CƏMİYYƏT 2020.11.11 11:30

Moldovada Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsi qeyd edilib

19

Cari ilin 10 noyabr tarixində Moldova sakinləri paytaxt Kişinyov şəhərinin mərkəzi meydanında Ştefan Çel Marenin abidəsi önünə toplşaraq, illərdir davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini qeyd etmişdir.

Azərbaycanın Moldovadakı Səfirliyindən verilən məlumata görə, tədbirdə səfir Q.Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə münasibətilə azərbaycanlıları təbrik edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirib, Qarabağ qələbəsinin ölkəmizin rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Daha sonra Moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu əlamətdar hadisə ilə bağlı təbrik edib, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə olacağına ümid etdiyini bildirib.

Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında əldə etdiyi şərəfli qələbəyə görə təbrik ediblər.

Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu bildirib. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini məlumatlandırıblar.

Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilib. Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizim haqlı mövqeyini əks etdirən məlumatlar vermiş, yerli jurnalistləri maraqlandıran sualları cavablandırıb.

Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının ildönümü münasibətilə büstü önünə gül dəstələri qoyub, görkəmli şəxsiyyətin fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan ümummili liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən söhbət açılıb.

Qələbə münasibətilə Səfirlikdə bayram ziyafəti təşkil edilib, tədbir iştirakşılarına milli mətbəxə məxsus şirniyyatlar təqdim edilib, həmvətənlərimiz Azərbaycanın xalq rəqslərinin sədaları altında rəqs edib, vətənpərvərlik şeirləri və çıxışları söyləyiblər. Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı