MƏDƏNİYYƏT 2019.12.05 17:01

Nəsimiyə Azərbaycan pasportu verək – Şeyx

582

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Nəsimi-650: Haqqın carçısı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir Qurani-Kərimin oxunması ilə başlayıb.

Daha sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edib: “Nəsimi ili”nin elan edilməsi Azərbaycan xalqının milli-mənəviyyatına verilən bir qiymətdir. Nəsimi böyük şəxsiyyətdir, əhli-beyt şairidir. O dövrdə onun əzab çəkməsi, şəhid olmasına gətirib çıxaran məsələlərdən biri də məzhəblərin qarşı-qarşıya olmasıdır. Amma Nəsimi hər zaman Allah aşiqi olub. Hələ sovet dövründə ümumilli lider Heydər Əliyev Suriyaya səfəri zamanı Nəsiminin qəbrini ziyarət elədi. O gündən Nəsimiyə verilən qiymət dəyişdi. Deyərdim ki, “Nəsimi ili”nin keçirilməsi üçün nə imkan vardısa, Heydər Əliyev onu sovet dövründə elədi. Nəsimi də sovet pasportu aldı. Mən buna da heyfslənmirəm. O dövrdə Nəsimi haqqında yazılan kitabların məğzinə baxanda onu allahsızlığa tərəf sürükləmək, bununla onu müasirləşdirmək istəyirdilər. Amma bu, Nəsiminin düşüncəsinə kölgə salmaq idi. Allaha şükür ki, cənab İlham Əliyev “Nəsimi İli” haqqında fərman verdi. Həqiqətən onun haqqında çox işlər görüldü. Mən iki dövrün – həm sovet, həm müstəqil Azərbaycan dövrünün şeyxülislamı olduğum üçün kommunist rejiminin apardığı siyasəti çox gözəl bilirəm. Çox heyfslənirəm, bəzi yazılarda, məqalələrdə də o təsiri hələ də görəm. Bəzən Nəsiminin allahsız tərəfə döndərmək cəhdlərini müşahidə edirəm. Nəsimi özünün seyid, haqq aşiqi olması ilə sevinərdi, fəxr edərdi. Vüsal müəllimin Nəsimi haqda kitabını oxudum, amma onun fikirləri ilə tam razı deyiləm. Bu elan olunmuş il Nəsimiyə sığmır. Ona görə gələcəkdə elm adamları, akademiklər, din xadimləri, təfsirçilər fəza, həndəsə elmlərinin düşüncəsini də birləşdirərək bəlkə də Nəsimidən bəzi şeyləri gələcək nəslə saxlaya bildi. Təəssüflənirəm ki, biz Nəsimiyə müstəqil Azərbaycanın pasportunu verə bilməmişik. İstəyərdim ki, Nəsimiyə Azərbaycan pasportunu verə bilək. Nəsimi də bizim şəhidimiz idi, ona da Allahdan rəhmət diləyirəm. Bugünkü konfrans Nəsimini tanımaq üçün böyük töhfə olacaq. Gələcəkdə Nəsiminin araşdırılması üçün xüsusi qrupun yaradılması mənim arzumdur”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar şair və mütəfəkkir Nəsiminin yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, keçmiş Sovetlər Birliyi dövründə Nəsiminin ateist kimi təqdim olunması tamamilə yanlış addım idi. Böyük şair öz əsərlərində dəfələrlə müsəlman olması ilə qürur duyduğunu dilə gətirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsinin təkcə Nəsiminin deyil, eyni zamanda, digər böyük mütəfəkkirlərimizin də yaradıcılığının araşdırılması baxımından əhəmiyyətli olduğunu bildirib.
“Bu gün biz tariximizə qayıdırıq. Bu, böyük qayıdışdır. Çünki uzun illər tariximizi araşdırmaq bizim öz əlimizdə olmayıb. Bu gün biz tariximizə yenidən baxır və böyük şəxsiyyətlərimizə lazım olan qiyməti veririk”, – deyə Komitə sədri əlavə edib.

Sonra çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamının Nəsiminin yaradıcılığına yenidən baxılması istiqamətində böyük əhəmiyyətə malik olduğunu deyib. Qeyd edib ki, Nəsimi öz düşüncəsinə, əqidəsinə sadiq mütəfəkkir olub. Nəsimi gənclərimiz üçün böyük örnəkdir. Ulu öndər Heydər Əliyev də böyük şairin yaradıcılığının araşdırılmasına xüsusi diqqət yetirirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı Vüsal Hətəmov, Tehran Ali məktəblərinin türk və fars dilləri üzrə müəllimi Hüseyn Məhəmmədzadə Sədiğ, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və digər çıxış edənlər Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalan, bədii söz sənətinin son dərəcə qiymətli incilərini yaradan dahi mütəfəkkirin yaradıcılığının müxtəlif məqamlarına toxunublar. Bildirilib ki, Nəsimi sufilik cərəyanına yaxın olsa da, sonradan hürufiliyin aparıcı simalarından olub, bu təlimi təbliğ etməkdən dönməyib. Bəşəri dəyərlər, insana sevgi, azadlıq və əmin-amanlığa çağırış qayəsi olan İmaməddin Nəsimi bədii yaradıcılığı ilə bunu bir daha sübut edib.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı