Noyabrda Bakı Ekspo Mərkəzində səkkizinci beynəlxalq ətraf mühit sərgisi keçiriləcək

Noyabrın 14-16-da Bakı Ekspo Mərkəzində səkkizinci Azərbaycan beynəlxalq ətraf mühit sərgisi (“Caspian Ecology 2017”) keçiriləcək. Sərgi ekologiya və ətraf mühitin mühafizəsi sahəsində həm Xəzər, həm də Qafqaz regionlarında həyata keçirilən mühüm tədbirdir. “Caspian Ecology 2017” sərgisi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də IDEA İctimai Birliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.

Təşkilat komitəsindən  bildirilib ki, sərgidə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, “AREA”, “Azərsu”, “BP”, “GIZ”, “HAZARDOUS WASTES”, “Təmiz Şəhər”, “POLYMART”, “SOCAR POLYMER” kimi yerli və xarici şirkət və qurumlar iştirak edəcək.

Ümumilikdə, “Caspian Ecology 2017” sərgisində təbii resurslardan səmərəli istifadə sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, eləcə də alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş etdiriləcək. Şirkətlər tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edəcəklər.

Beləliklə, beynəlxalq ətraf mühit sərgisi işgüzar əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi, habelə sənayedəki yeni avadanlıq və təmayüllərlə tanışlığa imkan yaratmaqla yanaşı, ətraf mühitin yaxşılaşdırılması istiqamətində görülən işlərə də əlavə təkan verəcək.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here