Şahlar Əsgərov: “Təhsildə dəyişik etməkdən ötrü qeyri-standart düşüncə tərzinə ehtiyac var”

Dialoqİnfo Təhsil Portalının uğurla davam edən təcrübə proqramının növbəti görüşü Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin dosenti Durdanə Tahirlinin iştirakı ilə keçdi. Dürdanə xanımın könüllülərə keçdiyi təlim zamanı bir çox mövzulara toxunuldu, məqalənin yazılması, müsahibənin alınması qaydaları öyrədildi, iştirakçıların sualları ətraflı şəkildə cavablandırıldı. Təlimdən dərhal sonra isə biz könüllülərin maraqla gözlədiyi an yetişdi. Professor, ictimai-siyasi xadim, təhsil sahəsi üzrə ekspert Şahlar Əsgərovla müsahibə baş tutdu. Havanın soyuq olması və bir az özünü narahat hiss etməsi belə Şahlar müəllimi verdiyi sözü tutmaqdan, bizimlə müsahibəyə gəlməkdən daşındırmamışdı. Müsahibənin götürülməsi qaydası ilə bağlı keçirilən təlimdən sonra Şahlar Əsgərovla müsahibə götürmək maraqlı, maraqlı olduğu qədər məsuliyyətli oldu və buna görə ona buradan təşəkkürlərimizi yetiririk. Həqiqətən də saytın könüllüləri olan Ətayə Qocalı, Fidan Əhmədova və bu sətirlərin müəllifi üçün bu müsahibə böyük təcrübəyə malik Şahlar Əsəgrovla canlı ünsiyyət, maraqlı məlumatlar almaq şansı yaratdı. Müsahibənin maraqlılığını artıran məqamlardan biri də Dürdanə xanımla yanaşı Dialoqİnfo Təhsil Portalının baş redaktoru Mübariz Göyüşlünün və redaktoru Toğrul Bayramlının da görüşdə iştirak etməsi oldu. Beləliklə müsahibəni sizlərə təqdim edirik…

  • Təhsil sahəsi ilə məşğul olmağa sizi nə vadar etdi?
  • Mən onu tədbirlərdə də demişəm. 1 il Danimarkada tədqiqat aparmışam. Orada gördüm ki, danimarkalılar öz ölkələrində cənnəti qurublar. Mənim də arzum o oldu ki, bizim dövlətdə də belə bir cənnət qurulsun. Bu cənnətin açarı təhsildədir. Təhsillə bağlı çox böyük düşüncəmlərim var idi. Bu yaxınlarda Amerika prezidenti Barak Obama da çıxışlarının birində qeyd etdi ki, təhsilin açarı 40-cı otaqdadır. Bu açarı götürmək çətin işdir. Mən də çalışdım ki, bizim dövlətimiz Danimarka, Finlandiya kimi inkişaf etmiş olsun. Buna görə də doğma fizikanı qoydum kənara özümü elmə həsr elədim.
  • Azərbaycan təhsilinin Baloniya prosesinə uyğunlaşması barədə fikirləriniz necədir?
  • Əslində mən güman edirəm ki, Baloniya sistemi Azərbaycan təhsili üçün bir əngəldir. Bu, təhsili inkişaf etdirmək üçün yox, dağıtmaq üçün düşünülmüş, qurulmuş bir siyasətdir. Niyə düşünülmüş siyasətdir? Fikir verək – Avropa dövlətlərinə baxsanız onların hər birində təhsil resursları yox olub. Bizi də bu yarışa cəlb etməklə təhsilin səviyyəsini aşağı endirib, sonra isə siyasət nəticəsində keçmiş SSRİ-dən olan respublikaların resurslarından istifadə etmək istəyirlər. Yəni bu Baloniya prosesi heç də xoş niyyətlə qurulmayıb. O zaman xoş olardı ki, onun bütün detalları cəmiyyətdə müzakirə olunub, aydınlaşdırılsın. Belə misal deyim: Rusiyanın böyük təyyarə sistemi olan zavodları var. Rusiyanı elə vəziyyətə saliblar ki, o sistemin düzəltdiyi təyyarəni xarici ölkələr almır. Həmin Baloniya sistemini əsas tutaraq belə edirlər. Gərək bu Baloniya sisteminə qoşulmazdan əvvəl biz bu prosesi analiz etməliydik ki, bizə xeyiri nə olacaq, ziyanı nə olacaq? Biz xeyir və ziyanı araşdırmadan birbaşa imza atdıq. Yəni burada axrıncı cümləmi təsdiq edən çoxlu faktlar var. Qərbi Avropada faydalı qazıntılar demək olar ki, yoxdur. Nə varsa Şərqi Avropada var. Şərqi Avropada təhsilin olmasına nail olmadan onlara sahib ola bilmərsən.
  • Bəs Avropada Baloniya sistemindən necə istifadə olunur?
  • Avropada Baloniya prosesi dərk olunur. Bizdə isə sadəcə imza çəkilir. Güman edirik ki, bu yaxşıdır. Nə üçün yaxşıdır? – bu sübut olunmalıdır.
  • Burada Sizi qane etməyən konkret olaraq nədir?
  • Baloniya sistemi öz-özlüyündə çoxlu müddəalardan ibarətdir. Ancaq o müddəaların heç birinə əməl edilmir. Məsələn, təhsil alanlar – gənclərimiz 1 il öz seçimindən asılı olaraq xaricdə oxuya bilər, müəllimlər yarımillik təcrübə toplamaq üçün gedə bilərlər. Tələbə özü müəllim, universitet seçə bilər. Bunların heç biri tətbiq olunmur.
  • Demək olarmı ki, biz bu sistemə keçməyə hazır deyilik?
  • Əlbət ki, mən deyərdim ki, biz hazır deyilik. Biz sənədi mükəmməl öyrənmədən imza çəkdik.
  • Çox işlənsə və çox söylənsə də belə yenə də bu sualı vermək istərdik. Sizcə Azərbaycan təhsilində hansı problemlər var?
  • Problemlər çoxdur. Təhsil idarəetməsində, biliyin qiymətləndirilməsində, biliyin ölçülməsində problemlər var.
  • Ən əsas problem hansıdır?
  • Əsas problem biliyin qiymətləndirilməsində və idarəetməsindədir. Misal üçün Azərbaycanda təhsil 5-6 ballıq şkala ilə qiymətləndirilir. Bu şkalalar arasında kvadrat, xətti və digər şkalalar var. Ancaq bu şkalaların hər biri dərc ediləndən sonra tətbiq olunmalıdır. Dərc olumamış tətbiq təhsilə böyük zərbə vurur. Təhsil Azərbaycan üçün dərc olunmamış həqiqətdir. Düşünün ki, valideynn uşağa pul verir ki, özünə qiymət yazdır. Oxumamağı üçün stimul verir. Bu isə böyük qüsurdur. Dərc olunmuş həqiqət olsaydı buna ehtiyac qalmazdı.
  • Kifayət qədər dərs keçirilir, həddən artıq ağır dərs yükü var. AMEA-da alimlərimiz kifayət qədər araşdırmalar aparır, lakin Azərbaycan təhsilinin və elminin səviyyəsi təəssüf ki, artmır. Bunu nə ilə əlaqələndirmək olar?
  • Düşüncə tərzi ilə. Təhsil dərc olunmamış həqiqətdir. Yəni müəllim təhsilin cəmiyyətdə yerini düz başa düşmür. Ona görə bunu öz biliyi kimi qiymətləndirir. Bu yolverilməz bir haldır. Təhsil ciddi nəzarət altında olmalıdır.
  • Maaş az olduğu üçün belə olur deyə iddia edə bilərikmi?
  • Şübhəsiz, maaşın da burda təsiri var. Maaş az olandqa aydındır ki, təhsil səviyyəsi aşağı olar. Müəllimin marağında deyil ki, şagirdlər daha yaxşı təhsil alsın.
  • Dərslikləri kim və hansı meyarlar əsasında hazırlayır?
  • Bu çox vacib məsələdir. Dərslikləri fənn üzrə tanınmış pedaqoqlar hazırlamalıdır.Yəni küçədən keçən adama dərsliiyi hazırlatmaq olmaz. Məsələn, coğrafiya üzrə dərslik hazırlanmalıdırsa, coğrafiya ixtisası üzrə ən dəyərli alimin yanına getmək lazımdır. O, qəbul etsə  yaxşı olar. Əgər etməsə onda ikincici sual ”Kimi məsləhət görərdiniz?” olmalıdır. Bunu mütəxəssisdən eşitmək daha düzgündür. O zaman bu problemi həll etmək olar.
  • Sizcə müasir zamanda istər orta məktəbdə, istərsə də ali məktəblərə gənc kadrların gəlməsi düzgündürmü?
  • Əlbət ki, bu lazımdır. Zaman-zaman Azərbaycan təhsil sistemində bunu diqqət mərkəzinə çəkirlər. Amma yenə də hələ hansısa güclü bir nəticə görülməyib. Buna görə də gəncləri inkişaf etdirmək üçün tədbirlər görülməlidir.
  • Təhsil qanunu özünü doğruldurmu?
  • Mən deyərdim ki, qismən özünü doğruldur. Doğrultmayan məqamlarda çoxdur. Buna görə də Təhsil qanunu elə bir qanun olmalıdır ki, birqiymətli şəkildə qarşıya çıxan suala cavab versin. Amma nə etmək olar, hələ ki, bu alınır.
  • Bu “hələ kilər” nə vaxta kimi davam edəcək?
  • Əlbət ki, hələkilər var. Nəsə etmək lazımdır. Təhsillə bağlı yaradılan qanunlara diqqət artırılmalıdır.
  • Təhsildə müəllim və tələbə arasında, yuxarı idarəetmə ilə aşağıda idarə olunanlar arasında çox böyük uçurum yaranmışdır. Hər kəs günahı qarşı tərəfdə görməkdə və ya qarşı tərəfi günahlandırmaqla məsələdən canını qurtarmağa çalışır.
  • Yanaşma düzdür. Elədir.
  • Necə dəyişək bu durumu?
  • Təhsildə dəyişiklik aparmaqdan ötrü qeyri-standart düşüncə tərzi lazımdır. Yəni standart düşüncə ilə heç nə əldə etmək olmayacaq. Amma qeyri-standart düşüncə tərzi ilə təhsildə çox şey etmək  mümkündür. Qeyri-standart düşüncə vasitəsilə siz təhsil problemlərini asanlıqla həll edə bilərsiniz.

a9a5a6a11a12a10

 

Quliyeva Gülzar

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here