CƏMİYYƏT 2020.03.20 12:20

Partiya Sədrinnən Novruz Təbriki

74

Azərbaycan respublikası prezidenti cənab İlham Əliyevin son aylarda atdığı addımlar siyasi partiyaların indiki durumundan narahatlığını göstərməklə yanaşı, bu vəziyyəti düzəltmək, partiyaların cəmiyyətdə rolunu artırmaq üçün ən radikal planlarının olduğunu nümayiş etdirdi.

Prezident administrasiyasında geniş səlahiyyətlərə malik xüsusi qurumun- siyasi partiyalar və qanunverici hakimiyyətlə əlaqə şöbəsinin yaradılması və böyük idarəçilik təcrübəsi olan Ədalət Vəliyevin onun rəhbəri təyin edilməsi dövlət başçısının bu istiqamətə nə qədər mühüm yer verdiyini, siyasi partiyaların islahatlar prosesində aktiv iştirakını təmin etmək, xarici qüvvələrin təsiri altına düşənləri doğru yola qaytarmaq niyyətini  göstərdi. Şöbə müdirinin vaxt itirmədən siyasi partiyalarla görüşlərə başlaması və bu görüşlər barədə müntəzəm olaraq möhtərəm prezidentimizi məlumatlandırması cəmiyyətdə qarşıdurma istəməyən hər kəs tərəfindən razılıqla qarşılandı.

Görüşlərdə hörmətli Ədalət Vəliyevin heç bir vaxt və mövzu məhdudiyyəti qoymaması  partiya sədrlərinə rahat şəkildə öz düşüncələrini və problemlərini səsləndirmək imkanı verdi. Görüşlərdən müxtəlif bəhanələrlə imtina edən partiyaların davranışları və gətirdikləri bəhanələr heç kimi təəccübləndirmədi. Onların belə münasibət göstərəcəyini əvvəlcədən proqnozlaşdırmaq  heç də çətin deyildi. Çünki normal münasibətlərin yaradılması, dialoq mühitinin formalaşması qarşıdurmadan faydalanan qüvvələrin maraqlarına qətiyyən uyğun gəlmir. Şəxsi maraqlarını əsas götürüb müxalifətin əməkdaşlığına hər vasitə ilə mane olanların iqtidarla dialoqa can atacağını düşünmək sadəlövhlük olardı.

Novruz bayramı münasibətilə xalqa müraciətində bu mühüm məsələyə bir daha qayıdan dövlət başçısı xarici güclərdən asılı vəziyyətə düşən partiyaların görüşlərdən əsassız bəhanələrlə yayındığını və formalaşmaqda olan “yeni siyasi konfiqurasiyada beşinci kolonun satqın, xain nümayəndələrinə yer olmayacağını” qətiyyətlə bəyan etdi.

Bütün hallarda ilk mərhələnin mütləq qalibi dialoqdan kimin qaçdığını bütün dünyaya nümayiş etdirən Azərbaycan hakimiyyəti oldu. Müstəqil Azərbaycan tarixində ilk dəfə parlamentin rəhbər orqanlarında müxalifət partiyalarının geniş təmsil olunması bu qələbəni bir az da möhkəmləndirdi. Cəmiyyətin geniş dəstəyini qazanan prezidentimizin növbəti addımlarını hamı böyük maraqla gözləyir.

Abutalıb Səmədov,

Azərbaycan Naminə Alyansın sədri

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı