CƏMİYYƏT 2020.05.15 11:44

Mixail Şvıdkoy: “Azərbaycan-Rusiya əməkdaşlığı yüksək səviyyədədir”

36

Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun “Report”un Rusiya bürosuna eksklüziv müsahibəsi:

– Azərbaycan və Rusiya arasındakı ikitərəfli münasibətləri necə qiymətləndirirsiniz?

– Rusiya və Azərbaycan strateji tərəfdaşlardır. Onlar ölkələr arasındakı münasibətləri çox vacib dəyər hesab edən tərəfdaşlardır və bu gün siyasi, iqtisadi, mədəni səviyyələrdə yaşanan qarşılıqlı münasibətlər həqiqətən misli görünməmiş tərəfdaşlığın göstəricisidir.

– İlin əvvəlində Bakıda “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” adlı konfrans keçirildi. Bu, ikitərəfli əməkdaşlığa necə təsir etdi?

– Mədəniyyət sahəsindəki münasibətlər hər zaman istənilən iqtisadi və siyasi əməkdaşlığın bir növ vizit kartıdır. Aydın məsələdir ki, çox şey həmişə dövlət rəhbərlərinin təmaslarından asılı olur, lakin bütün təzahürləri ilə mədəniyyət, şübhəsiz ki, ölkələr arasındakı hər hansı bir əməkdaşlığın ən çox görünən hissəsidir. Bu gün Azərbaycan və Rusiya mədəniyyətləri arasında əlaqələr görünməmiş dərəcədə rəngarəngdir. Tarixə toxunmayacağam, ölkələrimizi birləşdirən bir çox görkəmli yazıçı, bəstəkar, kinematoqraf və rəssamı xatırlamaq olar. Yalnız bir ad çəkəcəyəm. Bildiyiniz kimi, Azərbaycanın və Rusiyanın xalq artisti, müxtəlif növ mükafatların sahibi olan Tahir Salahov mahiyyət etibarilə iki xalqın oğludur. Lakin onun ən yüksək mükafatı ondan ibarətdir ki, ən yaxşı əsərləri Rusiya və Azərbaycanın ən məşhur muzeylərindədir. Bunlardan bəziləri, məsələn, “Bəstəkar Qara Qarayevin portreti” və ya “D.Şostakoviçin portreti” Sovet, Azərbaycan və Rusiya incəsənətinin klassikasıdır.

Əlbəttə ki, iki dövlət arasındakı münasibətlər paytaxtlar arasındakı münasibətlərdir. Yanvar ayında Bakıda keçirilmiş mədəniyyət forumu artıq ənənəvi hal alıb və o, təbii ki, dövlətlərimiz arasındakı mövcud reallığı əks etdirir. Prezidentlərimiz tərəfdən yaradılan daha bir vacib forumu qeyd edərdim. Bakı Beynəlxalq Humanitar Forumu da dövlətlərimiz arasındakı dərin mədəni əlaqələrin rəmzidir.

Bu il mədəni əməkdaşlığımız sahəsində bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulurdu. Məsələn, Azərbaycanın Sankt-Peterburq Mədəniyyət Forumuna xüsusi qonaq qismində qatılması planlaşdırılırdı. Ermitajda Azərbaycanın daimi sərgisi və ya hətta daimi otağının açılacağı, respublikanın mədəni həyatının ən müxtəlif aspektlərinin təqdim ediləcəyi güman edilirdi. Çox ümid edirəm ki, bu tədbirlərdən heç olmasa bəzilərini keçirə biləcəyik.

– Koronavirus pandemiyası ölkələrimiz arasındakı əməkdaşlığa təsir göstərdimi?

– Dövlətlərimiz arasındakı münasibətlər strateji dostluq xarakteri daşıyır: həm İlham Əliyevlə Vladimir Putinin münasibətləri, həm hökumətlərimizin münasibətləri, həm də peşəkar icmaların münasibətləri olduqca dərin və əhatəlidir. Buna görə də artıq dediyim kimi, ölkələrimiz arasındakı əməkdaşlıq görünməmiş dərəcədə yüksək səviyyədədir.

Pandemiyaya gəlincə, təbii olaraq o, təmaslarımızın fiziki real xarakterinə təsir etdi. Əlbəttə ki, vətəndaşların ünsiyyətinin dayandırılması, turizmin olmaması, sərhədlərin bağlanması səbəbindən sərbəst hərəkət imkanının olmaması məyusedici faktlardır. Buna baxmayaraq, iqtisadiyyatdan danışırıqsa, o zaman ölkələr arasında ticarət və yük axını qorunmaqdadır. Siyasi qarşılıqlı münasibətə gəlincə, bu da qeyd-şərtsiz davam edir. Liderlərimiz mütəmadi olaraq telefonla əlaqə saxlayır. Son kontaktlardan biri ümumi bayramımız – Qələbə gününün 75 illiyi ilə bağlı olub. Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının onlayn iclası keçirildi. Pandemiya iqtisadi və siyasi sahələrdəki fəaliyyətimizdə məsləhətləşmələrə və koordinasiyaya mane olmur.

Düşünürəm ki, mövcud məhdudiyyətlərdən hansının ləğv edilə biləcəyini anlayan zaman mədəni təmaslar da mövcud epidemioloji vəziyyətə uyğun olaraq müəyyən qaydalara tabe olmaqla bərpa olunacaq. Hər şeyin sonu var, pandemiya da sona çatacaq. Düşünürəm ki, bu ilin sonu – növbəti ilin əvvəlində fəaliyyətimizin bütün sahələrində mövcud fiziki təmaslar səviyyəsinə qayıdacağıq.

– Rusiya daha əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətləri və ziyalıları arasında dialoqa kömək etməyə hazır olduğunu bildirmişdi. Bir neçə belə görüşdə iştirak etmisiniz. Rusiya bu məsələdə iştirakını aktivləşdirməyi planlaşdırırmı?

– Bu prosesin, ilk növbədə, iki xalqın – Azərbaycan və Ermənistan xalqlarının münasibəti olduğunu əsas götürürük. Hesab edirəm ki, Rusiyanın əvvəldən tərəflər arasında zəmanətçi, vasitəçi rolu olub, amma təşəbbüs iki qonşu dövlətdən gəlməlidir.

Bu mənada Azərbaycan hər zaman kifayət qədər aydın mövqe sərgiləyib. Azərbaycan həmişə konstruktiv təmaslara hazır mövqedə olub. Anladığım qədər, Ermənistanın hazırkı rəhbərliyi də iki ölkənin ziyalıları arasındakı təmaslara etiraz etmir. Ancaq burada iki tərəfin iradəsi çox vacibdir. Rusiya hər zaman hər hansı bir sülhməramlı aksiyada iştirak etməyə hazırdır, bunu əvvəlcə bildirmişik. Xalq diplomatiyası hansısa siyasi qərarın zəmanəti deyil, amma o, bu cür qərarların qəbul edilməsinə zəmin yaradır, millətlərarası münasibətlərdə lazımi konteksti yaradır.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı