BAXIŞ BUCAĞI 2020.05.22 15:14

Nikol Paşinyanın psixoloji portreti

77

Tibb elmində “panik atak” təşvişə düşmək deyilən məfhum var. Bu, əslində, xəstəlik deyil, amma qazanılmış psixoloji travma və stress yaxud ondan sonrakı həyəcan halıdır. Belə vəziyyətdə xəstə özünü itirir və ona elə gəlir ki, artıq sonu gəlmişdir.

Paranoya da həddindən artıq narahatlıq və ya qorxu ilə xarakterizə edilməklə yanaşı, tez-tez məntiqsiz psixoloji nasazlıq halıdır. Paranoyanın panik-atakdan fərqi ondadır ki, burada dəlilik, ağlı itirmək ön plana keçir. Yəni bir növ şəxsiyət pozğunluğu, şizofrenik detallar ön plana keçir.

Hər ikisi insanı gərginlikdə saxlasa da, birinci tez bir zamanda keçir, müalicəsi də sadədir. İkincinin isə müalicəsi üçün illər gərəkdir və bu, əsasən düşüncə ilə əlaqədardır. Düşüncəni dəyişməsən qurtulmaq çətindir. Bir ideyanı radikal şəkildə müdafiə etməyin sənin paranoik olacağını və ya artıq olduğunu şərtləndirir.
Gürcü mütəffəkiri İlya Çavçavadzenin dili ilə desək başabəla erməni yazıçı və alimlərinin təbliğatı hər bir ermənini bu xəstəliyə yoluxdurmaq riskini artırdığı üçün, siyasətçilərinin də bu irqçilik xəstəliyinə mübtəla olması nəticədə üzə çıxır. Ermənistan baş naziri Nikol Paşinyanın bəyanatları, müraciətləri, dedikləri ilə uzlaşmayan addımları, əslində, onun psixoloji sindromun içində var-gəl etdiyini göstərir. Hər bir erməni bunu duya bilirmi? Demək çətindir. Amma Ermənistanı idarə edən şəxsin psixoloji durumu düşünə bilən erməni üçün ürəkaçan deyil. Niyə? Çünki hakimiyyətə gəlişindən etibarən Ermənistan siyasətinə yeni nəfəs gətirdiyini iddia edən o və komandası, əslində, nəinki yeni müharibə üfüqlərinin görünməsində maraqlıdırlar, həm də, siyasətə mazaxizm, qeyri-ciddilik, primitivlik, qeyri-peşəkarlıq keyfiyyətlərini də daxil ediblər.

2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçılarının Zirvə görüşündə Azərbaycanın dövlət başçısı Paşinyana mühüm diplomatik və tarixi həmlə etdi. O, Ermənistanda Njdeyə abidə qoyulması, adına küçə verilməsi faktını qeyd etməklə, bu dövlətin faşizmin əbədiləşdirilməsi ilə bağlı yürütdüyü siyasəti ifşa etdi. Əlbəttə, bu faktın postsovet ölkə liderlərinin arasında səsləndirilməsi Paşinyana çox ciddi sarsıntı yaşatmışdı. Bununla o, bir növ “panik atak” yaşamışdı.

Daha sonra, 2020-ci ilin fevral ayında növbəti dəfə Münhen Təhlükəsizlik Konfransında keçirilən debatda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən diplomatiya və tarix bilgilərində tamamillə piyada olduğu üzə çıxarılan N. Paşinyan erməni cəmiyyətindən yetərincə tənqid və təhqirlər qazandı. Bu debat sadəcə işğalçının deyil, haqlının güclü olduğunu dünyaya isbatladı.

Artıq iki dəfə mühüm tribunalarda pat vəziyyətdə qalmış və bunu nə iləsə kompensasiya etmək üçün daxili auditoriyaya hesablanmış çıxışlar etmək Paşinyan üçün adi hala çevrilib. Bu isə yuxarıda qeyd etdiyim hər iki sindroma, “panik-atak”, eləcə də, paranoyaya tam uyğundur. Paşinyan öz xalqına nəyisə sübut etmək istəyir, amma alınmır. Paranoikliyi daha qabarıq edən səbəb isə Azərbaycan tərəfə verilən cavabların qeyri-dəqiqliyi və qeyri-səlistliyidir.

Onun bu günlərdə etdiyi son çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə barəsində əsassız ifadələr işlətməsini haradasa anlamaq olardı. Çünki düşmən dövlətdən müsbət nəsə gözləmək sadəlövhlükdür. Amma o, əslində, növbəti dəfə savadsızlığını, məlumatsızlığını nümayiş etdirdi. M.Ə. Rəsulzadənin Njdedən və Paşinyanın bioloji varlığının səbəbkarı olan babasından fərqli olaraq faşistlərlə əməkdaşlıq etməməsi aksiomdır. Rəsulzadə yalnız almanlara əsir düşən azərbaycanlıların labüd ölümün pəncəsindən xilas edilməsində mühüm rolu olmuşdur. Amma o anlamışdı ki, Almaniya qalib gələrsə Azərbaycana müstəqillik verilməyəcək və buna görə də həmin ölkəni tərk edib və Hitlerlə görüşməyib. Ümumiyyətlə, sivil, demokratik dəyərlər daşıyıcısının, Şərqdə ilk demokratik dövlətin qurulmasında misilsiz xidmət göstərmiş bir liderin adını A. Hitlerlə əməkdaşlıqda hallandırmaq və bunu yəhudi soyqırımında iştirak etmiş Njde məsələsini ört-basdır etmək üçün ölkəmizə qarşı “kozır” kimi dilə gətirmək fiaskodur.

İndi zaman dəyişib, internet əsridir. Hətta arxiv sənədləri belə elektronlaşdırılır. Bu cür uğursuz müqayisələr və tarixi həqiqətlər üzərindən manipulyasiya müasir siyasətdə keçərli deyil. Belə çürük arqumentlərlə daxili auditoriyanı aldatmaq qeyri-mümkündür. Məncə, Paşinyanın mütaliəsizliyə əsaslanan psevdopatriotizmi bizim yalnız xeyrimizədir. Qoy erməni xalqı da, görsün ki, onları idarə edən şəxsin psixoloji portreti çox solğundur və heç bir uğur vəd etmir.

Anar TURAN, araşdırmaçı-jurnalist

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı