MEDİA VƏ QHT 2020.02.08 14:54

Ölkəmizin daha da inkişafı üçün möhtəşəm layihələr reallaşdırılır

117

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin müsahibəsi

– Vüqar müəllim, artıq 2020-ci ilin ilk ayı arxada qalıb. «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans ötən bir il ilə yanaşı, yanvar ayının da ölkəmizin sosial-iqtisadi, siyasi, beynəlxalq mənzərəsinin formalaşmasında əhəmiyyətli uğurlarla yadda qaldığına işıq saldı. Bununla bağlı fikirlərinizi bilmək istərdik…

– Möhtərəm Prezidentimiz İlham Əliyev ötən ilin ilk ayında bu fikri böyük inam və qətiyyətlə ifadə etmişdir ki, 2019-cu il ölkəmizin tarixinə islahatlar ili kimi daxil olacaq. «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans, eyni zamanda, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə səsləndirilən rəqəmlər və fikirlər qeyd olunan proqnozun reallıqda öz əksini tapdığını bir daha təsdiqlədi.

Öncə bu məqamı xüsusi qeyd etməliyik ki, bütün inkişafın əsasında ölkəmizdəki sabitlik dayanır. Sabitlik varsa uğurlu sosial-iqtisadi layhələrdən, təkmil islahatlardan danışmaq mümkündür. Bu sabitliyin təminatçısı isə xalq-iqtidar birliyidir. Xalqımız hər addımda özünə diqqət və qayğının şahidi olur. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi bu birliyi daha da möhkəmləndirməklə yanaşı, davamlı inkişafa geniş yol açır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan konfransda dünyanın bütün yerlərində – Avropada, Afrikada, Asiyada, Latın Amerikasında, bölgəmizdə, postsovet məkanında yaşanan gərginliklərə diqqəti yönəldərək bildirmişdir ki, Azərbaycan sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir. Aparılan siyasət xalq tərəfindən dəstəklənir. Siyasət konkret işlərlə ölçülür. Həyata keçirilən siyasətin təməlində konkret işlər, real inkişaf, söz yox, əməl dayanır və verilən hər bir söz həyatda öz əksini tapır. Ona görə də xalq tərəfindən göstərilən etimad yüksək səviyyədədir. Sabitliyin, əmin-amanlığın əsas şərtləri məhz budur.

Ölkədə sabitliyin, qanunun aliliyinin yüksək səviyyədə təmin olunması iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasını da şərtləndirir. Bircə faktı qeyd etmək kifayətdir ki, ötən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə yatırılıb. Valyuta ehtiyatları 6,4 milyard dollar artaraq 51 milyard dollara çatıb. 2020-ci ilin ilk ayında valyuta ehtiyatları bir milyard dollar artaraq 52 milyard dollar olub. Bu faktlar dövlətimizin həyata keçirdiyi siyasətin bu gününə və gələcəyinə inamı nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 2011-ci ildə təsdiqlənən «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasında 2020-ci ilə qədərki dövr üçün nəzərdə tutulan əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, 3 dəfədən çox artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bugünümüzün reallıqları qeyd olunan hədəflərin gerçəkliyini nümayiş etdirir. Təkcə 2019-cu ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. Ümumi daxili məhsul 2,2 faiz, sənaye istehsalı 1,5 faiz artıb. Əsas prioritet olan qeyri-neft sektoru 14 faizdən çox artıb. Təbii ki, uğurlu statistik göstəricilər təkmil islahatların nəticəsidir. «Doing Business» hesabatında Azərbaycan ötən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Regionların inkişafı, biznes mühitinin yaxışlaşdırılması yeni iş yerlərinin yaradılması deməkdir. Ötən il 98 min yeni iş yeri yaradılıb.

Azərbaycanın bu gün yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan seçilməsi, özünü dünyaya sosial dövlət kimi təqdim etməsi də bu yeniləşmənin, təkmil islahatların, biri-birindən əhəmiyyətli sosial layihələrin icrasına nail olmasının nəticəsidir. Ötən il iki sosial paketin uğurlu icrası 4 milyondan artıq insana sevinc bəxş etdi, onların sosial müdafiəsini gücləndirdi. İki DOST mərkəzinin açılışı sosial xidmət sahəsində şəffaflığın təminatında, vətəndaş məmnunluğunun artmasında əhəmiyyətli rol oynadı. Azərbycan bu mühüm layihələrlə yeniliklərə imza atan ölkə kimi beynəlxalq aləmdə yerini möhkəmləndirdi. Ölkəmizdə idarəçilik sistemində təkmilləşmənin yol açdığı uğurlar sırasında yoxsulluqla mübarizə sahəsində əldə olunan nailiyyətlər təqdir edildi. 2003-cü ildə yoxsulluq səviyyəsi 49 faiz idisə, bu gün həmin rəqəm 5 faizdir. Cənab İlham Əliyev 2003-cü ildə Prezident kimi fəaliyyətə başladığı gündən yoxsulluq kimi sosial bəlanın aradan qaldırılmasının prioritetliyini önə çəkdi və bu istiqamətdə əhəmiyyətli Dövlət proqramları təsdiqləndi, uğurla icra edildi.

Dövlətimizin başçısı İlham Əliyevin ötən ilin ilk aylarında idarəçilik sistemində təkmilləşməyə xidmət edən Fərman və sərəncamları qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa yol açdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkədə islahatlar ardıcıl şəkildə aparılır. Kadr islahatları, ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdətin yaradılması davamlı uğurlara yol açan əsas amillər sırasındadır.

– 2019-cu il Azərbaycanın imzalar arasında görünən imzasına hansı yenilkləri əlavə etdi. Bu uğurlar fonunda 2020-ci ilin ilk ayını necə xarakterizə edərdiniz?

– 2019-cü ildə Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurların miqyası genişdir. İstər iki, istərsə də çoxtərəfli çərçivədə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı və nəticə bəllidir. Azərbaycan dünya müstəvisində çox etibarlı tərəfdaş imicini daha da möhkəmləndirdi. Dövlətimizin başçısı İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu statistikanı açıqlamışdır ki, il ərzində ölkəmizə 40-dan çox dövlət və hökumət başçısı səfər edib. Bu səfərlər həm ikitərəfli formatda, həm də beynəlxalq tədbirlərdə iştirak məqsədilə edilib. Ölkəmiz Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII, 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının XVIII , həmçinin Dünya Dini Liderlərinin II Zirvə Görüşünə ev sahibliyi etdi. Qoşulmama Hərəkatının Zirvə Görüşü çərçivəsində 120 üzv ölkənin yekdil qərarı ilə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisata sədrliyi öz üzərinə götürüb. Cənab İlham Əliyev Rusiyanın Soçi şəhərində «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında, MDB Dövlət Başçıları Şurasının Aşqabad Sammitində iştirak etdi. Dövlətimizin başçısının «Qarabağ Azərbaycandır və nida işarəsi» bəyanatı işğalçı dövlətə ciddi mesaj oldu.

Azərbaycanda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirildi. Bu sessiya çərçivəsində Şəki Xan Sarayı, Şəkinin mərkəzi hissəsi UNESKO-nun Dünya İrs Siyahısına daxil edildi. Bu uğurumuzu da xüsusi qeyd edək ki, ötən il Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhəri 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. Qeyd etdiklərimiz Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə işıq salmaqla yanaşı, yeganə prolemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdi. Uğurlarımız 2020-ci ilin ilk ayında da davamlılığı ilə diqqət çəkir. Ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunda dövlətimizin başçısı İlham Əliyevin iştirakı, ayrı-ayrı panel iclaslarında çıxışı, həmçinin bir sıra ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşləri Azərbaycanın etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyini nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Komandanı Tod Voltersin, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi- Müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətlərini qəbul edərkən bu kimi məqamlara xüsusi diqqət yönəltmişdir. NATO və Rusiya hərbi komandanları arasında görüşlərin Bakıda keçirilməsinin ənənəvi hal alması təbii ki, böyük uğurdur. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun, ən əsası dünyada sabit, təhlükəsiz ölkə kimi qazandığı imicin təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan görüşlərdə də vurğulamışdır ki, bu, çox doğru seçimdir. Bunu bizə olan etimadın, hörmətin əlaməti hesab edirik: “Çünki istənilən başqa ölkə seçilə bilərdi. Lakin Bakının seçilməsi o deməkdir ki, bizim həqiqətən də çox güclü tərəfdaşlarımız var.””

-Vüqar müəllim, möhtərəm Prezidentimiz İlham Əliyev Türkiyənin Xarici İşlər nazirinin rəhbərlik etidyi nümayəndə heyəti ilə görüşdə Avropa Şurasının ölkəmizə qarşı qərəzli mövqeyinə xüsusi diqqət yönəltdi. Bir vətəndaş, mətbuat nümayəndəsi olaraq bu gün ölkəmizə ikili standartlardan yanaşmanı necə şərh edərdiniz?

Azərbaycanın bütün sahələrdə uğurlu inkişafı göz önündədir. Nəzərə alsaq ki, ölkəmizdə siyasi və iqtisadi islahatların vəhdətliyinin qorunması bütün dövrlərdə öz aktuallığını qoruyur, Azərbaycanın nəinki iqtisadi uğurları, eyni zamanda, demokratiya təcrübəsi dünyanın diqqətindən kənarda qalmır. Ən əsası Azərbaycan demokratiya təcrübəsi nümunə olan ölkə kimi təqdir edilir. Bəzi beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının Azərbaycana qarşı qərəzli mövqeyi təbii ki, uğurlarımızı həzm etməyən qüvvələrin çirkin niyyətlərinin məhsuludur. Azərbaycanın demokratiya yolunda inamla irəliləməsini gözü götürməyən, ən əsası bütün uğurlarımıza qara eynəkdan baxmağa adətkar olan ermənipərəst dairələr mütəmadi olaraq qərəzli hesabatları, qətnamələri ilə dünyanın diqqətini Azərbaycana yönəltməyə cəhd göstərirlər. Dövlətimizin başçısı İlham Əliyevin təkçə işğalçı dövlətin timsalında söylədiyi demokratik dəyərlərin kobud şəkildə pozulmasına biganə yanaşmalar dünyanın ikili siyasətinin aydın mənzərəsini yaradır. Avropa Şurası kimi beynəlxalq qurumlar ədalət meyarını arxa plana keçirib, öz maraqlarını öndə saxlayaraq, ən əsası beynəlxaq hüququn norma və prinsiplərini, demokratik dəyər anlayışını müxtəlif dövlətlərə zamana və məkana görə tətbiq edirlərsə, artıq onların mövqeyinə inamsızlıq qaçılmazdır. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib.

Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan Azərbaycanın qeyd etdiyimiz istiqamətlərdə əldə etdiyi uğurların miqyası genişdir. Ölkəmizdə demokratik təsisatların inkişafı üçün bütün zəruri olan şərait yaradılıb. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, siyasi partiyaların və ictimai birliklərin fəaliyyətinə normal şəraitin yaradılması, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün qanunvericilik təkmilləşdirilir və beynəlxalq standartlara uyğunlaşdırılır. Daim qeyd edildiyi kimi, atılan addımlar hansısa təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın tutduğu yoldur, mövqeyidir, uğurlu gələcəyi üçündür. Azərbaycan müstəqil dövlətdir, heç bir kənar qüvvənin diktəsi ilə oturub durmur. Cənab İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.

Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə bu əminlik də ifadə edilmişdir ki, 2020-ci ildə də Azərbaycan uğurla inkişaf edəcək, daha güclü dövlətə çevriləcək…

-Əvvəldə də qeyd etdiyimiz kimi, möhtərəm Prezdentimiz İlham Əliyevin təkmil islahatları davamlı inkişafa hədəflənib. Dövlətimizin başçısı islahatların alternativsizliyini bildirir. Ölkəmizdə təcrübə ilə gənclərin dinamizmi arasında vəhdət yaradılması prioritet məsələlərdəndir. Cənab İlham Əliyevin 2020-ci ili ölkəmizdə “Könülüllər il”i” elan etməsində də məqsəd gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etməkdir. Azərbaycanda həyata keçirilən gəncləşmə siyasəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Belə ki, Davos Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında moderatorun dövlətimizin başçısına ünvanladığı suallar sırasında “Hökuməti yeniləməyinizi müşahidə etmək mənim üçün maraqlı idi. Siz gənc texnokratları sıralarınıza cəlb etmisiniz» fikri xüsusi yer almışdır. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir: “Bəli, tamamilə doğrudur, hökumət dəyişdi. Hökumətə yaxşı təhsil almış, müasir baxışlı yeni insanlar dəvət olunmuşdur. Çünki dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, iyirmi birinci əsrdə iyirminci əsrin baxışı ilə uğur qazanmaq olmaz.»

Təbii ki, zaman dəyişir, həyat yerində durmur. Qarşıda yeni çağırışlar, vəzifələr dayanır. Bu gün Azərbaycanın uğurlu inkişafı aparılan islahatlarla sıx bağlıdır.

Son 16 ildə Azərbaycanın hər sahədə qazandığı uğurlara diqqət yetirsək, onların gələcək inkişafımızla bağlı xoş təsəvvür yaratdığını aydın görərik. Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmizi qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Son 16 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir. Bu baxımdan ki, hər bir ölkənin inkişafında əsas amil sabitlik və iqtisadi tərəqqidir. Dünyada təhlükəsiz ölkə, sabitlik diyarı kimi nüfuz qazanan Azərbaycan, həmçinin iqtisadi möcüzələr ölkəsi kimi tanınır. Malik olduğu enerji resurslarından səmərəli istifadə etməklə əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə nail olan Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrilib. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa sosial və iqtisadi layihənin həyata keçirilməsi qeyri-mümkündur. Enerji layihələri dostluq, əməkdaşlıq əlaqələrinin inkişafında körpü rolunu oynayır. Uğurlu sonluqla başa çatan hər bir layihə növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir. Elə bu faktın özü Azərbaycanın dayanıqlı inkişafının qaçılmaz olduğunun göstəricisidir. Təhsilin, elmin və iqtisadiyyatın vəhdətliyinin qorunması fonunda neft kapitalının insan kapitalına çevrilməsi ölkəmizin bütün iqtisadi çətinliklərdən uğurla çıxmasına geniş imkanlar yaradır. «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiqlənən «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur. Müasir dövrün informasiya texnologiyaları əsri olduğunu nəzərə alsaq, iqtisadiyyatın inkişafında əsas amil olan yeni texnologiyaların inkişafı və tətbiqi kadr hazırlığını zərurətə çevirir ki, Azərbaycanın bu sahədə də uğurları təqdirəlayiqdir.
Azərbaycanın davamlı uğurlarında, beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətlərini də xüsusi qeyd etməliyik. Zamanın sınaqlarından çıxmış “Tarixinə sahib çıxan xalq məğlubedilməzdir” tezisinə istinad etsək, Mehriban xanım Əliyevanın tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin inkişafı, həqiqətlərimizin təbliği istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyətinin əsas istiqamətlərindən biri əhalinin, xüsusilə qayğıya ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsidir.
Bütün bu uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin böyük inamla söylədiyi “2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək” əminliyinin əsaslarıdır. Cənab İlham Əliyev «Azərbaycan Respubilkası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda, ümumilikdə son 16 ilin statistikasına diqqəti yönəldərək bildirmişdir ki, uğurlu inkişafımızı, sabitliyi şərtləndirən, cəmiyyətdə xoş əhval-ruhiyyəni formalaşdıran siyasətimiz və addımlarımızdır. Nəyi demişiksə, onu da etmişik: “Bir dənə də icra edilməmiş vəd yoxdur. Heç kim bunu tapa bilməz. 2003-cü ildə və ondan sonrakı illərdə nəyi demişəmsə, onu da etmişəm. Ona görə bizim sözümüzə də, işimizə də xalq tərəfindən böyük inam var. Mən həmişə demişəm ki, bizim sözümüzün qüvvəti imzamız qədər olmalıdır və bu gün bu, belədir.»

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı