CƏMİYYƏT 2021.01.18 03:00

Nəsimişünas-alim, baş leytenant Vüsal Hətəmovun Akademiyadan Laçına qədər uzanan Vətən müharibəsi yolu

163

“Piyada qoşunları o qədər sürətlə irəliləyirdi ki, bəzən biz hazırladığımız atəş mövqeyini istifadə etmədən tərk etməli olurduq”

Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun dissertantı, nəsimişünas, tədqiqatçı Vüsal Hətəmovun çoxsaylı titullarına biri də əlavə olundu. O, Vətən Müharibəsinin könüllü iştirakçısı, qalib zabitidir.

Dekabrın son günlərində xidməti başa vurub evinə dönən Vüsal Hətəmov oktyabrın 6-dan hərbi əməliyyatlarda iştirak edib, Füzulidən Laçına qədər döyüşüb. Laçın Vüsal Hətəmovun baba yurdudur. Qədim dostumuzla hərbi xidmətdən qayıtdıqdan sonra ayaqüstü söhbət edib, bir neçə sualımıza cavab aldıq.

– Vüsal müəllim, Siz orduya könüllü yazıldığınızı elan edəndə hələ yay idi, müharibə haqda danışılmırdı.

– 2020-ci ilin iyul ayında baş vermiş Tovuz hadisələri, general-mayor Polad Həşimovun şəhid olması artıq müharibəni qaçılmaz edirdi. Ali Baş Komandanın bütün bunların qisasını alacağını deməsi ehtiyatda olan bir zabit kimi məndə də intiqam hissi oyatmışdı. Odur ki, mən də bir çox insan kimi iyul ayında orduya könüllü yazıldım. Səfərbərlik xidmətinə onlayn müraciətim təsdiq olunduqda çox sevindim.

– Nə zaman xidmətə başladınız və döyüşlərə qoşuldunuz?

– Sentyabr aynının 21-də ehtiyatda olan zabit kimi “N” saylı hərbi hissəyə təlimə çağırıldım. Bir neçə gündən sonra müharibə başladı, qismən səfərbərlik elan olundu. Oktabrın 6-na qədər biz yeni çağırışçılara təlim keçdik, oktyabrın 6-sı isə artıq döyüşlərə qatıldıq.

– Ənənəvi sual: Döyüş yolu harada başladı? Hansı bölgələrdə savaşdınız?

– Oktyabr ayının 6-sı Füzuli rayonunun azad olunması istiqamətdə döyüşlərə qatıldıq. Biz müharibəyə qoşulduqda Cəbrayıl rayonunun bəzi kəndləri hələ də erməni qəsbkarlarının əlində idi. Həmin kəndlərin azad olunması uğrunda döyüşlərdə də iştirak etdik. Lakin bizi qarşıda daha çətin döyüş – Hadrut qəsəbəsinin azad olunması uğrunda mübarizə gözləyirdi. Biz Hadrut qəsəbəsinin azad olunması üçün döyüşə qatılanda qoşunlarımız qəsəbənin içərisini işğalçılardan azad etmişdilər. Lakin Hadrut qəsəbəsi dağların əhatəsində olduğu üçün düşmən hələ də dağlardan qəsəbəni atəş nəzarəti altında saxlayırdı. Qəsəbəyə giriş təhlükəli idi. Biz minaatan batareya olaraq atəş mövqeyi seçib düşmənin dayaq nöqtələrini məhv etməli idik. İlk atəş mövqeyini seçib atəş üçün hazırlaşarkən erməni pusqusuna tuş gəldik. Həmin döyüşdə 5 əsgərimiz ağır yaralandı. Sevindirici və heyrətdoğurucu məqam bu idi ki, ağır yaralı əsgərlərimiz sağ qalan döyüşçülərimizi tərk etmək istəmir, sonrakı döyüşlərə qatılmaq arzusunda idilər. Daha sonra digər atəş mövqeyi seçməli olduq. Artıq vaxt itirmək olmazdı. Düşmən həm Xocavənd, həm Qubadlı, həm də Füzuli tərəfdən Hadrut ətrafında olan piyada qoşunlarımızı ağır artilleriya atəşi altında saxlamaqda idi. Təxminən 10 günə yaxın biz Hadrut ətrafında döyüşdük. Biz əlahiddə 120 mm-lik minaatan batareya olduğumuz üçün bizim üzərimizə daha çox məsuliyyət düşürdü. Tamamilə istirahətsiz, gecələri yatmadan döyüşürdük.

Artilleriya qoşun növləri arasında ən təhlükəli sahələrdən biri hesab olunur. Birinci mərmini atdıqdan sonra düşmən sənin yerini təxmini də olsa, müəyyən edə bilir. Lakin əsgərlərimiz xüsusi şücaət göstərirdi. Sanki daha çox fədakarlıq göstərmək üçün bir-biri ilə yarışa girmişdilər. Düşmən tərəfdən üzərimizə yağdırılan mərmilər bizi əsla qorxutmurdu. Batareyamız qorxmadan, düşmən atəşi altında döyüş tapşırıqlarını yerinə yetirirdi. Hadrut ətrafında erməni dayaq məntəqələrini məhv etdikdən sonra bir az da irəlilədik. Artıq Xocavənd rayonunun Tuğ qəsəbəsinə yaxınlaşırdıq. Hərbi hissəmizin piyada qoşunları o qədər sürətlə irəliləyirdi ki, bəzən biz hazırladığımız atəş mövqeyini istifadə etmədən tərk etməli olurduq. Bu, əziyyətli bir iş idi. Atəş mövqeyini seçmək, batareyanın şəxsi heyətini orada yerləşdirmək, sursatları daşımaq, daşıyıcı avtomobilləri gizlətmək, minaatanları döyüş vəziyyətinə gətirmək, 50 nəfər üçün səngər qazmaq və s. Həm də bütün bunları qısa vaxtda etmək lazım idi.

Əsasən də biz bu işləri düşmən atəşi altında görürdük. Odur ki, biz atəş mövqeyini istifadəsiz tərk etdikdə bəzən ani olaraq məyus olurduq. Lakin elə həmin anda da qoşunlarımızın sürətlə irəliləməsi, yeni ərazilərin işğaldan azad olunması gerçəkliyi bizi sevindirirdi.

Daha ağır döyüşlərimiz Qırımızıbazar qəsəbəsi ətrafında oldu. Şuşaya əsas yol bu qəsəbədən keçirdi. Erməni hərbçiləri burada möhkəm müqavimət göstərdiyindən qoşunlarımız Şuşaya meşə yolu ilə irəliləyirdi. Qırımızıbazar qəsəbəsində yerləşən düşmən tərəf bunu bilirdi. Buna görə meşə yolunu daim atəş altında saxlayırdı. Hərbi hissənin toplardan ibarət artilleriya divizyonu və bizim əlahiddə minaatan batareyamız xüsusi tapşırıq almışdı: düşmən tərəfi ardı-arası kəsilmədən zərbə altında saxlamaq. Biz 10 günə yaxın bu missiyanı yerinə yetirdik.

Bir nüansı nəzərinizə çatdırım ki, baş zabiti olduğum əlahiddə 120 çaplı minaatan batareyası təkcə öz hərbi hissəmizin piyada şəxsi heyətinə deyil, həm də XTQ-yə dəstək verirdi. Bu döyüş tapşırığı zamanı bizim batareyadan 2 əsgər ağır yaralandı, digər bölmələrdən isə şəhid və ağır yaralılar oldu. Lakin belə döyüş tapşırığının yerinə yetirilməsi üçün bu minimal itki hesab oluna bilər. Bu, döyüşlər zamanı həmişə yanımızda olan komandirlər – polkovnik-leytenant Cavid Abdullayev, polkovnik-leytenant Vüqar Xəlilov və kapitan Elvin Abdullayevin xüsusi təcrübəyə malik olmasından irəli gəlirdi. Kapitan Elvin Abdullayev 2016-cı ildə aprel döyüşlərində də iştirak edib.

– Bildiyim qədərilə 15 il əvvəl, yəni atəşkəs dövründə orduda zabit kimi xidmət etmisiniz. Bu dəfə hazırlıq və ordunun əhval-ruhiyyəsində əvvəlki illərlə müqayisədə hansı fərqlər vardı?

– 2005-2006-cı illərdə tağım komandiri, sonra isə daxili əmrlə 1 il batareya komandiri vəzifəsində çalışmışdım. Həmin illərdə ordumuzun bu qədər güclü ola biləcəyini təsəvvürümə belə gətirə bilməzdim. Söhbət təkcə texniki imkanlardan getmir. Mənəvi tərəf məni çox narahat edirdi. Bildiyimiz kimi, son illər qloballaşan dünyada gənclərin mənəviyyatının deqradasiyaya uğraması, dünya səviyyəsində gənclərin vətən-dövlətçilik hisslərinin öldürülməsi proyektləri virtual proseslərlə az-çox bizim ölkəyə də sirayət edib. Bu isə məni bir ziyalı kimi çox məyus edirdi. Lakin bu döyüş mənim fikrimi tamamilə dəyişdirdi. Bilirsinizmi, mənim, demək olar ki, bütün əsgərlərim – 50 nəfərdən 48-i səfərbərliklə gəlmişdi. Qısa bir müddətdə bunlarla tanış olmaq, döyüş əhval-ruhiyəsini qaldırmaq və s. proseslər zaman tələb edirdi. Buna isə vaxt yox idi. Lakin döyüş zamanı əgərlərimizin nizam-intizamı, zabitlərin əmrlərini canla-başla yerinə yetirmələri, əsgərlərimizdə olan vətənpərvərvərlik hissləri, onların şəhid olma arzuları bunu deməyə əsas verir ki, Azərbaycan gəncliyi dünyada ən yüksək zirvələrə layiqdir.

– Xüsusi müşahidələrin varmı? Daha çox diqqətini çəkən, sənə təsir edən hadisələr oldumu?

– Vətən müharibəsi ərzində arxa cəbhənin səfərbərliyi və həmrəyliyi məni heyran qoydu. Daim ehtiyacı olan əsgərlərimizin ailələri ilə əlaqə saxlayır, ehtiyac yarandıqda maddi-mənəvi dəstək olurdular. Sıravi vətəndaşlar, sahibkarlar, ruhanilər, idmançılar, QHT və media mənsubları, demək olar ki, cəmiyyətin bütün təbəqələri sanki dəstək olmaq üçün yarışırdılar.

– Müharibə bitdikdən sonra savaş hekayələri dəbdədir, bəs bir şərqşünas araşdırmaçının, Akademiyanın dissertantının müharibə haqda düşüncəsi nədir?

– “Bir batareyanın döyüş yolu” adlı sənədli filmin ssenarisini hazırlayıram. Artıq bu yöndə çalışan qurumlarla danışıqlar aparmışam. Təəssüratlarım böyükdür. Batareyamızın əsgər və zabitlərinin heyrətamiz qəhrəmanlıqları bitib-tükənmək bilmir.

– Bildiyim qədərilə sonuncu xidmət yeriniz Laçın oldu. Bu rayonun bir hissəsi və mərkəzi hələ də rus sülhməramlılarının nəzarətindədir. Bir zabit kimi nə düşünürsən, müharibə bitdimi? Çünki bəzi insanlar müharibənin tam başa çatmadığını düşünür.

– Müasir dövr müharibəsində qələbə təkcə silahdan keçmir, eyni zamanda diplomatiya uğuru da olmalıdır. Ölkə başçısı cənab İlham Əliyevin diplomatik qələbəsi, bütün ermənipərəst ölkələrin susdurulması bunu deməyə əsas verir ki, müharibə birmənalı olaraq bizim qələbəmizlə bitib. Yəni Ermənistan hakimiyəti, Ermənistan dövləti elə bir zərbə alıb ki, heç kəs bu “axsaq ulağa” yük vurmaq istəməz. Ermənistan cəmiyyəti də qanmağa başlayıb ki, onların “qələbəsi” məğlubiyyətlərindən keçir. Sülhməramlıların bütün missiyasının güclü dövlətimizin nüfuzu altında olmasına inanmaq lazımdır. Artıq biz məğlub tərəf deyil, qalib tərəfik, diktə edən tərəfik: Qarabağ Azərbaycandır!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı