Ombudsman Qətərin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Qətər dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini onun xahişi ilə qəbul edib.
Tanışlıq məqsədi daşıyan görüşdə Müvəkkil Azərbaycanda 15 ildən artıqdır fəaliyyət göstərən Ombudsman təsisatının insan hüquqları sahəsində böyük işlər gördüyünü, bu sahədə dövlət qurumları və vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırmış, bu qarşılıqlı əlaqələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.
Ombudsman Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi” ilə elan edilməsinin, IV İslam Həmrəyli Oyunlarının ölkəmizdə keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə çox böyük töhfə verdiyini qeyd edib, beynəlxalq əlaqələrin zəruriliyini önə çəkərək, digər həmkarları ilə olan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, rəhbərlik etdiyi təsisatla bir çox xarici həmkarları arasında qarşılıqlı əməkdaşlıq müqavilələrinin imzalandığını vurğulayıb, eyni zamanda Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti olduğunu qonağın diqqətinə çatdırıb.
Müvəkkil cari ilin 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı ərazilərə və mülki obyektlərə hədəflənmiş şəkildə və qəsdən şiddətli atəşə tutulması nəticəsində 50 yaşlı Sahibə Allahverdiyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olduğunu, Səlminaz Quliyevanın ağır yaralandığını və mülki obyektlərin dağıdıldığını səfirin diqqətinə çatdırıb. O, qeyd edib ki, bu hadisə ilə bağlı Bəyanatı çoxsaylı nüfuzlu beynəlxalq təşkilatlara və xarici ombudsmanlara göndərilib, bu yaxınlarda iştirak etdiyi beynəlxalq forumda bu barədə iştirakçılara ətraflı məlumat verib və insanlığa qarşı törədilən bu qatı cinayətlərə beynəlxalq hüquqi qiymətin verilməsinə, Azərbaycanın zəbt olunmuş torpaqlarının azad olunması, yüz minlərlə məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və onların pozulmuş hüquqlarının bərpasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə dəstək verməyə çağırıb.
Səfir səmimi qəbul, faydalı fikir və məlumat mübadiləsinə görə E.Süleymanovaya təşəkkürünü bildirib, Qətərlə Azərbaycan arasında bir çox sahədə sıx əməkdaşlığın mövcud olduğunu qeyd edib. O, ölkəsində insan hüquqlarının vəziyyəti, habelə Qətərin Milli İnsan Hüquqları Komitəsinin fəaliyyəti barədə məlumat verib.
Qonaq son günlər ölkəsinə qarşı tətbiq edilmiş ədalətsiz sanksiyaların körfəz ölkələrində siyasi-iqtisadi sahədə problemlər yaratmaqla yanaşı, ictimai həyatda da böyük çətinliklərə yol açdığını söyləyib. O, nəticədə Körfəz ölkələrində yaşayan minlərlə Qətər vətəndaşının hüquqlarının pozulduğunu nəzərə çatdırıb.
Müvəkkil digər sahələrdə olduğu kimi, insan hüquqları sahəsində də Qətər və Azərbaycanın əməkdaşlığının əhəmiyyətli olduğunu qeyd edərək, bu istiqamətdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin mühüm əhəmiyyəti olacağını vurğulayıb.
Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqi nəşrlər, Müvəkkilin illik məruzələri, habelə fəaliyyətini əks etdirən disklər və adı çəkilən Bəyanatı səfirə təqdim olunub.