CƏMİYYƏT 2020.11.11 12:45

Minskdə Dövlət Bayrağı Günü və Şuşanın erməni işğalından azad edilməsi münasibətilə tədbir keçirilib

20

Azərbaycan diasporunun nümayəndələri Dövlət Bayrağı Gününü və Şuşanın erməni işğalından azad edilməsini qeyd etmək məqsədilə Azərbaycanın Belarusdakı səfirliyinin önündə toplaşıblar.

Səfirlikdən bildiriblər ki, tədbirdə çıxış edən səfir Lətif Qəndilov Dövlət Bayrağı Günü və Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə həmvətənlərimizi təbrik edib və qələbəyə gedən yolun çox uzun və çətin olduğunu söyləyib. Bugünkü qələbənin əsasının 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi və Azərbaycan dövlətinin məhv olma təhlükəsindən qorunub saxlanması ilə qoyulduğunu bildirib. 1994-cü ildə Bişkek protokolunu imzalamaqla dövlətimiz iqtisadiyyatını, ordusunu, xarici siyasi əlaqələrini gücləndirmək üçün tarixi möhlət qazandığını söyləyib.

“Azərbaycan bu dövr ərzində 3 dünya əhəmiyyətli enerji və nəqliyyat layihəsini reallaşdırmaqla, güclü ordunun yaradılması üçün maliyyə imkanları qazanıb və güclü xarici siyasət apararaq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa müvəffəq olub. Digər tərəfdən Bişkek protokolunun imzalanmasından bu günə qədər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olub və bu məsələ diplomatiyamızın əsas fəaliyyət məqsədinə çevrilib”, – deyə səfir əlavə edib.

L.Qəndilov qeyd edib ki, bütün dünya Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilib. Ali Baş Komandanın atdığı qətiyyətli addımlar Azərbaycan xalqının özünə qayıtması, şərəf və ləyaqətinin qorunması kimi qiymətləndirilməlidir.

Tədbirdə Azərbaycan İcmalar Konqresinin rəhbəri Natiq Bağırov çıxış edərək konqresin adından Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna dəstəyini ifadə edib və tədbir iştirakçılarını Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə təbrik edib.

Azərbaycan İcmalar Konqresinin Gənclər qrupunun rəhbəri Vüsal Qarayev Ali Baş Komandana sevgi, məhəbbət, iftixar və alqışlarını bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycanın Prezidenti İlham Əliyevə və Ordumuza işğal olunmuş ərazilərimizin azad olunmasında göstərdiyi qətiyyətə görə təşəkkür edərək xalqımızın birliyini göstərən “Yallı”nın sədaları altında rəqs ediblər.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı