CƏMİYYƏT 2020.11.08 13:30

MEK-də 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə sərgi təşkil edilib

62

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərgi salonunda 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə sərgi təşkil edilib

Sərgidə kitabxananın fondlarında qorunan “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” (T.Əfəndiyev), “Qayıdış 1990-1993” (V.Talıbov), “Ulu öndər Heydər Əliyev”, “Qurtuluş”, “Haydar Aliyev ve Azerbeycanın Yükselişi, Çöküşü ve Yeniden Yükselişi” (Graeme H.Wilson), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunan trilogiya – “Fateh”, “Fəthin yolu” və “Ümid qapısı” kitabları, həmçinin, “Azərbaycan Respublikasının dövlət rəmzləri” (İ.Əliyev, E.Məhərrəmov), “Bayrağımız sarsılmaz” (Ü.Hacıbəyli), “Milli Birlik”, “Dövlət bayrağına münasibət qaydası” (Ə.Əhmədov), “Milli mənəvi dəyərlərimiz”, “Azərbaycan bayraqları”, “Азербайджанская Республика 100” (R.Abutalıbov, S.Əliyeva, A.Balayev), “Azərbaycan Xalq Cümhuriyyəti 100”, “Azərbaycan Demokratik Respublikası Dövründə Ədəbiyyat” (A.Bayramoğlu), “Baltikdən Xəzərə” (E.Rüfətli, N.Əliyeva), “Bakı Simfoniyası” və digər kitablar nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri olan dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. Dövlət bayrağımız 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Azərbaycan Respublikasının Qanunu”nu qəbul etdi. Bu Konstitusiya Qanunu ilə üçrəngli milli bayrağımız Azərbaycan Respublikasının Dövlət bayrağı kimi təsdiq edildi və bu müqəddəs istiqlal rəmzimiz bütün Azərbaycan üzərində dalğalanmağa başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. Azərbaycan Respublikası 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının üzvlüyünə qəbul edilib. Bu gün həmin təşkilatın Nyu-Yorkdakı igamətgahının qarşısında dünyanın 180-dən artıq müstəqil dövlətinin bayraqları ilə bir sırada Azərbaycan bayrağı da dalğalanmaqdadır. Bizim üçün ən qürurlu məqam isə bu gün üçrəngli bayrağımızın rəşadətli ordumuz və güclü dövlətçiliyimiz sayəsində düşmən tapdağından azad olunan torpaqlarımızda dalğalanması və bizə daha da ruh yüksəkliyi yaşatmasıdır. Bayrağımızın Şuşada, bütün Qarabağda ucalacağı günə nəfəs qədər yaxınıq.

Qeyd edək ki, sərgi virtual formada oxuculara təqdim olunur.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı