Qadınların qorxduğu xəstəlik: Yumurtalıqdakı kistalar

Qadınların çoxunun yaşadığı qorxu və narahatlıqlardan biri də yumurtalıq kistalarıdır. Yumurtalıqlar kiçik çanaq boşluğunda yerləşən orqanlar olub, ən sadə müalicə tələb etməyən kistalardan başlayaraq, yumurtalıq xərçənginə qədər müxtəlif xəstəliklərə sahib ola bilər. Sadə şəkildə desək kistalar kisə şəkilli, nazik divarlı, adətən maye tərkibli törəmələrdir. Yumurtalıq kistaları yumurtalıq xəstəlikləri içərisində ən çox rast gəlinənidir. Hər bir qadın həyatının hər hansı bir dönəmində yumurtalıq kistası ilə qarşılaşa bilər.

Bu sözləri Bioloji Təbabət Klinikasının həkimi, ginekoloq Gülnar İbrahimova  qadınlarda çox rast gəlinən yumurtalıqlardakı kistasından danışarkən deyib.

– Gülnar xanım, yumurtalıq kistaları hansı əlamətlərlə özünü biruzə verir?

– Yumurtalıqlar yerləşmə yerinə görə patoloji hallarda çox az klinik əlamətlər verir. Bu səbəbdən yumurtalıq kistaları adətən heç bir əlamət vermir. Təsadüf müayinədə aşkarlanır. Bəzən yumurtalıq kistaları çox iri ölçülərə çatır, qarında şişkinlikdən başqa əlamətləri olmur. Ancaq elə hallar da ola bilər ki, bu kistalar menstruasiya pozğunluqları (ən çox rast gələn əlamət), qarında şişkinlik, qarnın aşağı hissəsində, bel nahiyəsində ağrı, defekasiya aktında pozğunluq, cinsi əlaqədə ağrı kimi özünü göstərə bilər.

– Bu kistaların ağırlaşması zamanı hansı fəsadlar ola bilər?

– Kistanın burulması və ya partlaması halları baş verə bilər ki, bu olduqca təhlükəli haldır. Həmin an təcili həkimə müraciət etmək lazımdır. Bu ağırlaşmalar zamanı qarında anidən yaranan kəskin sancı, ağrı, ürək bulanma, qusma kimi əlamətlər meydana çıxır. Yumurtalığın burulması zamanı ona gələn qan damarları da burularaq sıxılır, yumurtalığın qidalanması pozulur, gec müdaxilə olarsa yumurtalıq toxumasının nekrozu baş verər, və yumurtalığı xilas etmək olmaz. Kistanın partlaması zamanı isə daxili qanaxma olur. Qanaxmanı bəzən durdurmaq mümkün olsa da, xəstə nəzarətə götürülməlidir, cərrahi müdaxilə lazım ola bilər.

– Yumurtalıq kistaları həmişə xoş xassəlidirmi?

– Yuxarıda qeyd etdiyim kimi yumurtalıq kistaları çox zaman təsadüfi müayinə zamanı aşkarlanır. Və görünən kistaların çoxu xoş xassəlidir (75-80%).Xüsusilə də 20-45 yaşları arasında qadınlarda görünən kistalar buna daxildir. Qadında yumurtalıq kistası aşkarlandıqdan sonra əməliyyatın lazım olub-olmadığını təyin etməmişdən əvvəl prosesin xoş və ya bəd xassəli olması müəyyənləşdirilməlidir. Çünki bu hal həm müalicə taktikasının seçilməsində, həm də icra ediləcək əməliyyatın həcmi baxımından fərqli yanaşma formalaşdırır.

– Kistaların müayinəsində hansı əlamətlərə diqqət yetirirsiniz?

– Kistaların dəyərləndirilməsində xəstənin yaşına (yeniyetmə yaşına çatmamış menstruasiya görməyən qizda və menopauza dövründə olan qadında görünən kistalar daha qorxuludur), kistanın ölçüsu və görünüşünə, xəstənin şikayətlərinə, davamlı müayinə zamanı ölçülərinin kiçilməməsi yaxud ölçülərinin böyüməsinə, xəstənin anamnezinə (kistanın neçə müddətdir aşkar olunduğu, övlad sahibi olub olmadığı, kistaya görə müalicə alıb-almadığı) xəstənin ailə anamnezinə (ailə üzvlərində və ya yaxın qohumlarda yumurtalıq xərçəngi və ya süd vəzi xərçəngi olub olmadığı) və qanda onkomarkerlərin miqdarına xüsusi diqqət yetirmək lazımdır.

– Qadınlarda ən çox rast gəlinən yumurtalıq kistaları hansılardır?

– Xəstənin müayinəsi zaman daha çox funksional kistalar ilə rastlaşırıq. Bu kistalar follikulların böyüməsi və ya sarı cismin geri sorulmamasıyla yaranır. Reproduktiv dövrdə olan qadında (uşaq dünyaya gətirmə yaşında olan) ən çox rast gəlinən kistalardır. Bundan başqa follikulyar kistalar da vardır ki, bu da adından göründüyü kimi dominant follikulun böyüməyə davam etməsi nəticəsində yaranır. Adətən 5 sm-dən kiçik olur və şikayət vermir, bir neçə menstrual sikldən sonra öz özünə geri sorulur. Əgər müayinə nəticəsində aşkarlanarsa, müalicəsində OK istifadə olunur. Kistaların sarı cisim kistalar növü də var. Bu kistalar adətən ağrı verir. Kista sarı cismin normadan artıq böyüməsi və içinə qansızma nəticəsində yaranır. Sarı cisim ortadan qalxmadığı üçün progesteron ifrazı davam edir. Və bunun nəticəsində menstruasiya gecikə bilir. Bu kistalar follikulyar kistalardan daha böyük olur, 8-10sm-ə qədər böyüyə bilir. Bu kistalar da özbaşına yaxud müalicə neticəsində geri sorula bilir. Lakin follikulyar kistalardan daha gec sorulur. Bundan başqa kistaların digər növlərinə də rast gəlmək olar. Bunlar endometrioma, yəni “şokolad kistası” kimi tanınan bu kista içi qəhvəyi rəngli köhnə qanla dolu olan bir kistadır. Uşaqlığın daxili qatının (endometriya qatının) yumurtaliqda yerləşməsi nəticəsində yaranır. Adətən yanaşı olaraq ətraf toxumalarda da endometrioz ocaqlara rast gəlinir. Xəstələr adətən ağrılı və bol qanaxmalı menstruaiya, sonsuzluq və cinsi əlaqə zamnı ağrının olması şikayətləriylə müraciət edirlər. Müayinə və müalicəsində qızıl standart laporoskopiyadır, yəni laporoskopik üsulla kistanın çıxarılmasıdır. Endometriozun müalicəsi əsasən sonsuzluq və ağrı probleminin həll edilməsinə yönəlir. Endometriozun cərrahi müalicəsindən sonra hamilə qalmaq şansı 30-70 faiz artır. Həmçinin yumurtalıqların polikistoz sindromu deyilən bir sindrom da var ki, bu çox sayda və çox kiçik ölçüdə kistlərin yumurtalığın periferiyasında yerləşməsidir. Bu halın səbəbi hər ay partlaması gərəkən follikulların yetişib partlaya bilməməsi və yumurtalıqlarda xırda kistlər şəklində yığılıb qalmasıdır. Bu xəstələr adətən piylənmə, sonsuzluq, aknelər (üz səpgiləri), girsutizm (tüklənmə), menstruasiya gecikmələri şikayətləri ilə müraciət edirlər. Digər növ isə dermoid kistadır. Qeyd etmək lazımdır ki, 20 yaşdan kiçik qızlarda müşahidə olunan yumurtalıq şişləri arasında ilk sırada yer alır. 20-40 yaşlar arasında daha çox rast gəlinir. Dermoid teratomanın esas terkibi dəri və dəriyə aid olan toxumalardır (tük,dırnaq,yağa bənzər qatı maye). Bəzən daxilində bağırsağın selikli qişası, tənəffüs sisteminə aid toxumalar, diş,sümük aşkar edilir. Bədxassəli şişə çevrilmə ehtimalı 1-3%-dir. Adətən heç bir klinik əlamət vermir, təsadüfən aşkar edilir. Müalicəsi cərrahidir. Dermoid kista adətən reproduktiv dövrdə olan qadınlarda aşkar edildiyindən əməliyyat zamanı yumurtalıqlar mümkün olduğu qədər saxlanılmalıdır.

AXAR.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here