CƏMİYYƏT 2020.01.24 14:55

Nərminin qətlində təqsirləndirilən İlkin: “Mən eləməmişəm, döyürdülər, “tok”a verirdilər” – Görüntülər

1.0K

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmini oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov yanvarın 23-də məhkəmədə ifadə verib. O, günahsız oduğunu, işgəncə altında etiraf ifadəsi verdiyini bildirib.

47 yaşlı İ.Süleymanov haqqında həbs-qətimkan tədbiri seçilməsinə dair Tovuz rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Şikayətə Bakının Sabunçu rayon Məhkəməsində, lakin Gəncə Apellyasiya Məhkəməsinin hakimləri baxıb.

Nərmin Quliyeva

 Nərmin Quliyeva

Məhkəmədə İ.Süleymanov özü də iştirak edib. O, üzərindəki xəsarət izlərini hakimlərə, prokurorluğun əməkdaşlarına göstərib. Bildirib ki, Nərmini oğurlayıb, evlərindəki otaqlarından birində təxminən ay yarım saxlaması, öldürməsi və yandırması barədə ifadəsində yazılanlar uydurulmuş ssenaridir. Dediyinə görə, onu polis idarəsində döyüblər, hətta bədəninə elektrik cərəyanı veriblər, bunlara dözə bilməyib.

“Məni döyürdülər, “tok”a verirdilər. Dözmək mümkün deyildi”, – İ.Süleymanov məhkəmədə belə deyib.

Məhkəmədə İ.Süleymanovun vəkili Əlibaba Rzayev onun işgəncə şikayətinin, tutulandan bu yana ailəsilə əlaqə saxlamasına icazə verilməməsi və s. pozuntuların araşdırılması üçün xüsusi qərar çıxarılıb məhkəməyə göndərilməsini istəyib.

Məhkəmə İ.Süleymanovun haqqındakı həbs qərarından verilən şikayəti təmin etməyib. Tovuz rayon Məhkəməsinin qərarı qüvvədə qalıb.

İ.Süleymanova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldümə) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələrilə ittiham irəli sürülüb.

2010-cu il təvəllüdlü Nərmin Quliyeva noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. Onun meyiti bir də yanvarın 6-da kənddə yandırılmış vəziyyətdə tapılıb. Üç gün sonra hüquq-mühafizə orqanları bu hadisəyə görə İ.Süleymanovun tutulduğunu, onun Nərmini oğurlayıb öldürməsi barədə etirafedici ifadə verdiyini bəyan edib.

İ.Süleymanovun ailə üzvləri mətbuata açıqlamalarında onun bu cinayəti törətmədiyinə əminliklərini ifadə edirlər. Bildirirlər ki, onların evində Nərminin ay yarım saxlandığı iddia olunan otağa dəfələrlə girib-çıxıblar, orada kimsə olmayıb.

İ.Süleymanovun ittiham olunduğu CM-in 145.2.3 maddəsində 3 ildən 5 ilə qədər, 120.2.9 maddəsində isə 14 ildən 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Bizimyol.info

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı