Naxçıvanda ali təhsil ocaqları üçün yeni korpuslar inşa olunur

Naxçıvan Müəllimlər İnstitutunun binasında “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi tərəfindən aparılan əsaslı yenidənqurma işləri davam etdirilir. Yeni inşa olunan 6 mərtəbəli korpusda əsas işlər yekunlaşdırılıb. Yeni korpusun zirzəmisində mətbəx, arxiv, idman zalı və bufet yerləşəcək. Burada rektor, müəllimlər otağı, 4 kompüter otağı, 5 kafedra, 24 auditoriya, kitabxana, oxu zalı, 160 yerlik iclas zalı, kurikulum mərkəzi istifadəyə veriləcək.

Əvvəlki korpusun və yeni inşa olunan binanın fasadı müasir memarlıq ənənələrinə uyğun olaraq dizayn edilir, burada daş üzləmə və boya işləri aparılır. İnşaat işlərində muxtar respublikanın tikinti materialları istehsal edən müəssisələrinin keyfiyyətli məhsullarından istifadəyə üstünlük verilib.

Tikintidə təhlükəsizlik qaydalarına da ciddi əməl edilir, işçilər bunun üçün lazım olan müxtəlif ləvazimatlarla mütəmadi təmin olunurlar. Obyektdə işlərin gedişatı onu deməyə əsas verir ki, gələcəyin pedaqoqlarını yetişdirən bu ali təhsil ocağı yaxın vaxtlarda istifadəyə veriləcək.

Həmçinin Naxçıvan Dövlət Universitetinin iqtisad fakültəsi üçün də ikimərtəbəli müasir tədris korpusu inşa olunur. Burada 37 ədəd kompüterlə təchiz edilmiş kompüter otağı, 3 kafedra, 20 auditoriya, 4 elektron lövhəli otaq, 102 yerlik iki mühazirə otağı istifadəyə veriləcək. Müasir tədris və texnoloji avadanlıqlarla təchiz edilən bina pedaqoji heyətə yeni-yeni nailiyyətlər qazandıracaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here