BAXIŞ BUCAĞI 2020.04.06 14:58

Koronavirus və Azərbaycan mediası

215

Azərbaycanda koronavirus pandemiyasının yayılması, buna görə karantin rejiminin tətbiq olunması bizi bir sıra gerçəkliklərlə üz-üzə qoydu. Bunlardan biri də ölkəmizin mediası ilə bağlıdır. Müşahidələrimi sizinlə blüşürəm və sizlərin də buna qarşılıq olaraq yazacağı fikirlər mənim üçün çox önəmlidir.

Ən ağır olan gerçəklik budur ki, karantin və koronavirus sərt zərbəni mətbuata (qəzet, jurnal) vurdu. Onsuz da qəzet və jurnalların oxucusu demək olar ki çox az idi. Yaranmış durum isə onların çapına və oxucu sayına daha da mənfi yöndə təsir etdi. Cəmiyyət karantin dövründə informasiyanı bu mediadan ala bilmədiyi üçün hansı qəzetin (yaxud jurnalın) çap olunub-olunmaması ilə nəinki maraqlanmadı, heç bu barədə düşünmədi də. Bu o deməkdir ki, koronavirusdan sonra cəmiyyətin informasiya tələbatını ödəyə bilməyən qəzetlərin və jurnalların durumu daha da ağırlaşa, onların əksəriyyəti sıradan çıxa bilər.

Karantin dönəmində, insanların evdə oturduğu zamanda televiziya və radiolarımızın özünə geniş auditoriya toplamaq imkanı əldən verilməkdədir. Cəmiyyətin maraqlarını ifadə edə biləcək xəbərlər və verlişlər təqdim edə bilməyən (kiçik istisnalarla) TV-lər və radiolar nəinki yeni auditoriya qazana bilmədilər, hətta əvvəlki tamaşaçı və dinləyicilərini də itirmək durumuna gəldilər. Üstəlik səviyyəsiz və şit müğənnilərlə, cəmiyyətdə hörməti olmayan şəxslərlə koronavirus əleyhinə təbliğat aparmaq cəhdləri onların öz əleyhinə işlədi, insanlar daha da narazı qaldılar. Məncə bu durumdan nəticə çıxarıb fərqli təbliğat metodları və variantlarına üstünlük vermək lazımdır.

Yaranmış durum saytların önəmini artırdı. Xəbər ötürən də, xəbər alan da etibarlı informasiya yayan saytlar vasitəsilə məlumatlnmağa üstünlük verdi. Gələcəkdə bu prosesin daha da genişlənəcəyini də söyləmək olar. Nəzərə alsaq ki, koronavirus internetin daha da geniş şəkildə tətbiqinə dünyanı məcbur etdi, saytların qarşısında geniş imkanların açılacağını düşünmək olar.

Hazırkı situasiya ən çox sosial şəbəkələrin – youtube, instaqram, facebook və s. imkanlarını genişlətdi. Düzdür burada fake xəbərlərin yayılma ehtimalı digərlərinə nisbətdə daha çoxdur. Amma hər kəs etiraf edər ki, artıq insanların çox böyük əksəriyyəti məlumatları sosial şəbəkələr vasitəsilə alır. Hətta ən güclü saytlar belə xəbərlərini sosial şəbəkələr vasitəsilə yaymağa məcburdur. Əks təqdirdə çox böyük oxucu auditoriyası itirməklə üz-üzə qala bilər. Ənənəvi televiziyalarda axtardığı xəbəri tapmayan insanlar YouTube sosial şəbəkə platformasına yönəlməkdədir.

Mübariz Göyüşlü
Müasir İnkişaf Birliyinin sədri,
Dialoq.info saytının baş redaktoru

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı