Psixiatrların konfransında “İş yerində psixi sağlamlıq” mövzusu müzakirə edilib

Psixi Sağlamlıq Mərkəzində Ümumdünya Psixi Sağlamlıq Gününə həsr olunmuş konfrans keçirilib. Tədbirdə psixi sağlamlıq sahəsinin aparıcı mütəxəssisləri, Ədliyyə və Fövqəladə Hallar nazirliklərinin və bir sıra ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, konfrans Dünya Səhiyyə Təşkilatı nümayəndəsinin Psixi Sağlamlıq Gününə dair müraciəti ilə açılıb. Dünya Səhiyyə Təşkilatının təklifi ilə bu il “İş yerində psixi sağlamlıq” mövzusu seçilib.

Konfrans iştirakçıları Ümumdünya Psixi Sağlamlıq Günündə psixi sağlamlıq sahəsinə ayrılan böyük dövlət qayğısını xüsusi vurğulayıb və müzakirə olunan mövzu ilə əlaqədar geniş məlumatlar təqdim ediblər. Tədbirdə psixi sağlamlıq sahəsində göstərilən xidmətlərin yaxşılaşdırılması üçün görülən və nəzərdə tutulan planlar müzakirə olunub. Psixi Sağlamlıq Mərkəzinin mütəxəssisləri ötən il ərzində və bu ilin doqquz ayında görülən işlər, yeni pilot proqramları və digər ölkə mütəxəssisləri ilə birgə keçirilmiş layihələr barədə tədbir iştirakçılarına məlumat veriblər.

Uşaqlara göstərilən psixiatriya yardımında yeniliklər, həmçinin yeni reabilitasiya növləri, psixoloji maarifləndirmə və sosial bacarıqların inkişaf proqramları barədə ətraflı söhbət gedib.

Konfrans iştirakçıları həm də psixi sağlamlıq sahəsinin gələcək inkişaf perspektivlərini və ölkəmizdə psixi xəstəliklərdən əziyyət çəkənlərin hüquqlarının qorunması məsələsini və onların sosial inteqrasiyasını də müzakirə ediblər.

AZƏRTAC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here