BAXIŞ BUCAĞI 2020.04.15 17:25

Prezidenti hər şeydən əvvəl dövlətçilik, dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət maraqları düşündürür

76

Ötən gün 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan və videokonfrans şəklində keçirilən müşavirədə Prezident İlham Əliyevin etdiyi çıxış siyasi camiə tərəfindən böyük maraqla qarşılandı və müəyyən mənada həm də ajiotaj doğurdu. Bu gözlənilən idi. Çünki müşavirə sosial-iqtisadi məsələlərə həsr olunsa da, amma cənab Prezident öz nitqində bir sıra olduqca önəmli siyasi məqamlara, həssas nöqtələrə də toxundu və bir daha qətiyyətli siyasi mövqe nümayiş etdirdi. Prezident bu çıxışı ilə hər kəsə, iqtidar və ya müxalifət mövqeyi tutmasından asılı olmayaraq hər kəsə (xüsusən də radikal siyasi qüvvələrə) düşünmək üçün və doğru nəticələrə gəlmək üçün mövzular, istiqamətlər verdi. Mən ümid etmək istərdim ki, radikal müxalifət də ölkə başçısının bu çıxışından sonra bir qədər taym-aut götürəcək və bundan sonra yeni formatda, tamamilə konstruktiv əsaslarla siyasi mübarizə yolunu seçmək üçün düşünməyə, müxalifətdaxili müzakirələr aparmağa start verəcək. Çünki radikal müxalifətin İKT mütəxəssislərinin diliylə desək, həqiqətən də format olunmağa, yenilənməyə, keyfiyyətcə dəyişməyə ehtiyacı var. Həm də böyük ölçüdə ehtiyacı var. Cənab Prezident də sözügedən çıxışında məhz bu məqamlara toxundu. Gəlin həmin məqamları birlikdə nəzərdən keçirək.

Prezident ilk növbədə bu ilin fevral ayında keçirilmiş parlament seçkiləri nəticəsində formalaşan yeni tərkibli Milli Məclisdə müxalifət nümayəndələrinin önəmli postlara seçilməsi məsələsinə toxundu. Prezident qeyd etdi ki, “tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək”. Dövlət başçısı bütün diqqətləri məhz bu məqama fokuslamaqla müxalifətə ən yüksək səviyyədə – ölkənin qanunverici orqanı səviyyəsində “yaşıl işıq” yandırıldığını, iqtidar-müxalifət əməkdaşlığı üçün yeni imkanların açıldığını vurğulamış oldu.

Prezident müxalifətin qarşısında “yaşıl işıq” yandırılmasını nə üçün vacib və zəruri hesab edir? Bu sualın cavabını, izahını Prezidentin çıxışının davamında görə bilərik. Belə ki, Prezident qeyd edir ki, “indiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır”. Məqsəd gün kimi aydındır. Prezidenti hər şeydən əvvəl dövlətçilik, dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət maraqları düşündürür. Bu, ölkə başçısının yürütdüyü siyasətin təməl prinsipidir. Prezident dövlət olmazsa, dövlət müstəqilliyi qorunub saxlanılmazsa millətin də varlığının böyük bir sual altına, ciddi təhlükə altına düşəcəyini çox yaxşı bilir və buna görə də müxalifətlə əməkdaşlığın, iş birliyinin vacibliyini prioritet kimi önə çəkir. Məhz bu məqam cənab Prezident tərəfindən ölkənin siyasi reallıqlarına və perspektivlərinə inqilabi yanaşma sayıla bilər. Lakin Prezidentin siyasi proseslərə inqilabi yanaşma tərzi bununla da yekunlaşmır. O, çıxışında biraz da dərinə gedir, iqtidar-müxalifət münasibətlərinin bugününü və perspektivlərini hərtərəfli dəyərləndirməyə çalışır, ölkədə yeni vəziyyətin yarandığını, yeni siyasi konfiqurasiyanın formalaşdığını vurğulayır və eyni zamanda da bir daha siyasi dialoq məsələsinə qayıdır:”Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi. Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir. O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz”. Gördüyümüz kimi Prezident ölkədə siyasi dialoq mühitinin daha da dərinləşməsinə, oturuşmasına səy göstərir. Bu istiqamətdə proseslərin sürətlənməsini arzulayır. Əlbəttə, bu çox gözəl arzudur. Ancaq gəlin görək müxalifətin radikal qanadı da eyni arzu ilə yaşayırmı və Prezidentin ölkədə siyasi dialoq mühitinin birgə səylər əsasında formalaşdırılması üçün müxalifətə uzatdığı əli sıxmağa tələsirmi? Xeyr, təəssüf ki, biz siyasi üfüqdə radikal müxalifətin bu istək və davranışlarının hər hansı bir əlamətini müşahidə etmirik, görə bilmirik. Çünki radikal müxalifət siyasi dialoqda maraqlı deyil. Radikal müxalifətin forpostları və flaqmanları sayılan AXCP və Milli Şura “cütlüyü” siyasi dialoqda yox, konfrantasiyada, siyasi ədavət və düşmənçilik mühitinin davam etməsində maraqlıdır. Prezident də bunu hiss edir, görür və haqlı olaraq qeyd edir ki, “o ki qaldı bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz”.

Niyə düzgün olmaz?

Bax bu “niyə” sualını Cənab Prezident tam əsaslandırılmış, arqumentləşdirilmiş şəkildə cavablandırmaq üçün radikal müxalifətin son 27 illik fəaliyyət tarixçəsinə qısa ekskurs edir və onların bu illər ərzində keçib gəldiyi mərhələləri, siyasi fürsətçilik məqamlarını məntiqi ardıcıllıqla qeyd edir, bir-bir yada salır. Ən sonda isə radikal müxalifətin hazırki pandemiya böhranından öz çirkin siyasi maraqları üçün yararlanmağa çalışdıqlarını diqqətimizə çatdırır:”Koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var – düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq”. Prezident bu sözləri deyərkən haqsızdırmı? Yox, əsla! Prezidentin bu sözləri acı bir həqiqətin ifadəsidir, təsdiqidir. Prezident həqiqəti bütün çılpaqlığı ilə səsləndirməklə radikal müxalifətin bugünkü tablosunu cızdı. Bu bir siyasi tablodur. Prezident bu tablonu cızmaqla radikal müxalifətə imkan yaradır ki, onlar özlərinə kənardan baxsın və bu tabloda necə rəzil bir durumda göründüklərinin fərqinə varsınlar, heç olmasa bu məqamda özlərinə “dur” desinlər, siyasi fəaliyyətlərinə çəki-düzən versinlər.

Əks halda, AXCP-Milli Şura “çətir”i altına sığınan marginal siyasi qüvvələri nə gözləyir? Heç də xoş olmayan bir mənzərə. Çünki Prezident bəyan edir ki, “siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır”.

Əlbəttə, radikal müxalifət bu gün tarixin zibilxanasından qurtulmağa və “ikinci nəfəs” şansı əldə etməyə, yenidən toparlanmağa çalışır. Ancaq həmişəki kimi yenə də taktiki gedişlərdə ağır səhvlərə yol verir. Belə ki, Əli Kərimli, Cəmil Həsənli və digərləri tarixin zibilxanasından qurtulmağın yolunu sosial şəbəkələrdə təxribatçı-aqressiv çağırışlar etməkdə, əsassız ittihamlarla dolu bəyanatlar səsləndirməkdə və “Osmanqızı” kanalı kimi internet resursu üzərindən az qala hər gün pafoslu, çılğın çıxışlar etməkdə görürlər. Ancaq bütün bunlar səmərəsizdir. Bu yolun sonu yoxdur. Bu yolla “ikinci nəfəs” imkanı qazanmaq mümkün deyil. Radikal müxalifət ya məğlubiyyətini etiraf etməlidir, yadaki əgər tarixin zibilliyinə gömülmək və get-gedə marginallaşaraq tamamilə sıradan çıxmaq, heçliyə çevrilmək istəmirsə ölkə başçısının dünənki çıxışını dərindən təhlil etməlidir və özündə güc tapıb yeni keyfiyyət qazanmağa çalışmalıdır. Radikal müxalifət Prezidentin bu çıxışındakı dəyərləndirmələri isterik ovqatda qarşılamamalıdır, nifrət və düşmənçilik hissinə təslim olub özünü sağlam və doğru qərarlar qəbul etməkdən məhrum etməməlidir. Radikal müxalifət təcili surətdə özünü islah etməyə start verməlidir. Mən hesab edirəm ki, İlham Əliyevin bu çıxışı radikal müxalifətin son şansıdır. Əks halda, son şansını da düzgün dəyərləndirməyi bacarmayan bir siyasi qüvvə elə həqiqətən də tarixin zibilxanasında qalmağa və bundan sonra öz mövcudluğunu siyasi “offsayd”da sürdürməyə məhkumdur.

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı