ƏSAS SƏHİFƏ

Növbəti hərracda rekord göstərici: 40 dövlət əmlakı özəlləşdirilib

103

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müasir model olan Elektron hərracın tətbiqi dövlət əmlakının şəffaf şəkildə özəlləşdirilməsinə şərait yaratmaqla əhaliyə və investorlara yeni imkanlar açır. Elektron hərracın istifadəyə verilməsi, bu sahədə tətbiq edilən müasir yanaşmalar özəlləşmə sahəsində məmur-vətəndaş münasibətini minimuma endirir, prosesi daha da sürətləndirir. Hərraclara onlayn qatılmaqla yanaşı, elektron qaydada qeydiyyatdan keçmək, hərraclara istənilən yerdən qeydiyyatdan keçmədən onlayn izləmək imkanları mövcuddur. Belə ki, bu yenilik hər bir vətəndaş üçün məkan amili aradan qaldırılmaqla elektron qaydada hərraclara qoşulmaq və on-layn izləmək imkanları yaradıb. Qeyd edilməlidir ki, özəlləşməyə çıxarılan dövlət əmlakları müstəqil və peşəkar qiymətləndiricilər tərəfindən bazar prinsiplərinə uyğun qiymətləndirilir. Özəlləşmə portalı vasitəsilə hərraca çıxarılan əmlaklar barəsində əvvəlcədən ətraflı məlumatın, o cümlədən əmlakın adının, sahəsinin, ilkin start qiymətinin, yerləşdiyi mövqeyinin öyrənilməsi də prosesin şəffaflığını, obyektivliyini artırır. Elə keçirilən növbəti hərracda əldə edilən müsbət nəticələr sadalananların əyani sübutudur.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, komitə tərəfindən 27 mart tarixində keçirilən növbəti hərracda rekord göstərici qeydə alınıb. Bu hərracda 40 əmlak özəlləşdirilib. Ümumilikdə 40 dövlət əmlakının özəlləşdirilməsinə 47 sifariş verilib. Təkcə 8 əmlak üzrə 18 sifariş verilib. Sifarişlərdən 7-si isə elektron qaydada verilib. Bu dəfəki hərraca iki investor on-layn qoşularaq iştirak edib. Sifarişlərin elektron müstəvidə həyata keçirilməsi isə hərracda investor kütləsini artırmaqla böyük rəqabət yaradıb. Budəfəki hərracda özəlləşdirilən əmlaklardan 1-i səhmdar cəmiyyəti, 7-i kiçik dövlət müəssisəsi, 21-i qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir. Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Bakının Yasamal rayonunda yerləşən qeyri-yaşayış sahəsi investorları özünə cəlb edib. Həmin əmlaka 4 sifariş verilib. Hərrac zamanı alıcıların təklifləri ard-arda səsləndirilib. Rəqabət nəticəsində ilkin start qiyməti 20 min olan obyektə edilən təklif 150 min manatadək yüksəlib. Başqa sözlə edilən təklif əmlakın ilkin start qiymətindən 7 dəfə çoxdur. Bu əmlakın hərracında alıcılardan biri onlayn şəkildə qoşulmuşdur.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri Bakının Nəsimi və Sabunçu rayonunda, Hacıqabul, Tovuz, Masallı. Şəki, Xızı rayonlarında yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 62.3 kv.m olan Hacıqabulda yerləşən 12/1 saylı mağaza və Bakının Nəsimi rayonunda olan 13 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa Şəkidə özəlləşən 80 saylı idman malları mağazası sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 220 kv.m dən çox, torpaq sahəsi isə 270 kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 12-si Bakının Səbail, Nərimanov, Xətai, Binəqədi və Yasamal rayonlarında, digərləri isə Gəncədə, Sumqayıt, Mingəçevir, Şirvan, Daşkəsən və Qazaxda yerləşir. Paytaxtın Nərimanov rayonunda yerləşən, ümumi faydalı sahəsi 44 kv.m-ə yaxın olan olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 118 kv.m-ə olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Martın 27-si keçirilən hərracda Bərdə Mexanikləşdirilmiş Dəstə Açıq səhmdar cəmiyyətinin səhm paketi də özəlləşdirilib.
Özəlləşmə sayəsində Bakı ilə yanaşı regionlarda yerləşən iqtisadiyyatın ayrı-ayrı sahələrinə, o cümlədən sənaye, turizm, səhiyyə, xidmət, tikinti sahələrinə aid olan müəssisələri müasir texnologiya ilə təchizatlanır, yenidən fəaliyyəti təmin edilir. Bu isə belə müəssisələrin səmərəli fəaliyyət göstərməsi və yeni iş yerlərinin açılması deməkdir. Xüsusilə bölgələrdə özəlləşdirilən müəssisələrin yenidən fəaliyyəti regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirir.

Musavat.com

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı