CƏMİYYƏT 2020.09.21 10:00

Masazır kəndində yerləşən Duz gölünün vəziyyəti nəzarətdədir

26

Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələri Masazır kəndində yerləşən Duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerində tanış olmaq məqsədilə əraziyə gələrək gölün ətrafına baxış keçiriblər.

Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən Duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Prezidenti İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə uzunluğu 14,6 kilometr olan müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin verdiyi layihə əsasında podratçı “ArchiCo” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilib.

Monitorinq zamanı bildirilib ki, verilmiş layihəyə uyğun xətt çəkilişi işləri normal qaydada başa çatdırılaraq 2019-cu ilin iyulun 11-də “Azərsu” ASC-yə təhvil verilib. Lakin layihə Duz gölünə axıdılan çirkab suları tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları, eləcə də ətraf ərazilərdən buraya axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır.

Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci ilin may ayında məktubla “Azərsu” ASC-yə müraciət edilib.

Masazır Duz gölünün çirkab suları və digər tullantılar ilə çirklənməsi səbəbindən “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən sentyabrın 18-də də əraziyə baxış keçirilib.

Rayon rəhbərliyi Abşeron Sukanal İdarəsinin əməkdaşları ilə əraziyə baxış keçirdikdən sonra gölün çirkab suları və digər tullantılar ilə çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri təhlil edilib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsədəuyğun hesab edilib.

Məsələnin həlli Abşeron Rayon İcra Hakimiyyətinin nəzarətindədir.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı