CƏMİYYƏT 2020.11.05 10:45

Qurban Yetirmişli: “Azərbaycanda süni zəlzələ törədə bilməzlər”

33

Noyabrın 3-də Xəzər dənizində 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ Xaçmaz rayonunda insanlar tərəfindən hiss olunub. Zəlzələ ocağının 62 kilometr dərinlikdə yerləşdiyi bildirilir.

Yada salaq ki, 2000-ci ilin noyabr ayında Azərbaycan tarixində son yüz ilin ən güclü zəlzələlərindən biri baş vermişdi. Zəlzələ saat 21:30 radələrində Bakıda 6,8 bal gücündə hiss olunmuşdu. Zəlzələnin episentri Xəzər dənizi sektorunda yerləşirdi. Güclü təkanlar iki dəfə dalğavari olmaqla 22 saniyə çəkib.

Ən narahatlıq doğuran məqam isə bu zəlzələdən sonra verilən proqnozlar idi… Həmin zəlzələdən sonra bəzi mütəxəssislər bildirdilər ki, maqnitudası 4,5 baldan artıq olan zəlzələlər eyni bölgədə 20 ildən sonra yenidən təkrarlana bilər…

Artıq 20 il keçib, görəsən, Azərbaycanda yenidən belə bir təhlükə ola bilərmi, bunun qarşısını almaq olarmı?

Bir neçə gün öncə Türkiyədə – İzmirdə baş verən zəlzələ, ardınca Xəzərdəki təkanlar bu sualı bir qədər aktuallaşdırıb.

Məsələ ilə bağlı bu və digər suallarımızı Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli cavablandırıb:

– Son 20 ildə Xəzərdə bəlkə 20 min dəfə zəlzələ olub. İnsanların xəbəri yoxdur ki, Xəzərdə hər gün, vaxtaşırı güclü olmayan zəlzələlər olur. Biz əsasən 3, 3-dən yuxarı maqnitudası olan zəlzələlər haqda məlumatları veririk. Gəlib xəritədə baxsanız, nə qədər zəif təkanların qeydə alındığını görərsiniz. İkincisi də, Xəzərdə aktiv seysmik nöqteyi-nəzərdən, həmin bölgədə, hövzədə mütəmadi olaraq zəlzələlər olur. Dünənki zəlzələ də dərin deyildi. Özü də bizim əraziyə deyil, Xəzərin Dağıstan tərəfə olan hissəsinə düşür. Sadəcə, hövzə bir olduğuna və bizim üçün maraqlı olduğuna görə, həm də gördük ki, maqnitudası bir az çoxdur, məlumat verdik. Bu barədə məlumatı həmsərhəd olan bölgələrə, eyni zamanda Avropaya da ötürdük. Xaçmazda yaşayan bir-iki nəfər zəng edib bildirdi ki, zəlzələni hiss ediblər. İnsanların təlaşlanmasına heç bir əsas yoxdur. Bunu 2000-ci ilin zəlzələsi ilə müqayisə etmək olmaz. O zəlzələ cənubi-şərqdə, Bakıya yaxın 33 kilometr məsafədə iki təkan olmuşdu. O , 6.4 bal gücündə idi, özü də dərində idi.

– 2000 və 2020-ci illəri müqayisə etsək, o vaxtdan bəri nə kimi dəyişikliklər edilib. Məsələn, bizdə texnologiya, avadanlıqlar imkan verirmi zəlzələ proqnozlarını əvvəldən bilək?

– Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin, onun tapşırığı ilə 2000-ci il zəlzələsindən sonra bu sahədə böyük dəyişikliklər edildi. Mərkəzimiz müasir avadanlıqlarla təchiz edildi. 14 komplekt stansiya açıldı. Əvvəl barmaqla sayılacaq qədər, analoqlu stansiyalar idisə, bundan sonra rəqəmsal stansiyalar işə başladı. Əvvəllər saatlarla parametrləri təyin edirdiksə, sonradan zəlzələ barədə məlumatlar iki dəqiqə ərzində peyk rabitəsi ilə Tədqiqat Bürosuna ötürüldü. Möhtərəm Prezident İlham Əliyev 2009-2010-cu ildən başlayaraq iki il ərzində yenidən bizim şəbəkənin genişləndirilməsi üçün köməklik göstərdi, göstəriş verdi. 35 stansiya alındı, quraşdırıldı, bölgələrdə hamısı real taymla işləyir. Sonra xarici qrantlar hesabına biz əlavə cihazlar aldıq. Bu gün tək seysmik şəbəkədə 62 stansiya fəaliyyət göstərir. Pandemiya bir az gecikdirir, ötən il biz Amerika ilə böyük bir layihəyə başladıq, Azərbaycanda 22 yeni stansiya quraşdırılacaq. Bunun da əksəriyyəti Xəzər dənizinin Azərbaycan sektoru üzrə sahil boyu ərazisində olacaq. Vulkanlar üçün də bir neçə stansiya quraşdırılacaq ki, onların dinamikasını öyrənək, orada gedən prosesləri izləyək. Söhbət Azərbaycanda olan palçıq vulkanlarından gedir. Ümumiyyətlə, dəyişikliklər çoxdur. Təvazökarlıqdan uzaq da olsa deyim ki, Rusiya Elmlər Akademiyasının prezidenti bura gələndə valeh olduğunu dilə gətirdi. “Siz çox irəlidəsiz”, dedi. Oktyabrın 28-də Meksikanın səfiri də mərkəzimizdə oldu. O istəyir ki, ölkəsindəki universitetlərlə bizim mərkəz arasında birgə əməkdaşlıq mövcud olsun. Bizim 10-a yaxın magisrtrantımız hazırda xaricdə təhsil alır. Xaricdə təhsil alan doktorantlarımız da var.

Yeri gəlmişkən, deyim, o tələbələrimiz Qarabağ həqiqətləri ilə bağlı məlumatları büroşur formasında kafedralarda müəllimlərə, tələbə heyətinə paylayıb. Eyni zamanda bütün dünyanın yer elmləri sahəsində fəaliyyət göstərən 6 qurumunun hər birinə Qarabağla bağlı həqiqətləri, hazırkı döyüşün mahiyyətini, ermənilərin torpaqlarımızı necə zəbt etməsi barədə məlumatları çatdırmışıq.

– Bu yaxınlarda Türkiyədə böyük zəlzələ oldu, tələfatlar oldu. Bu zəlzələnin süni şəkildə törədildiyini düşünənlər var. Bu, qardaş ölkənin Vətən müharibəsində bizə dəstək olması ilə əlaqələndirilir…

– Bunlar hamısı boş şayiələrdir. Birincisi, təbii zəlzələ ilə süni zəlzələ fərqlidir. Zəlzələnin lent yazısı var, dalğa yazısı ilə onu ayırmaq olur. İkincisi, o qədər tələfat nədən oldu? Fikir verdiniz, orada evlərin bəzilərinə heç nə olmamışdı, bəziləri isə tamamilə uçub. Bundan öncə ilin əvvəlində də Türkiyədə güclü zəlzələ baş vermişdi, onda da insanlar tələf olmuşdu. Eyni layihəli, eyni mərtəbəli binaların necə uçduğunu gördük. Hər bir binanın tikintisi aparılanda gərək onun mürəkkəb quruluşu öyrənilsin, ümumiyyətlə, geoloji bölgədə hər bir bina individual şəkildə öyrənilməlidir. Orada olan qrunt, dalğanın sönməsi, keçməsi, sürəti qiymətləndirilməlidir. Dalğa gələndə hansı binanın təməli ümumi götürülübsə, orada boş çuxur olubsa, həmin vaxt dalğa öz enerjisini buraxanda onda silkələnmə gücü artıb, dağıdıcılığı çox olub. Yəqin ki, xəbərdarsınız, indi o binaları tikənləri məsuliyyətə cəlb ediblər.

– Süni zəlzələ ilə təbii zəlzələnin fərqindən danışdız, bir az ətraflı bilmək istərdik, mütəxəssislər bunu necə ayırd edir?

– Zəlzələ baş verən zaman dalğa yazısı gəlir, o yazıda onu müəyyən etmək olur. Təbii zəlzələlərdə başqa cür olur. Süni zəlzələlərdə period, eninə dalğanın nə zaman başlanması fərqli olur. Bu, sırf ayrıca mütəxəssisin məşğul olduğu işdir. Dəfələrlə olub, məsələn, silkələnirsə, əgər partlayışdırsa dalğa partlayış olduğunu yazır, yer daxilində hər hansı zərbə olanda dalğa formasında gəlir. Biz palçıq vulkanlarını da ayırd edirik ki, hansı dərinlikdə partlayış olub, püskürüb, nə qədər müddət davam edib. Bakıda oturaraq harada hadisə baş verirsə cihaz yazır, dalğanı bura ötürür, onunla müəyyən etmək olur.

– Hazırda müharibə şəraitində yaşayırıq, düşmən hər tərəfdən təxribatlar törətməyə cəhd edir. Azərbaycanda süni zəlzələ törədə bilərlərmi, bunu əvvəlcədən proqnoz edə və ya qarşısını ala bilərikmi?

– Bu qeyri-mümkündür ki, onlar Azərbaycanda süni zəlzələ yaratsın. Əgər güclü partlayışlar olarsa, dalbadal bir neçəsi baş verərsə və onun təsiri böyük olarsa hazırlıqda olan zəlzələ ocağını oyada bilər. Yəni silkələməklə. Çünki litosferdə, yerin daxilində laylar var ki, onlar hərəkətdədir. Sıxılma, genişlənmə gedir, o, müəyyən kritik məqamda parçalanır və dalğa formasında yayılır. Zəlzələnin mahiyyəti də budur. Yer insan kimi nəfəs alır. Yerin altı daim hərəkətdədir.

“Yeni Müsavat”

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı