BAXIŞ BUCAĞI 2020.01.28 12:03

Mənim tanıdığım Kamil Seyidov

360

Kamil Seyidovu 1997-ci ildən tanıyıram. Bu iki onillikdən artıq ötən müddət onu yaxından tanımaq üçün kifayət qədər imkan verir. O zamanlar Gənclər və İdman Nazirliyində çalışırdı. Ona qədər də doğulub boya-başa çatdığı Saatlı rayonunda işləmişdi. İstər o zaman çalışdığı nazirlikdə, istərsə də ondan əvvəl fəaliyyət göstərdiyi Saatlı rayonunda kifayət qədər hörmət qazanmışdı. O, bu hörməti təkcə işgüzarlığı ilə əldə etməmişdi. Ona hörmət gətirən digər amil prinsipiallığı, məhz əqidəsinə görə çətin dönəm yaşasa da, öz əqidəsinə sadiqliyi və hər kəsin gözünün içinə dik baxa biləcək həyat yolu keçməsi idi. Ötən müddət ərzində onunla çox görüşlərimiz oldu. Zaman keçdikcə bir-birimizə doğmalaşdıq. 2003-cü ildə Salyanda, doğulub boya-başa çatdığım kəndimizdə keçirilən toyumda iştirak etdi. Mən də sonralar onun övladının toyunda iştirak etdim. Ayrı-ayrı zamanlarda görüşüb hansısa məsələni müzakirə etdiyimiz də oldu, məndən daha təcrübəli və məsələlərə daha praqmatik yanaşması ilə seçilən dostumu saatlarla dinlədiyim də.

Kamil müəllim politoloqdur. Bu sahədə ölkədə sayılıb-seçilən aydınlardan biridir. 2001-ci ildə onun təşəbbüsü və rəhbərliyi ilə iqtidaryönümlü Azad Respublikaçılar Partiyasını yarandı. Partiyanın yaranması və təsis olunmasına qədər çəkdiyi əziyyətlərin və keçirdiyi həyəcanların şahidiyəm. Partiya hansı ali məqsədlər niyyəti ilə yaranmışdısa, bu gün də həmin qarşıya qoyduğu məqsədlərə sadiqdir. Kamil Seyidov şəxsiyyətini yaxından tanıdığım üçün əminliklə deyə bilərəm ki, ölkədə hansı şəraitin, hansı siyasi düşüncənin hakim olmasından asılı olmayaraq, o, 10 ildən, 20 ildən sonra da öz əqidəsinə sadiq qalacaq, inandığı, doğru bildiyi yolda yürüməyə davam edəcək. Bu gün dərs dediyi Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında da proqramda nəzərdə tutulan mövzularla bərabər o, məhz şəxsiyyət və əqidə bütövlüyü aşılayır gənclərə.

Kamil müəllim elinə-obasına çox bağlı insandır. Harda və hansı görəvdə olmasından asılı olmayaraq, tez-tez el-obasına baş çəkir, sadə insanlarla görüşür, onların qayğılarını öz dillərindən eşidir. Bu baxımdan 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində onun məhz doğulub boya-başa çatdığı Saatlı rayonundan namizəd olması heç də təsadüfi deyil. Buradan Milli Məclis üzvlüyünə namizəd olması təkcə onun istəyi deyil. Bu, bir sosial sifariş olmaqla bərabər həm də tarixi zərurətdir. Çağımızın ictimai-siyasi və sosial ab-havası tələb edir ki, hər bir bölgəni həmin bölgədə doğulan, orada böyüyən aydınlar təmsil etsin. Belə olduqda seçilən daha fəal olur, seçən daha çox qazanır. Axı, Saatlının hansı qayğılarla yaşadığını, buranın təsərrüfat, mədəniyyət, təhsil və digər sahələri ilə bağlı hansı problemlərinin olduğunu Kamil müəllimdən yaxşı kim bilər? Bu problemlərin həlli yollarını da ondan daha yaxşı bilən və üstəlik bu problemlərin gerçəkdən həll olunmasını ondan daha çox istəyən birinin olduğunu təsəvvür etmirəm.

Məncə bütün bunları zəhmətkeş Saatlı seçiciləri də düşünmüş, şanslarını dəyərləndirmiş və artıq öz düzgün seçimlərini etmişlər. Bu düzgün seçim isə məhz Kamil Seyidovdur. Belə şans isə bir də 5 ildən sonra ələ düşəcək.

Namiq Hacıheydərli

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı