CƏMİYYƏT 2020.02.19 10:19

“Prezident içğalçı ölkənin hökumət başçısının bütün arqumentlərini yerlə-yeksan etdi”

104

Mübariz Göyüşlü: “İnqilab” nağılları ilə dünyanı aldadacağını zənn edən erməni baş nazir artlq anlayır ki, vaxt onların əleyhinə işləyir”

Xəbər verildiyi kimi, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirəsi keçirilib. Müzakirə zamanı Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışıb və faktlar əsasında göstərib ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir. Paşinyan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməkdən başqa çıxış yolu tapmayıb.

Müasir İnkişaf Birliyinin sədri, Dialoq.info saytının baş redaktoru Mübariz Göyüşlü “Palitra”ya bildirdi ki, müzakirəni izləyən hər kəsdə ancaq bir fikir formalaşdı: Prezident İlham Əliyev bir dünya lideri olaraq düşmən ölkənin yalançı və saxtakar hökumət başçısının bütün arqumentlərini yerlə-yeksan etdi: “Bu fikirləri yalnız biz azərbaycanlılar və yaxud da bizə dost olan dövlətlər və millətlər səsləndirmir, Ermənistanın öz daxilində ən müxtəlif düşərgələri təmsil edən siyasətçilər, ictimai fəallar, jurnalistlər də bəyan edirlər. Hər kəs Ermənistanın haqsız olduğunu anlayır, işğalçı dövlətin rəhbərliyinin yürütdüyü siyasətin dalana dirəndiyini qəbul edir.

Azərbaycan Prezidentinin ilk zərbəsi tarixi faktları gündəmə gətirmək oldu. Əminəm ki, Paşinyan belə bir həmlə gözləmirdi. İlham Əliyevin Kürəkçay müqaviləsini və digər sənədləri qeyd etdikdən sonra, onların internetdə də mövcud olması fikrini söyləməsi qarşı tərəfin gərginliyini artıran əsas məqamlardan oldu. Doğurdan da bu sənədlər real tarixi faktlardır və hər kəs onları internetdən açıb baxa bilər. Bu sənədlərin hamısı erməni yalanlarına qarşı olan faktlarla zəngindir. Prezident İlham Əliyevin də dediyi kimi, Kürəkçay müqaviləsi, orada ermənilərdən bir sətir, bir cümlə belə qeyd olunmaması kifayət edir bəyan edək ki, ermənilər Qafqaza, Qarabağa gəlmədilər və tarixi Azərbaycan torpaqlarını qəsb edərək orada özlərinə dövlət qurublar”.

Mübariz Göyüşlü qeyd etdi ki, erməni baş nazirin yalanları bitib-tükənmirdi: “O öz çıxışında 1994-cü ildə Bişkek Protokolunu imzalayan tərəflərdən birinin Dağlıq Qarabağın nümayəndəsi olduğunu deməklə daha bir saxtakarlığa imza atmış oldu. Bununla Paşinyan hər kəsə sübut etməyə çalışırdı ki, guya Azərbaycan vaxtilə Dağlıq Qarabağı bir qurum kimi tanıyıb. Amma sənəddə qondarma qurumu təmsil edən bir nəfərin də adı qeyd olunmayıb. İndiyə qədər Paşinyandan əvvəlki erməni liderlər də Azərbaycan tərəfi ilə danışıqlar zamanı bu barədə söz açmayıb. Çünki hər kəs belə bir halın olmadığını gözəl bilir. Amma nədənsə, Paşinyan beynəlxalq ictimaiyyətin “gözünə kül üfürməklə” düşdüyü çətin situasiyadan çıxmağa çalışır. Çalışdıqca isə daha da dərin quyuya yuvarlanır.

Paşinyanın orada səsləndirdiyi hər bir fikir saxtakarlıqdan, riyakarlıqdan, yalançılıqdan başqa bir şey deyildi. Onun fikirlərini geniş bir şəkildə təhlil etməyə gərək də yoxdur. Çünki populist şüarlarla zavallı və biçarə erməni xalqını aldadaraq hakimiyyətə gələn Paşinyan ardıcıl, sərrast, davamlı siyasətilə tarix yazan İlham Əliyevin qarşısında çox duruş gətirə bilməzdi və bilmədi də. İnqilab hay-küyü ilə erməniləri aldadaraq istəyinə nail olan Paşinyan hələ də “inqilab” havasındadır. “İnqilab” nağılları ilə dünyanı aldadacağını zənn edən erməni baş nazir artıq anlayır ki, vaxt onların əleyhinə işləyir. Əgər sülh yolu ilə torpaqları işğaldan azad etməzsə, o zaman Azərbaycan Ordusu bu işi hərb yolu ilə həyata keçirəcək. Bu isə Paşinyanın da, onu dəstəkləyən erməni lobbisinin də sonu demək olacaq”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı