BAXIŞ BUCAĞI 2020.03.13 13:05

Mətbuatda inkişaf: artan peşəkarlıq, dəyişən sərlövhə və manşetlər

267

Əldə olunan nəticələr yeni hədəflərə yol açır

144 illik tarixi olan Azərbaycan mətbuatı növbəti inkişaf mərhələsində daha peşəkar şəkildə formalaşır. İfrat siyasiləşmədən uzaqlaşmaqda olan milli mətbuatda jurnalistika prinsipləri ön plana keçir. Mütəxəssislərin fikrincə, bu hal ölkədə müstəqil mətbuatın əhatə dairəsinin genişləndiyini göstərir. Müstəqil mətbuat isə ölkədə demokratik dəyərlərin artmasının göstəricisi kimi qiymətləndirilir. Həmçinin, bu sahədə yaranmış vəziyyət yeni hədəflərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan verir.

Ötən dövr və ziddiyyətli məqamlar

Milli mətbuat tarixində Azərbaycanın yenidən müstəqil olduğu dövrdən başlanan yeni mərhələ son illər peşəkarlığın artması baxımından diqqəti cəlb edir. Belə ki, tarixə nəzər salsaq görərik ki, sonuncuyadək milli mətbuat əsasən 3 inkişaf mərhələsini keçib. Bu mərhələlər böyük mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən 1875-ci ildə əsası qoyulan “Əkinçi” qəzetinin nəşrindən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına qədər olan, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi və Sovet Sosialist Respublikalar İttifaqının mövcud olduğu dövrləri əhatə edir. Şübhəsiz ki, bu mərhələlərin hər biri milli mətbuatın daha da təkmilləşməsində böyük rol oynayıb.

Göründüyü kimi, milli mətbuat tarixində sonuncu əsas mərhələ Azərbaycanın yenidən müstəqillik qazanması, demokratik inkişaf yolunu seçməsi ilə başlayıb. Bu dövrdə demokratik prinsiplərin əhatə edilməsində əsas vasitə olan mətbuatın inkişafı istiqamətində mühüm qərarlar verilib. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda senzura tamamilə ləğv edilib. Ölkədə mətbuat sahəsində müstəqil fəaliyyət göstərmək üçün şərait yaranıb.

Lakin müstəqilliyin ötən dövründə bəzi ifrat siyasiləşmiş qəzetlərdə qərəzsizlik, obyektivlik və vicdanlılıq prinsiplərinə əməl olunmayıb. Müxtəlif dairələrin təsiri altına düşən jurnalistlər tərəfindən jurnalistikanın prinsipləri mütəmadi olaraq pozulub, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunulub. Hətta dövlətçilik maraqlarına və milli mənafelərə zidd olan məqalələrə rast gəlinib. Bütün bunlar həm də mətbuatın inkişafına mənfi təsir göstərib. Dəqiq olmayan, qərəzli məlumatların qəzetlərdə dərc edilməsi mətbuatın ciddiliyinə inamı azaldıb, həmçinin, peşəkarların bu sahədən uzaqlaşmasına səbəb olub. Təsadüfi deyil ki, əvvəllər müəyyən qəzetlərdə dəfələrlə hansısa məmurun işdən çıxarılmasına dair məlumat yayılırdı. Lakin həmin məmur işdən kənarlaşdırılmamış qalırdı. Eləcə də adının açıqlanmasını istəməyən jurnalistin bildirdiyinə görə, əvvəllər çalışdığı qəzetdə fakt olmadan, özünün şəxsi təxəyyülü əsasında çox sayda məlumat yazıb. Bəzən belə məlumatların sərlövhələri qəzetin manşetinə verilib.

Dövlət qayğısı və artan peşəkarlıq

Müşahidələr göstərir ki, son illər Azərbaycanda ictimaiyyət arasında tanınan mətbuat vasitələrində qeyri obyektiv, qərəzli məlumatların sayı azalıb. Milli mətbuatda peşəkarlıq artır. Bu amili elə qəzetlərin sərlövhə və manşetlərində də görmək mümkündür. Mətbuatın jurnalistika prinsipləri çərçivəsində düzgün istiqamətdə inkişafı isə ilk növbədə dövlətin bu sahəyə olan diqqət və qayğısı ilə əlaqələndirilir. Məsələn, media məsələləri üzrə ekspert, əməkdar jurnalist Azər Həsrət KİV-ə açıqlamasında bildirib ki, ölkədə mətbuatın inkişafı istiqamətində məqsədyönlü tədbirlər görülür: “Prezident İlham Əliyev söz və fikir azadlığına, mətbuatın inkişafına, bu sahədə yaranan problemlərin həllinə daim xüsusi diqqət, qayğı göstərir. Məhz bu diqqət və qayğıdan irəli gəlir ki, hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları fəaliyyət göstərir, onlar vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayır. Mətbuatın, eləcə də digər media vasitələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan addımlar isə ölkəmizdə Kütləvi İnformasiya Vasitələrinin müstəqilliyini daha möhkəm özüllər üzərində bərqərar edir. Real həqiqətdir ki, Azərbaycan dövlətinin artan imkanları milli mətbuatın inkişafı yolunda çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə geniş şərait yaradıb. Hazırda mətbuatda müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdən biridir”.

Qeyri-peşəkarlarla mübarizə

Azərbaycan mətbuatının jurnalistika prinsipləri çərçivəsində inkişafı sürətlənsə də, “reket jurnalistikası”nın və sosial şəbəkələrin bu sahəyə təsiri danılmazdır. Şübhəsiz ki, əsasən qeyri-peşəkarlar tərəfindən yaradılan “reket nəşrlər”də jurnalistika prinsipləri, peşəkarlıq məsələsi demək olar ki, nəzərə alınmır. Eləcə də bəzən sosial şəbəkələrdə qeyri-peşəkar formada hazırlanmış məlumatlar yayımlanır ki, bəzən bunlar da “mətbuatın məhsulu” kimi təqdim olunur. Şübhəsiz ki, bu sahədə müvafiq işlərin aparılması mətbuatın inkişafına mənfi təsir edən belə amillərin tədricən aradan qalxacağına inamı artırır. Məsələn, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov KİV-ə açıqlamasında reket jurnalistikasına qarşı daim mübarizə aparıldığını və bu işə kompleks yanaşmanın həyata keçiriləcəyini deyib: “Mətbuat Şurası yarandığı gündən «reket jurnalistika»ya qarşı mübarizə aparmaqdadır. 2010-cu ilədək bu mübarizənin effekti daha çox görünürdü. 2010-cu ildən sonra yeni mənzərənin şahidi olduq. Səbəb internet mediadır. Əvvəla bir sıra neqativ ünsürlər «fəaliyyətlərini» internet media üzərinə keçiriblər. Digər tərəfdən, sahənin belə demək mümkünsə, ələçatımlılığı başqalarını da həvəsləndirir. Nəticədə faktiki olaraq 2010-cu ilədək əldə etdiyimiz pozitiv meyllərin müəyyən mənada sıradan çıxdığını gördük. Hesab edirəm ki, «reket jurnalistika»nın kökünün tam kəsilməməsinin bir, özü də obyektiv səbəbi budur. İkinci səbəb də obyektivdir. Mübarizədə konkret hüquqi mexanizmlər mövcud deyil. Bir qədər öncə Mətbuat Şurası haqqında qanunun vacibliyini təsadüfən vurğulamadım. Qanun sahəyə kompleks yanaşmanı həyata keçirəcək. Təbii ki, məsuliyyət yaradacaq. İndiki məqamda vəziyyətdən ən optimal çıxış yolu budur”.

Jurnalistikaya maraq

Məlumdur ki, keyfiyyətin artmasını şərtləndirən amillərdən biri də peşəkar kadr məsələsidir. Xüsusilə sosial şəbəkənin imkanlarının artdığı və yazılı mətbuatın internet mediası ilə rəqabət apardığı hazırkı dövrdə bu məsələ daha qabarıq şəkildə özünü biruzə verir. Lakin araşdırmalar göstərir ki, hazırda jurnalistika təhsili alıb istehsalata gedənlərin bir qismi ciddi çətinliklərlə üzləşirlər. Bu ilk növbədə tədrisin praktika ilə əlaqəsinin və ixtisaslaşmanın zəif olması və digər bu kimi məsələlərlə bağlıdır. Həmçinin, jurnalistika fakültəsində təhsil alan tələbələrin bir qismi bu ixtisasa sevgi ilə yanaşmır. Bu isə təsadüfi adamların jurnalistika fakültəsinə qəbul olunması ilə bağlıdır. Amma mütəxəssislər hesab edirlər ki, mövcud problemlərin həlli istiqamətində tədbirlərin görülməsi, mətbuatın nüfuzunun artması, bu sahəyə inamın yüksəlməsi ixtisaslı jurnalistlərin mətbuatda çalışmasını sürətləndirəcək. Bu isə mətbuatdakı qeyri-peşəkarların və onlara məxsus resursların sıradan çıxmasına səbəb olacaq.

Məqsədyönlü iş və yeni hədəflər

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistləri köməkçiləri hesab edir. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da “Media ictimaiyyətinin nümayəndələri olaraq bizlər Prezidentin köməkçiləriyik. Köməyimiz təkliflər vermək, onların həyata vəsiqə qazanmasına dəstək göstərməkdir. Nə dərəcədə dəstəkləmişik, məsələ üzərində dayanmaq olar. Uğurlar kifayət qədərdir. Nöqsan və çatışmazlıqlar da yetərincədir” deyir.

Müşahidələr də göstərir ki, çatışmazlıqlara baxmayaraq, Azərbaycan mətbuatı getdikcə peşəkar jurnalistika prinsiplərinə daha çox yaxınlaşır. Həmçinin, daha da saflaşır və təkmilləşir. Bütün bunlar isə cəmiyyətin qərəzsiz, obyektiv və vicdanlı informasiya ilə təminatına, demokratik mühitin formalaşmasına xidmət edir.
Eyni zamanda, hazırda cəmiyyətdə mətbuatın təkcə rolu deyil, sosial öhdəlikləri və məsuliyyəti də artıb. İctimaiyyət ölkənin taleyüklü məsələlərə münasibətdə mətbuat nümayəndələrindən daha çox prinsipiallıq, vətəndaş mövqeyi, milli təssübkeşlik nümayiş olunmasını istəyir.

Hazırda milli mətbuatın qarşısında duran və daha peşəkar yanaşma ilə yerinə yetirilməli olan məsələlərdən biri də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır. Dialoq.info saytının, Dialoq Tv və Yeni Kanal internet televiziyalarının baş redaktoru Mübariz Göyüşlü hesab edir ki, hazırda bu istiqamətdə müəyyən işlər aparılır. Amma bu sahədə daha məqsədyönlü və real işlərin həyata keçirilməsinə ehtiyac var: “Hesab edirəm ki, bu iş Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə birlikdə görülməlidir. Eləcə də ölkə daxilində tamamilə bu istiqamətə yönləndirilmiş media qurumları yaradılmalıdır”.

Göründüyü kimi, mətbuat sahəsində əldə olunan irəliləyişlərə baxmayaq, çatışmazlıq, çətinlik və həyata keçirilməli olan işlər də də kifayət qədərdir. Qarşıda duran işlərin, tələblərin öhdəsindən isə yalnız peşəkarlar gələ bilər.

Qabil Babayev

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı