BAXIŞ BUCAĞI 2020.04.18 14:49

KİV-də koronavirus: köhnə problemlər və yeni baxışın vacibliyi

146

Mediada informasiya təhlükəsizliyi məsələsinə daha ciddi yanaşılması, peşəkarlığın və keyfiyyətin artırılması günün tələbinə çevrilib

Azərbaycanın Kütləvi informasiya vasitələri koronavirus pandemiyasının qarşısının alınması tədbirləri çərçivəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Eyni zamanda, bu proses çərçivəsində mediamızdakı çətinlik, çatışmazlıq və problemlər üzə çıxır. Bu hallar isə media ilə bağlı təcili bir sıra vacib addımların atılması zərurətini ortaya qoyur.

Yaradılan şərait, tövsiyə və tələblər

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyası ilə bağlı tətbiq edilən xüsusi karantin rejimində KİV-in fəaliyyətinə məhdudiyyət qoyulmayıb. Operativ Qərargahın müəyyənləşdirdiyi koronavirus infeksiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə KİV-in fəaliyyətinin davam etdirilməsinə icazə verilib. Həmçinin, bildirilib ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən KİV, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. KİV-dən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmək tələb olunub.

Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatlarda qeyd edilib ki, aparıcı, ictimai rəyə təsir göstərən KİV-in mövzuya yanaşması peşəkarlıq standartlarına ümumən cavab versə də, media məkanında koronavirusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə də rast gəlinir. Məlumatlarda bunun peşəkarlıqdan tam uzaq mahiyyəti vurğulanıb, KİV-lər belə durumlarda həssaslıq, soyuqqanlılıq nümayişinə çağırılıb. Mətbuat Şurası koronavirus epidemiyasına qarşı bütün ölkə miqyasında genişmiqyaslı tədbirlərin gerçəkləşdirildiyi hazırkı vəziyyətdə bir daha bildirib ki, medianın prosesə ən böyük töhfəsi peşəkarlıqdır. Peşəkarlıq rəsmi qurumların məlumatlarına istinad, müxtəlif yollarla əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaqdır.
Həmçinin, bildirilib ki, Operativ Qərargahın məlumatından da göründüyü kimi, koronavirusla bağlı xəbər olaraq yayılmış materiallar ciddi şəkildə diqqətdə saxlanılır və saxlanılacaq. Buna görə də Şura KİV-i rəsmi mənbəyi olmayan, hansısa söz-söhbətlərə, dedi-qodulara söykənmiş bilgilərin təqdimatından uzaq durmağa çağırıb. Bildirilib ki, jurnalistlər nəzərə almalıdırlar ki, indiki şəraitdə cəmiyyət üçün həssas olan mövzunun işıqlandırılmasında obyektivlik nümayişi, tələskənliyə yol verməmək, yalnız həqiqətləri qələmə almaq nəinki peşə, eyni zamanda vətənpərvərlik borcudur. Bu məsuliyyəti hər bir media təmsilçisi əməli fəaliyyət prioritetinə çevirməlidir.

Qaydalara laqeydlik və qeyri-peşəkarlıq

Ümumilikdə, Azərbaycan mediası koronavirusla mübarizə tədbirlərinin başlandığı ilk gündən bu məsələni gündəm edib. Pandemiya ilə bağlı üzərinə düşən missiyanı yerinə yetirərək əhalinin maarifləndirilməsində böyük rol oynayır. Jurnalistlər iş başında olaraq, həyatlarını riskə atırlar.
Bununla yanaşı, müvafiq qurunların tövsiyə və xəbərdarlıqlarına baxmayaraq, Mətbuat Şurasının məlumatında qeyd edildiyi kimi ötən günlər media məkanında koronavirusla bağlı təşviş, qorxu, həyəcan yaradan çoxsaylı əsassız mülahizələrə yol verilib. Həmçinin, karantin rejimindən sui-istifadə edən media qurumlarına və nümayəndələrinə rast gəlinib.
Belə ki, koronavirusla bağlı təsdiqlənməmiş məlumatlar əsasən internet resursları vasitəsilə yayımlanır. Bu məlumatların bir hissəsinin qəsdən, ictimaiyyəti çaşdırmaq üçün yayıldığı şübhəsizdir.
Karantin rejimindən sui-istifadə edənlər isə əsasən “reket jurnalistikası”nın təmsilçiləridir. Təsadüfi deyil ki, bu dövrdə vətəndaşlara saxta arayışlar verən bir neçə bu tip “jurnalist” tutulub. Bu hal isə əvvəlcədən gözlənilən idi. Necə ki, Operativ Qərargah tərəfindən karantin rejimində KİV-in sərbəst fəaliyyətinin davam etdirilməsinə icazə verildiyi ilk günlərdə jurnalist Nicat Sadıqlı özünün Feysbuk səhifəsində bu məsələyə “Nəşriyyatdakı “korrupsiya ilə mübarizədə pırt”, “ədalət naminə zırt” qəzetlərinə də sərbəstlik veriləcək?))” deyə ironiyalı münasibət bildirmişdi. Bundan başqa, bəzi televiziya və radiolarda koronavirusa aid eyni məsələ ilə bağlı fərqli fikirlərin səsləndirilməsi ictimaiyyəti çaşdırıb. Məsələn, televiziya və ya radioda çıxış edən ekspertlərdən biri vətəndaşların qoruyucu maskadan istifadə etməsinin vacib olduğunu bildirdiyi halda, digəri bunun önəmli olmadığını deyir. Sonra isə müxbir küçələrdə hərəkət edən vətəndaşlardan qoruyucu maskadan istifadə etməməsinin səbəbini soruşur. Yaxud vətəndaşlar arasında sosial məsafənin saxlanılmasının və maskadan istifadənin vacibliyinə dair süjet hazırlayan müxbir maskadan yararlanmır və müsahibdən 30-50 santimetr aralıda dayanır və s.

Təsadüfi deyil ki, Azərbaycan Mətbuat Şurası tərəfindən “Koronavirus:xüsusi karantin rejimində medianın fəaliyyəti” mövzusunda keçirilən onlayn konfransda Mətbu Şurası İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, bəzi telekanallarda pandemiya təhlükəsini, “evdə qal” çağırışını əsaslandırmaq üçün seçilmiş forma və metodlar qıcıq doğurur. Belə qeyri-peşəkarlıqlar diqqətə çatdırılmalıdır və onlara qarşı ictimai qınaq artırılmalıdır.

İnformasiya təhlükəsizliyi və həlli vacib məsələlər

İlk baxışdan sadalanan və sadalanmayan bu tip çatışmazlıq və problemlər adi qarşılana bilər. Çünki pandemiya şəraitində fəaliyyət göstərmək mediamız üçün bir ilk idi. Lakin nəzərə alaq ki, bu dövrdə KİV-lə bağlı ortaya çıxan çatışmazlıq və problemlərin əksəriyyəti əvvəl də var idi. Pandemiya şəraitində isə həmin məsələlər daha qabarıq göründü. Məsələn, jurnalist adından sui-istifadə, qeyri-peşəkarlıq və s.
Təsadüfi deyil ki, 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı da ictimaiyyəti çaşdıra bilən dəqiqləşdirilməmiş məlumatların yayılması və digər bu kimi hallar ortaya çıxmışdı.

Ekspertlər hesab edirlər ki, KİV-dəki mövcud çatışmazlıq və problemlər bu sahəyə yeni baxışla yanaşılmasını tələb edir. KİV-də işin tez bir zamanda daha peşəkar qurulmasını zəruri edir. Məsələn, Milli Məclisin deputatı, “Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev Mətbuat Şurası tərəfindən “Koronavirus:xüsusi karantin rejimində medianın fəaliyyəti” mövzusunda keçirilən onlayn konfransda bildirib ki, peşəkar media fəaliyyəti dezinformasiyaların qarşısının alınması, mümkün təşvişlərdən qorunması deməkdir. Bu isə ümumən ölkənin təhlükəsizliyi baxımdan son dərəcə böyük önəm daşımaqdadır.

Dialoq.info saytının və “Yeni kanal” internet televiziyasının rəhbəri Mübariz Göyüşlü isə “Koronavirus və Azərbaycan mediası” adlı məqaləsində bildirib ki, yaranmış durum saytların önəmini artırıb. Ən çox isə sosial şəbəkələrin imkanlarını genişləndirib:”Fikrimcə aidiyyatı qurumlar, şəxslər bu məqamlara diqqət verməli, gələcək plan və çalışmalarında, təbliğat və informasiya təhlükəsizliyi çalışmalarında bu gerçəklikləri nəzərə almalıdırlar” deyə o, vurğulayıb.

Göründüyü kimi, KİV-də informasiya təhlükəsizliyi məsələsinə daha ciddi yanaşılması, peşəkarlığın və keyfiyyətin artırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi günün tələbinə çevrilib.

Qabil Babayev

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı