CƏMİYYƏT 2021.01.25 16:37

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi hesabat verdi

292

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib.

Onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

O vurğulayıb ki, 44 günlük müharibədə Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun rəşadəti ilə qazanılan qələbə millətin 30 illik nisgilinə son qoyub, dünya dövlətləri arasında ölkəmizin yerini və mövqeyini gücləndirib.

Vitse-spiker qeyd edib ki, düşmənlə savaşda Milli Məclisin rəhbərliyi və hər bir deputatı müharibənin gerçəklərini dünyaya çatdırmaq və işğalçı tərəfin yalanlarını ifşa etmək istiqamətində ciddi fəaliyyət göstərib. Vurğulayıb ki, müharibə və pandemiya şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, payız sessiyasında Azərbaycan parlamenti öz işini ən yüksək səviyyədə davam etdirib, qarşıda duran vəzifələr layiqincə yerinə yetirilib.

Sonra F.İbrahimli 2020-ci ilin payız sessiyası dövründə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində görülən işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 7 iclası keçirilib, 9 məsələyə baxılıb. O cümlədən, sessiya ərzində “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə məsələ Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə videokonfrans formatında, üç oxunuşda müzakirə edilərək plenar iclasa tövsiyə olunub və Milli Məclisdə qəbul edilib. Komitə büdcə zərfinin müzakirəsində də fəallıq göstərib.

Hesabat dövründə vətəndaşlardan, idarə və təşkilatlardan daxil olan 242 ərizə və məktuba, müxtəlif xarakterli digər sənədlərə, elektron poçt vasitəsilə gələn məktublara komitədə baxılıb və tədbir görülməsi üçün aidiyyəti qurumlara 220 məktub göndərilib. Ərizələrin əksəriyyəti ilə bağlı müvafiq icra strukturları və təşkilatlarla telefon əlaqəsi saxlanılaraq qanun çərçivəsində məsələlərin həllinə nail olunub. Vətəndaşların şifahi müraciətlərinə də həssaslıqla yanaşılıb.

Koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar vətəndaş qəbulunda elektron və telefon rabitəsi vasitələrinə üstünlük verilib. Həmin qəbullarda 167 vətəndaşın müraciəti dinlənilib və zəruri tədbirlər görülüb.

Sessiya ərzində ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən komitə üzvləri parlamentlərarası əlaqələr üzrə işçi qruplarla da onlayn qaydada müxtəlif görüşlər keçiriblər.

Hesabatın müzakirəsində komitə sədrinin müavini Sahib Alıyev, deputatlar Cavanşir Paşazadə, Ceyhun Məmmədov, Azər Badamov, Anar İsgəndərov rəy və təkliflərini bildiriblər. Payız sessiyası dövründə görülmüş işlər müsbət dəyərləndirilib. Çıxışlarda vurğulanıb ki, Vətən müharibəsi günlərində ölkədəki bütün siyasi partiyalar vahid amal ətrafında birləşdi və Prezidentin siyasətini, xalqın mənafeyini dəstəklədi.

Hesabat məqbul sayıldıqdan sonra komitə sədri Fəzail İbrahimli 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib. Həm qanunvericilik fəaliyyətini, həm də müxtəlif səpkili tədbirlərin təşkilini nəzərdə tutan iş planı iclasda səslənmiş təkliflər nəzərə alınmaqla qəbul edilib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı