul” qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 nömrəli proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı