ƏSAS SƏHİFƏ

Rəfiqə Sevinc – 28 Yanvar

Rəfiqə Sevinc

28 Yanvar
Yanvarın 28-ci günü idi. Sıradan keçən bir günlərdən biri idi, fikirləşirdim ki, elə də sıradan olaraq da bitəcək, gözlərim o xəbərə şahidə olanadək. Həyatımda 2 əziz itirmişəm mən, amma o insanın ölümü mənə sanki əziz insanlarımı itirdiyimdə yaşadığım hisləri yaşatdı. Babalarımı itirdiyimdə yaşadığım hislər kimi.

Vaqif…
Xəstə qəlbinlə zarafatından da qalmırdın. Deyəsən ruhən sənə oxşadığımı deyə bilərəm. Ölümü sənin qədər olmasa, həmişə düşünən, səndən fərqli olaraq həmişə yazmağa qorxan insan olmuşam. İnsanlarımı öldürməyə qıya bilmirəm. “Sonu belə olmalıdı axı” deyə qərar verəndə “yox, mən bunu həmişə bacara bilmirəm” deyib vazgeçirəm. Düzü, səndə olan cəsarəti mən özümdə görmürəm.

Vaqif!
Bilmirəm nədəndir, amma sənin gedişin bir ayrı təsir etdi mənə. Əfsanəvi aktyorlarımız olan Səvayuş Aslanla Yaşar Nurinin gedişləri heç bu qədər qəlbimi incitməmişdi. Dediyim kimi, bəlkə də ruhən sənə bənzədiyimi düşündüyüm üçün idimi?

Vaqif!
Qəlbimi incidən bir oldu ki, səninlə həmsöhbət olmaq mənə qismət olmadı. Ən çox buna təəssüfləndim. Sənin kimi ikinci bir insan varmı görəsən? Çətin zamanlarında özündən çox ətrafındakılarını ayaqda tutmağa çalışan. Olmasın, hər insandan bir dəfə dünyaya gəlir, olsa da belə o sən ola bilməz axı…

Vaqif!
Bilirsən, mənim güclü fantaziyam var. Mən bu fantaziyanı ancaq gözlərimi bağlayanda görürəm, sanki yuxu kimi.
Evinə az jurnalist gəlməyib, qızın belə həmsöhbətdə olmusan. Bu dəfə isə qonağın mən idim.
Bir anlığa qızın Nigarın əvəzinə qoydum özümü, yanına gəlib içdən qucaqladım səni.
Nüşabə xanım sağolsun, dəqiqə belə sürmədən çay süfrəsi açdı bizim üçün. Əlindən tutdum ki, daha əziyyət çəkməsin, özünü yormasın mənə görə. O sözlərimi nəzərə almadı və mehribanlıqla mənə gülümsədi.
Otaqda ikimiz qaldıq. Dəftərimi çantadan çıxarıb apardığım qeydləri nəzərdən keçirdim. Beynimdə yığıb saxladığım suallarımı verməyə başladım. Əvvəlcə qorxdum ki, səni yormuş olaram. Amma əksinə, sən danışmağa o qədər həvəsli idin ki, elə bil neçə vaxtdır danışıb söhbət etməyə həsrət qalmısan.
“Mən ona necə suallar verməli idim” sualı özü sual altında qalmışdı. Verəcəyim sualları tapmaq üçün jurnalistlərin Vaqif Səmədoğlu ilə müsahibələrini izləməli idim. İzlədim. Suallarımı vermək vaxtı gələndə əllərim titrədi. Hiss etdi ki, tərəddüdlərim var və dedi:
“Xanım qız, rahat ol, elə bil öz atana suallar verirsən”.
Bu sözdən o qədər rahat oldum ki, tərəddüdlərimin hamısı uçdu, getdi. Suallarımın hamısını ona verdim. Yarı zarafat, yarı ciddi, demək olar ki, cavablarımın hamısına maraqlı və dolğun cavab verdi. Getmək vaxtı gələndə yaxınlaşıb yenə qucaqladım onu. Geri çəkiləndə qolumdan tutdu: “Ölümdən heç vaxt qorxma” dedi. Mən isə ona heç nə demədən əşyalarımı götürdüm, Nüşabə xanımla da sağollaşıb evdən çıxdım.

Vaqif!
Bilirsən? Digərlərindən fərqli olaraq, bu mənim ən zəif fantaziyam idi, çünki nə qədər bacardımsa da, əsas məqamları gözümün önündə canladıra bilmədim.
O fantaziyada sənə verdiyim suallarımı aydın görə bilmədim, ümumiyyətlə, görə bilmədim…
Suallarımı görə bilmədiyim üçün cavablarını da görə bilmədim…

Təsəvvür edə bilmədim…!
Bacarmadım, Vaqif…!
Bacara bilmədim…!

Getdin…!
Müvəqqəti gedişlərdən fərqli olaraq, arxanda səni gözləyənlərinə belə baxmadan
getdin…!
Birdəfəlik…!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı