ƏSAS SƏHİFƏ

Kindsqrab: “Almaniyalı sahibkarlar Azərbaycana daha çox sərmayə yatırmağa başlayıb”

83

Oktyabrın 3-də Bakıda Alman Birliyi Günü münasibətilə Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ziyafət keçirilib.

Ziyafətdə çıxış edən Almaniyanın ölkəmizdəki səfiri Mixael Kindsqrab bildirib ki, 2017-ci il Almaniya və Azərbaycan arasındakı əlaqələr üçün çox uğurlu olub: “Növbəti illərdə də Azərbaycanla çox maraqlı layihələrin həyata keçirilməsi gözlənilir. Almaniya Azərbaycanla əlaqələrini inkişaf etdirmək niyyətindədir”.

Səfir qeyd edib ki, almaniyalı sahibkarlar Azərbaycana daha çox sərmayə yatırmağa başlayıb.

“Azərbaycan Avropanı, o cümlədən Almaniyanı neft və qazla təchiz edir. O, ən vacib beş tərəfdaşdan biridir. Biz ümid edirik ki, bu əlaqələr gələcəkdə də inkişaf edəcək. Almaniya da öz növbəsində Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dəstək verir”, – deyə səfir əlavə edib.

Ziyafətdə çıxış edən, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev əvvəlcə Azərbaycan hökuməti adından Alman xalqını milli bayramı münasibətilə təbrik edib.

Almaniya və Azərbaycan arasında siyasi dialoqun mövcud olduğunu xatırladan nazir müavini deyib ki, Avropa İttifaqı (Aİ) çərçivəsində Almaniya-Azərbaycan təmasları davam etməkdədir: “Almaniyanın ticarət sahəsində zəngin təcrübəsini nəzərə alsaq, hesab edirik ki, bu sahədə də iki ölkə arasında əməkdaşlıq gücləndirilməlidir. Bundan başqa, nəqliyyat sahəsində də əməkdaşlığın gücləndirilməsinə maraqlıyıq. Onu da deyim ki, iki ölkə arasında humanitar, elm-təhsil, mədəniyyət sahəsində də əməkdaşlıq uzun tarixə malikdir”.

Nazir müavini iki ölkə arasında əlaqələrin daha da gücləndiriləcəyinə ümidvar olduğunu ifadə edib: “Bununla da iki ölkə və xalqları arasında yaxın münasibət yaranacaq”.

Qeyd edək ki, Alman Birliyi Günü Almaniyanın milli bayramıdır. Bu bayram 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin rəmzidir.

APA.az

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı