ƏSAS SƏHİFƏ

Orxan Məmmədov: Məqsədimiz kiçik və orta sahibkarlığı Azərbaycan iqtisadiyyatında əsas hərəkətverici qüvvəyə çevirməkdir

238

Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Biznes inkubatorlar kiçik sahibkarlığın inkişafında uğurlu platformadır” mövzusunda tədbir keçirilib.

Tədbirdə dövlət orqanlarının və ali təhsil müəssisələrinin, texnoparkların, biznes inkubatorların iştirakçıları, startap nümayəndələri və bu sahədə ixtisaslaşmış ekspertlər iştirak edib.

Tədbirdə çıxış edən Kiçik və orta sahibkarlığın inkişafı üzrə Agentliyin icraçı direktoru Orxan Məmmədov bildirib ki, tədbirin mövzusu aktuallığı ilə yanaşı, sahibkarlığın inkişafı, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən biznes inkubatorların, uğurlu startap layihələrinin tanıtımı və bu layihələrin iştirakçıları arasında əməkdaşlığın təşviqi baxımından olduqca əhəmiyyətlidir.

O qeyd edib: “Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq kiçik və orta sahibkarlığın inkişafı hər zaman diqqət mərkəzində olmuşdur. Bu istiqamətdə aparılan islahatların əsas məqsədi, kiçik və orta sahibkarlığı, Azərbaycan iqtisadiyyatının inkişafına təkan verən və əsas hərəkətverici amilə çevrilməsini təmin etməkdir.

Aparılan islahatların ardıcıllığının təmin olunması, habelə, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli 1771 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılmışdır.

Agentlik sahibkarları dəstəkləyən, onlara bir sıra xidmətlər göstərən, dövlət orqanlarının və təşkilatlarının bu sahədə göstərdikləri xidmətlərin bir məkanda – “Kiçik və Orta Sahibkarlıq Evləri”ndə təşkilini, əlaqələndirilməsini, qiymətləndirilməsini və tənzimlənməsini vahid səlahiyyətli qurum kimi həyata keçirəcəkdir”.

Agentliyin icraçı derektoru qeyd edib ki, qurumun fəaliyyəti əsasən 3 istiqamətə yönələcək:

“Birinci istiqamət mövcud olan biznesə dəstək verilməsi tədbirlərini əhatə edəcək və əsasən yerli biznes subyektlərinin beynəlxalq bazarlara çıxışını təmin etmək, dövlət orqanları və təşkilatları tərəfindən sahibkarlara təqdim olunan xidmətlərin “bir məkan prinsipi” ilə həyata keçirilıməsinə yönələcəkdir;

İkinci istiqamət yeni ideya və biznesin inkişafına dəstək tədbirlərini əhatə edəcək və əsasən startap layihələrinin, biznes və marketinq planlarının hazırlanması, güzəştli maliyyə vəsaitlərinə şəffaf çıxış imkanlarının təmin olunmasına yönələcəkdir.

Üçüncü istiqamət isə biznesin başlanması və həyata keçirilməsi üçün dövlət orqanları və təşkilatları tərəfindən bütün prosedur və hüquq müəyyənedici sənədlərin, o cümlədən, sahibkarlıq subyektlərinin qeydiyyatı, lisenziya və icazələrin verilməsi, bank və notarial xidmətlərin bir məkandan -“Kiçik və Orta Sahibkarlıq Evləri” vasitəsilə həyata keçirilməsinə yönələcəkdir.

Əsas məqsədimiz KOS-un inkişafı üzrə daha əlverişli biznes mühitinin formalaşdırılması, KOS-un rəqabətqabiliyyətliliyinin və iqtisadiyyatdakı rolunun artırılması, ölkədə istehsal olunan iş və xidmətlərin bütün mümkün hissəsinin, xüsusilə intellektual hissəsinin KOS-un və nəticədə, innovasiyaların inkişafı yolu ilə yaradılmasına nail olunması, KOS-un məşğulluğun təmin edilməsindəki rolunun artırılması, KOS subyektlərinin ixrac etdikləri malların ölkənin ümumi ixracındakı payının artırılmasına nail olmaqdır. Bütün bu tədbirlərin həyata keçirilməsi nəticəsində KOS-un ÜDM-də və məşğulluqda payının yüksəldilməsi qarşımızda hədəf olaraq müəyyən edilmişdir”.

Sonda 18 biznes inkubator arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyətin həyata keçirilməsinə dair memorandum imzalanıb.

Trend

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı