MEDİA VƏ QHT 2020.11.05 12:22

“Sən Vətənsən!” – Günay Yelmarqızının əsgərə məktubu

28

Mənim adım Günaydır. Sən məni tanımırsan bəlkə. Yox elə, böyük ehtimal ki, tanımırsan…Mən televiziya ekranında cəbhədən ən son xəbərləri verəndə sən orada – Vətənin ən həssas, ən kövrək parçasında bəlkə də son nəfəsini verirsən, bəlkə ayağından, qolundan yara alırsan. Bəlkə də ürəyini nişan alır düşmən sənin… Vətən boyda ürəyinə qurban!

Sən qəhrəmansan, əsgər! Düşməni qarşında diz çökdürürsən! Sənin qüdrətindən döyüş meydanından qaçır düşmən əsgəri…Qorxmazsan sən, yenilməzsən!

Sən müqəddəssən, əsgər! 30 ildir bizsiz qəribsəyən Vətən torpağına ilk qədəm qoyan müqəddəs varlıq! Qədəmlərinə qurban! Ayaq basdığın Vətən torpağına qurban! Vətən torpağında dalğalandırdığın üçrəngli bayrağa qurban!

Sən Qarabağda tarix yazırsan, əsgər – Vətənin yeni tarixini! Mənim təqdim etdiyim hər xəbərdə o şanlı tarixin bir səhifəsi var…Sən VƏTƏNsən, QARABAĞsan sən əsgər!

Mən səni çox sevirəm, əsgər! Bütün Azərbaycan sevir səni! Ürəyimiz səninlə döyünür, nəbzimiz səninlə vurur! Gözümüz sənə baxır, qulağımız səndədi… Sən QƏLƏBƏ-sən əsgər!

Mən səni yaxşı tanıyıram, əsgər. Oxuduğum hər xəbərdə görürəm səni. Silaha necə sarıldığını, bircə qarış Vətən torpağını azad etmək üçün həyatını qurban verməyə necə hazır olduğunu görürəm. “İrəli!” nidanı eşidirəm, “Atəş!” əmrini eşidirəm. Azad etdiyin hər qarış torpağımızda qürurlu addım səslərini eşidirəm… Gözündəki sevinci görürəm! Fəxr edirəm, əsgər!…

Mən sənə təşəkkür edirəm, əsgər! Bilirsən, sənin Qarabağa atdığın hər addımda mənim içimdə bir yara sağalır. Sənin azad etdiyin hər qarış torpağın xəbərin çatdıranda içimdən bir ağrı göz yaşına çevrilib, yoxa çıxır… 30 ildir içimdə daşıdığım yaralarım yox olur bir-bir! Sağalıram, əsgər!..

AĞDAMA ÇATANDA O KİMSƏSİZ KÜÇƏLƏRƏ DİQQƏT ELƏ. UŞAĞLIĞIMI İTİRMİŞƏM ORADA. NİGARAN-NİGARAN SƏNİ GÖZLƏYİR, MUĞAYAT OL ONDAN! SƏN AĞDAMA QƏDƏM QOYAN GÜN MƏN BÖYÜYƏCƏYƏM, ƏSGƏR… BƏLKƏ ONDAN SONRA BÜTÖV OLARAM… BƏLKƏ ONDAN SONRA XOŞBƏXT OLARAM…

SAĞ OL, ƏSGƏR!
Sən TANRI-ya, VƏTƏN sənə əmanət!

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı