MƏDƏNİYYƏT 2020.11.05 09:00

“Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin onlayn açılışı olub

62

Biləsuvar rayonunda “Oxu məni, öyrədim səni” mütaliə müsabiqəsi layihəsinin açılış mərasimi olub. Açılış mərasimi pandemiya ilə bağlı mövcud şərait nəzərə alınaraq onlayn şəkildə həyata keçirilib.

Layihənin açılış mərasimində layihə rəhbəri Firuzə Xammədova, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, məktəb direktorları və dil-ədəbiyyat müəllimləri iştirak ediblər.

F.Xammədova ilk olaraq Təhsil Nazirliyinin məktəb və müəllimlərin ideyalarını həyata keçirmək üçün bu yaratdığı qrant müsabiqəsi haqqında ətraflı məlumatlar verib. Bildirib ki, layihənin məqsədi məktəblilər arasında bədii və elmi əsərlərə maraq oyatmaq, onlarda söz ehtiyatını artırmaq, müstəqil fikir yürütmə bacarığını inkişaf etdirmək, asudə vaxtlarını səmərəli keçirməkdən ibarətdir.

O vurğulayıb ki, əvvəlcə layihənin təbliğat işlərini aparmaq üçün könüllülərdən ibarət işçi qrupu yaradılıb. Bu işçi qrup bir ay müddətində məktəblilər üçün virtual məktəbdə təqdimatlar keçirməklə layihə barədə məlumat verəcək. Həmçinin ikinci mərhələdə məktəblər üzrə seçilmiş 10 ədəbiyyat müəlliminin onlayn təlimlərinə start veriləcək. Üç gün davam edəcək təlimlərdən sonra iştirakçı müəllimlər təmsil etdikləri məktəblərdən müsabiqə üçün şagirdlər seçəcəklər. Müsabiqə beş mərhələdə həyata keçiriləcək. Müsabiqənin final və mükafatlandırma mərhələsi bitdikdən sonra layihənin hesabat dövrü başlayacaq.

Daha sonra çıxış edən deputat Bəhruz Məhərrəmov, Biləsuvar rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov və məktəb direktorları layihə barədə fikirlərini bölüşüb, iştirakçılara uğurlar arzulayıblar.

Qeyd edək ki, layihə Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi çərçivəsində qalib olub və dekabrın 15-dək davam edəcək.

 

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı