BAXIŞ BUCAĞI 2020.08.09 21:55

Koronavirus məktəblidən daha kiçikdir

991

Məktəblər bağlansa da, şagirdlər təhsildən kənarda qalmamalıdır

COVİD-19 pandemiyası ilə bağlı şagirdlərə məktəbdə sinif otağı şəraitində dərs keçilməsi mümkün olmasa da, digər mümkün variantlardan istifadə etməklə müəllimlər onların plan üzrə təhsil almasını davam etdirməlidirlər. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 263 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aysən Bəxtiyarova bildirib ki, koronavisla əlaqədar məktəblər bağlandığı gündən bu prinsiplə hərəkət edir. Şagirdlərini bir gün də boş buraxmayıb. Məqsəd isə pandemiya dövründə məktəblilərin təhsildən kənarda qalmasına yol verməməkdir.

İlk xəbər və psixoloji hazırlıq

A.Bəxtiyarova deyir ki, COVİD-19 pandemiyası ilə bağlı məktəblərin bağlanacağına dair xəbəri aldıqda, ilk ağlına gələn fikir şagirdləri bu mərhələyə hazırlamaq olub. Eyni zamanda, onların dərslərini davam etdirməsi imkanlarını nəzərdən keçirib və buna uyğun plan üzrə iş görüb. “Şagirdlərə məktəblərin bağlanmasının səbəbini açıqlayarkən bunun qorxulu bir halla bağlı olmadığını dedim. Tarixə nəzər saldım. Keçmişdə baş vermiş buna bənzər hadisələri sadaladım. Zaman-zaman yer kürəsində belə hallara rast gəlindiyini söylədim. Həmçinin bildirdim ki, COVİD-19 pandemiyasından özümüzü qorumalıyıq. Bu çərçivədə məktəblərin də müvəqqəti olaraq bağlanması məqsədəuyğundur. Onlara ev şəraitində qalmağı və müvafiq qurumlar tərəfindən qoyulan tələblərə əməl olunmasını tövsiyə etdim. Eləcə də dərslərinə diqqətlə yanaşmağı tapşırdım və mənim tərəfimdən dərslərin davam edəcəyini dedim.”

Plan üzrə iş və “nəfəssiz dərs”

A.Bəxtiyarova bildirir ki, məktəblərin bağlandığı ilk günlərdə məktəb şəraiti və şagirdləri üçün çox darıxıb. Amma şagirlərinə olan məhəbbəti onu tez bir zamanda yeni metod seçməyə həvəsləndirib. “Hələ məktəb bağlanarkən valideynlərə bildirmişdim ki, dərsləri davam etdirəcəyəm. İlk günlərdə tapşırıqları sinfimdə olan şagirdlərin valideynlərinə votsap vasitəsilə çatdırdım. Həmin metodla da tapşırıqların cavablarını aldım və qiymətləndirmə apardım. Qiymətləndirməni təkrar valideynlərə çatdırdım. Lakin az sonra bu prosesi Zomm proqramı vasitəsilə həyata keçirməyə başladım. Bu metodun daha effektli olduğunu gördüm” deyə o, bildirib.
Müəllim həmçinin deyib ki, dərslər effektli keçsə də, məsafəli dərs prosesi onu bir qədər darıxdırıb. Bunun başlıca səbəbi isə şagirdlərlə birbaşa ünsiyyətdə olmaması olub:”Mən şagirdlərimi övladlarım qədər sevirəm. Məktəb şəraitində hər gün onları görürdüm, birbaşa ünsiyyətdə olurdum. Məktəblər bağlanandan sonra isə bu imkanlar olmadı. Ona görə də övladlarım qədər sevdiyim şagirdlər üçün darıxmağa başladım”

Bu günün dərsi və gələcəyə ümid

A.Bəxtiyarova deyib ki, 2019-2020-ci tədris ilini plan üzrə başa çatdırıb. Şagirdlərə yay tapşırıqlarını da verib, tez-tez onlarla əlaqə saxlayır. Hazırda isə məktəblərin açılacağı günü gözləyir:”Bu günlərdə mətbuatdan oxudum ki, orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Bu xəbər məni çox sevindirdi. Arzu edirəm ki, məktəblər tezliklə açılsın. Ümumiyyətlə, COVİD-19 pandemiyası tez bir zamanda yox olsun”
A.Bəxtiyarova deyib ki, mövcud epidemik vəziyyət müəllimlərə tədrisin yeni metodlar əsasında təşkilinə hazır olmağı öyrədib:“Təhsil millətin gələcəyidir. Buna görə də müəllimlər istənilən çətinliyə hazır olmalıdırlar. Onların üzərində böyük məsuliyyət var. Məktəbliləri heç bir halda təhsilsiz qoymaq olmaz. Əgər biz hər hansı bir səbəbdən məktəbliləri təhsildən kənarda saxlasaq, bunu tarix bizə bağışlamaz. Doğrudur ötən müddətdə Təhsil Nazirliyi tərəfindən bu sahədə əsaslı işlər görüldü. Mədəniyyət kanalında məktəblilər üçün xüsusi dərslər təşkil edildi. Bununla yanaşı, hər bir müəllim də bu məsələdə üzərinə düşən vəzifəni yerinə yetirməlidir”
Müəllim həmçinin bildirib ki, məsafəli dərslərdə şagirdlərə bütün çətinliklərə baxmayaraq, daim təhsil almağı aşılayıb:”Deyirdim ki, yer kürəsi, insanlar hər an hansısa bir təhlükə ilə qarşılaşa bilər. Bu təhlükələrin qarşısını isə yalnız savadlı, bilikli, bacarıqlı insanlar ala bilər. Həmin insanlar isə onların, yəni bu günün şagirdlərinin arasındadır”
A.Bəxtiyarova deyib ki, bir gün dərsin boş buraxılması şagirdin digər dərsləri qavramasına təsir göstərə bilir. Ona görə də hər bir müəllim çalışmalıdır ki, dərsləri sistemli şəkildə təşkil etsin. COVİD-19 bu gün ölkə iqtisadiyyatının inkişafına mənfi təsir göstərsə də, gələcəyimizə, gələcəyimizin təminatçıları olan bu günün məktəblilərinə mənfi təsir göstərməsin. “Virus çox kiçik, biz isə böyük və güclüyük!” deyə A.Bəxtiyarova vurğulayıb.

Əli Bəxtiyarov

Yazı “Nar” və TƏBİB-in birgə təşkilatçılığı ilə keçirilən “Günün Qəhrəmanları” yazı müsabiqəsinə təqdim edilmək üçün hazırlanıb

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı