CƏMİYYƏT 2020.05.02 10:56

Rəşid Mahmudov: “Koronavirus oyuncaq deyil, ona qalib gəlməyin bir yolu var…”

35

“Koronavirusa qarşı düzgün mübarizənin bir yolu var, o da bu xəstəlikdən sağalan şəxslərdən alınan plazmaların xəstələrə köçürülməsidir. Başqa effektiv müalicə üsulu yoxdur”.

Bu sözləri Oxu.Az-a Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov dünyanı cənginə alan koronavirus pandemiyası ilə mübarizə çərçivəsində aparılan tədbirlərə münasibət bildirərkən deyib:

“Ölkə ərazisində dövlət səviyyəsində qabaqlayıcı tədbirlər görüldü. Məktəblərin, universitetlərin vaxtında bağlanması düzgün verilmiş qərar idi. Lakin COVID-19 koronavirus xəstəliklərinin yeddinci növüdür. Bundan əvvəl həmin xəstəliyin altı növü olub. Yeni koronavirus isə amerikalı alim tərəfindən hazırlanıb və digər viruslardan çox fərqlənir. Bildiyimiz virus bir genə sahib olan aminturşulardan ibarət olur. Zəruri müalicə ilə ona asanlıqla qalib gəlmək olar.

Lakin COVID-19 müxtəlif virusların toplusundan hazırlanan və 40 geni olan infeksiyadır. Təsəvvür edin, insanın 46 xromosomu var və 40 genə sahib virusla qarşı-qarşıyadır. Bununla mübarizə aparmaq çox çətindir. Mübarizə aparmağın bir effektiv üsulu var. Koronavirusa yoluxan şəxslərin orqanizmində COVID-19 virusunun ifraz etdiyi toksinə qarşı antitoksin yaranır. Türkiyədə artıq bu üsul tətbiq edilir. Düzgün qərardır. COVID-19-dan sağalan şəxslərdən qan nümunələri götürülür və serumu (qanın plazma kütləsi) xəstə şəxslərə köçürürlər. Bu, həmin xəstələrin orqanizmində də virusa qarşı immunitet yaradır və qısa zamanda sağalmalarına kömək edir. Tək yol budur. Başqa effektiv yol yoxdur”.

R.Mahmudov onu da əlavə edib ki, insanların bu xəstəliyi oyun zənn etməsi yoluxma hallarının artmasına səbəb olur:

“Bəzi vətəndaşlar heç bir əsas gətirmədən bunun oyun olduğunu deyirlər. Təəssüf edirəm ki, öz sağlamlıqları ilə yanaşı, digər şəxslərin də həyatlarını riskə atırlar. Kimya elmi, hər şeyin elmi izahı var. Bütün soydaşlarımıza səslənirəm, xəstəlik olsa da, olmasa da, gigiyena qaydalarına riayət edin. Koronavirus infeksiyası da sizə oyun kimi görünməsin. Cəmiyyəti qorumaq lazımdır”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı