ƏDƏBİYYAT 2020.04.29 13:40

Şair Rəşad Mahmudun Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Ölüm nəgməsi” poeması

77

Milli qəhrəman Mübariz İbrahimova ithaf edirəm. Yaxşı dərs alanlar yaxşı dərs verməyi də bacarırlar.

 İlk söz 

Tarixi şərəfli qanla yazmısan,

Şərəfdən nə yazsın tarixdən yazan?

Şəhidlər vətənin dövləti, varı,

“Millət unudarmı qəhrəmanları?”

Bir xalqın şöhrəti yayılsın deyə,

Fərəhlə getdilər onlar ölməyə.

İndi məzarları başında dur, dur!

Söylə, şəhidlərə məramım budur,

Vətənə canımı qurban eyləmək.

Keçirsə qəlbindən, haqqındır demək,

Səninlə vətənin edər iftixar,

Ölməyə hazır bir vətəndaşı var.

Hər qarış torpağı uğruna can ver,

Vətən əzəməti qanla yüksəlir.

Birinci nəğmə

Ölümdən hər kəs qorxur, Mən də başda

Ölümə əvvəlcədən hazır olandan başqa

İgid vətən dərdini dərdlərinə qatandır,

Soyuq, isti bilmədən yurda keşik tutandır.

Şəadət igidliyin üstündə bir məqamdır,

Şəhidlər bu məqama cəsarətlə çatandır.

Hər kəs səadət gəzər, kimə gərək deyil bu?

Vətən üçün can verən səadəti tapandır.

Şəhidə ölü demə, ölü demə amandır!

O, şərəfli həşr üçün müvəqqəti yatandır.

Ölüm öldürər bizi, tək ölümdən can alan,

Dəyərləri uğruna ölümə can atandır.

Şəhid tüccardır, tüccar, əhsən belə tacirə!

Şəhid Allah yolunda öz canını satandır.

Şəhid qanı bitirər, torpaq üstə istiqlal,

Şəhidlər bir millətin tarixini yazandır.

Şəhidə ölü demə, ölü demə amadır!

O, ölümün gözünü əməlilə tutandır.

Şəhid günəşdir günəş, bir əbədi səhərdə,

Doğulmağı haqq edən, bir gecəlik batandır.

İkinci nəğmə

Mübariz yürüyürdü əlində milli bayraq.

Ürəyi vətəninə məhəbbət ilə dolu.

Aslan kimi yürüyür, düşmənin üzərinə,

Millətin igid oğlu gedir şücayyət yolu.

Alnına qara lentdən şəadət lenti bağlı.

Sinəsi həyəcanlı.

Bu yürüşdən məqsədə, mərama çatacaqmı?

O yürüyür millətin atəşi sönməməkçün

O yürüyür qisasın əhvalı ölməməkçün

O yürüyür geriyə  əsla dönməmək üçün.

O yürüyür illərin, əsirlərin üstünə,

O yürüyür gələcək nəsillərin üstünə,

Bir örnək olmaq üçün.

O istəyir işilə nifrət şamı yandırsın,

Könüllərdə düşmənə, millətə inandırsın,

Mübarizə ruhundan doğulan bir gümanı.

Ölümə qucaq açmış, bu ərənlə başlamış

Millət intiqamını, tarix intiqamına

Bəlkə elə bu gəncin əməlilə çatacaq.

Bəlkə millət nə edim? sualına cavabı

Bu yürüşdən tapacaq, bu gəncin şücayəti,

Bu gəncin cəsarəti, bu millət tarixində

Yeni bir cığırdımı?

Bu gəncin arxasilə bir millət qaçırdımı?

Tutub yağı qolundan xaric edənə kimi

Vətən hüdudlarından, Vətən torpaqlarından.

Üçüncü nəğmə

Bu qərar hardan gəldi

Mübarizin ağlına?

Düşmənə nifrətindən ,

Vətənə sevgidənmi?

Niyə vaxtsız ölümü

basmaq istər bağrına?

Qalanmı qalib olur,

yoxsa vaxtsız ölənmi?

O suala cavabı

Tapıb vermişdi qərar,

Ölüm var ki, insanı

Dirildərək yaşadar.

Bu səbəbdən ölümlə

Doğmalaşdı ürəyi

Dedi: ölüm andırar

Bizə bəzi gerçəyi.

İndi budur gedirdi

Ölüm ilə görüşə,

Vətən əsarətilə

Barışmağa sövq edən

Şəraitlə döyüşə.

Dördüncü nəğmə

Mübariz düşünürdü…Mübarizin gözünə dünya artıq görünmür,

Ürəyində düşmənə nifrətindən, kinindən.

Bir məram var başında yalnız onu düşünür,

İbrət alsın cavanlar onun şücayətindən.

Sağından gah solundan güllələr süzür gedir,

Allahın qorxusundan ancaq dəymirlər ona.

Axı dəyə də bilməz ilahidən izinsiz,

Qədərdə ölüm yoxsa ölüm əli insana.

Mübarizin xəyalı vətən göylərindədir,

Lakin bütün vücudu yürüyür düşmən üstə,

Vətən yerlərindədir.

O yerlərin, göylərin sultanına baş əymiş,

Bir qorxuya, hürküyə əsirlikdən qurtulmuş.

O mərdliyin, ərliyin şərəfinə bələnmiş,

Yalnız belə olanda insan faruk olurmuş,

İnsan maruf olurmuş.

Beşinci nəğmə

Səs gəlir…

Onun ayaq altından.

Səs gəlir…

Səsi dinlə!

Bizlər qürur duyuruq

Sənin əməlin ilə.

Bu torpağı qanilə

Suvaran şəhidlərin,

Səsidir bu gələn səs.

Xalqın qəhrəman oğlu tələs,

Yubanma tələs!

Ölümünlə ölümün

Qiymətini artıran,

Şöhrətini artıran,

Bir qələbə yolunun

Birinci addımının,

Ləpirinə tamaşa.

Sən şərəfli millətin

Şərəfli övladısan,

Sənin baban tarixi  öz qanilə yazandı.

Sən üstünə getdiyin düşməndən vüqarlısan,

Sən haq, o iblisə tapındı.

Tök Qarabağ uğruna damarından al qanı!

Mən Vətəni vermərəm yağılara heç zaman,

Müjdəsinə inandır, bu gün bütün dünyanı.

Sənə alqış söyləyir yerlər, göylər, asiman!

Altıncı nəğmə

O, yürüyür, arxadan boylanır ona illər,

Neçə-neçə nəsillər, intiqamı istəyir.

İntiqamı gözləyir.

Bizim Azərbyacanın sinəsinə çəkilən

İşgəncəni, bir dağı,

Tarixinə tökülən zülüm adlı qınağı,

Özünün əməlində intiqama çevirən,

Haqq mərama çevirən,

Əldə qisas bayrağı daşıyan bayraqdarı,

Salamlayır nəsillər,

Əllərdə gül çiçəknən.

Səs-səmirli alqışla,

Tanrıya yalvarışla,

Sən qulunu bağışla!

Ey məbudum İlahi!

Mübariz pıçıldayır,

Tanrıya gedən yolda.

Mən Turan övladıyam,

Mühəmməd ümmətindən.

Mən yürüş etmişəm ki,

Əsir qalmasın Vətən.

Sıxır məni vicdanım,

Sıxır məni qeyrətim.

Salıb başı aşağı,

İmkan vermir xislətim,

Yaşayam ölü kimi.

Axı sızlayır ürək,

Vicdan üzür qəlbimi.

Min-min əsir qadının,

Namusunu düşünmək,

Qeyrətin sıxıntısı.

Belə ömür sürməkdən,

Şərəfli bir ölümün,

Yaxşıdır qaqqıltısı.

Elə bir ölüm ki, o ölüləri dirildən,

Yatanları oyadan.

Elə bir ölüm ki o bir millətin yolunu,

Aça mübarizəyə.

Elə bir ölüm ki o

Əsarətin yükünü

Vətənindən kürüyə.

Elə bir ölüm ki o

Bir millətin ruhunda

Savaş əzmi oyana.

Elə bir ölüm ki o diriləndə yenidən,

Peyğəmbərin üzünə baxıb gülə biləsən.

Elə bir ölüm ki o düşmənin arzusunu

Məzarlığa göməsən.

Bu ölümə min alqış  desin tarix qoy özü.

Birdən yol çəkdi gözü,,,

Bir an ayaq saxladı.

Yeddinci nəğmə

Mübariz yada saldı ürəyində gizlicə

Saxladığı sevgini.

Salamladı duyğular dünyada sonuncu kəs

Sevilən sevgilini.

Ürəyində söylədi öz sevdiyi dilbərə,

Yazdığı bir şeirini.

Ağlama sevgilim qaşları kaman,

Söyləmə ayrılıq ölümdən betər.

Ölüm müvəqqəti gələn bir duman,

Bir gün görərsən ki çəkilər gedər.

Tökülsə göz yaşın qəbrimin üstə,

Bəlkə sənin kimi mən də ağlaram.

Bir gün görüşəndə məndən eşq istə,

Onu qiyamətə sənə saxlaram.

Hər kəs öldü desə Mübariz əgər,

Qəlbində gülərək diri bil məni.

Haqq bir məslək üçün can verən əsgər,

Qazanır dünyada ölməzliyini.

Əgər utanmasan sevin deyərdim,

Mənim ölümümü eşidəndə sən.

Bir gecə röyana elə ki gəldim,

Məni görən kimi sevinəcəksən.

Ağlama türk qızı, ağlama aman!

Söyləmə ayrılıq ölümdən betər.

Ölüm müvəqqəti gələn bir duman,

Bir gün görərsən ki, çəkilər gedər.

Səkkizinci nəğmə

Getdi çox uzaqlara sevdiyi gözəl pəri

Onun gözü önündən,

Savaşın meydanına xəyalı döndüyündən.

Mübariz yürüyürdü, şığıyan güllələrin

Mənbəyinin üstünə.

Düşmən qorxuya düşmüş, yer axtarır gizlənə.

Ürəklər titrəməkdə,

Canı dəhşət götürmüş.

Bu gələn bir xəyalmı?

Yoxsa ki, həqiqətdir?

Ölümün üzərinə gülə-gülə bu gələn,

Hansı bir şücayətdir?

Alp Arslanmı, Muradmı?

Bu Səlimin ruhumu?

Türk qadını yenidən

Nuru Paşa doğdumu?

Teymurunmu qılıncı yenə çıxmış qınından,

Sultan Süleymandırmı  üstümüzə şığıyan?

Bu Tomrisin qeyrəti,

Sara xatun isməti,

Yenə döndümü özə, qoca türkün milləti?

Düşməni vahimədə,

Mübarizsə ölümün

Şığıyır qucağına.

Qorxu deyilən bir hiss əsir olmuşdur ona.

İndi onun şücayət kölgəsidir önüdə,

Bu kölgə arxasınca aparır,qazandırsın,

Ölməzlik yer üzündə.

Elə yaşamaq var ki, sürünməkdir, sürünmək!

Yaşamasan yaxşıdır diri ölülər kimi.

Elə ölüm var, ölüm yüksəlməkdir, yüksəlmək!

Dünyada şücayətin gəzir dirilər kimi.

Doqquzuncu nəğmə

Yetişmişdi Mübariz

Məram, məqsəd bildiyi,

Bir yerə ki, düşmənin,

Sinəsində ürəyin,

Səsini eşidirdi.

Heykələ dönənlərin

Bağrını hiss həyəcan,

Ölüm, qorxu deşirdi.

Mübarizin atdığı tüfəngdən güllə kimi.

Düşman əsir qorxudan,

İgid canında isə ,

Qurumuş qorxaqlığın,

Bar gətirən ağacı,

Şücayyətin odundan.

Yıxılır bir-bir yerə düşmənlərin cəsədi.

Ölüm hakim kəsilmiş qarşıdakı səngərə

Qürur verən mənzərə.

Murdarlayır murdar qan vətənin torpağını

Mübariz təslim etdi, vətəninə andını

Məramına yetişdi.

Bu elə bir and idi, ölüm vardı, dönüm yox!

Elə bir ölüm andı, həşr günü zülüm yox!

O vətənə canını bu gün qurban demişdi,

Təki vətən var olsun!

Vətəndaşa şərəfdir vətənə qurban getmək.

Qurbanları varsa da vətən yaşayır demək.

Tanrı sənə yar olsun,

Gözümün nuru vətən!

Onuncu nəğmə

O dəyən bir güllədən ani ayaq saxladı,

Gözlərinə tor gəldi, bir qədər sonra amma,

Yürüməyə başladı.

Gülləsi də qurtarmış,

Ancaq əlində süngü

Parlayan bir günəşdir.

Rəngi azca ağarmış

Axır torpağa qanı,

O, çarpışan pələngdir.

Qoruyur torpağını,

Bir ölüm bahasına.

Mələklər əhsən deyir,

Bu insan balasına.

İkinci güllə dəydi

Onun bağrını dəldi.

O yenidən gülüşün qucağına sığındı,

O sevinir şərəfli ölüm mənə yaxındı.

O yürüdü, durmadı

O özündə bir xalqın taqətini daşıyır,

O xalqının mətnini göstərməkçün düşmənə

Sona kimi yaşıyır.

Axı onun xalqını min illərin tufanı

Sarsıda bilməmişdir,

Axı onun milləti özünün bu gününə

Şərəf yazıb gəlmişdir.

Əhsən belə millətin mətanətli oğluna

Dəyanətli oğluna!

Gül səpin bu igidin şanlı ömür yoluna!

On birinci nəğmə

Mübariz can verirdi…

Səma dənizdən mavi

Əks olunub gözündə

Səadəti gəzirdi,

Göylərin boşluğunda…

O artıq qazanmışdı,

Səadət yer üzündə.

Ölümü ölməzliyə

Çevirən bir əməllə.

Mübariz can verirdi…

Məğrur qəhrəman kimi.

O dünyaya gələndə,

Söz verdi insan kimi,

Dönəcəkdir dünyadan.

O deyirdi Yaradan– bağışla, əhv et məni,

Sonuncu nəfəsdə də məbudum bildim səni.

Mən namusum uğruna, mən vətənim uğruna

Etmişəm bu əməli.

Mən ölümün gözünə baxa-baxa getmişəm.

Mən ölümü sevmişəm.

Oyadırsa yuxudan yatanı gəlişilə,

Bir insan gedişilə,

Cahana səs salırsa.

Qəfləti oyadırsa,

Əhsən belə gedişə!

O yumdu gözlərini vətən, vətən inlədi.

Gah şəhadət söylədi.

Üfüqlərin bağrını dəldi onun sədası,

Son sözü oldu onun şəhidlərin nidası.

Onun ruhu ayrılır,

Qiyamət qopanadək

Dünyada cəsədindən.

Yeni evin mübarək,

Söyləyir bu şəhidə,

Üfüqlərdən bir mələk!

On ikinci nəğmə

Budur qapı açılır,

Bu nur nədir ilahi!

Səadətin nurudur cavab verir bir səda.

Bir şərəfli ölümlə onu özün qazandın,

Gəl ey şəhid, dünyada!

Xoş gəlmisən bu yerə!

Sənindir bu gördüyün gözəl olan mənzərə,

Güllü-çiçəkli vadilər,

İstərsən şərab süzsün qədəhlərə saqilər.

Gördüklərin, nə varsa sənə bəxşiş verildi.

Sənin vətən eşqindən bu gün nəşin dirildi,

Cənnətin ortasında.

Əbədiyyən qal indi,

Bu rəhmət yuvasında.

On üçüncü nəğmə

Sən tarixin yönünü əməlinlə dəyişdin,

Sən sükutun, qəflətin hökmü ilə əyişdin.

Sən vətən düşmənilə tək başına çəkişdin,

Əhsən mətanətinə!

Cəsarətə min alqış!

Sənin şücayətindən yeni tarix yaranmış.

Bu tarix səhfəsində ilk addımsan, yeni iz,

Tarixin ilk sözüdə, son sözü də Mübariz.

Alqış, səni böyüdən bir ananın südünə!

Alqış, səni ucaldan bu ölümün gücünə!

On dördüncü nəğmə

Mübarizin cəsədi meydanda nur saçırdı,

Düşmən təşviş içində ora-bura qaçırdı.

Ona yaxın gəlməyə heç kəs etmirdi ürək,

Görən sağdırmı deyə, maraqlar titrəyirdi.

Baxın, bu insandırmı?

Göydən enmiş bir mələk,

Qorxmuş ərmən zabiti əsgərə söyləyirdi.

Budur igidin işi.

Budur türk anasının doğduğu cəsur kişi.

Düşməni alçaldaraq etdi önündə rəzil,

Bu ölüm sıradan bir adicə ölüm deyil,

Bu ölümlə qırıldı düşmənin iradəsi,

Bu ölümlə səsləndi haqqın hayqırışları,

Cəkilsin vətənimdən  yağıların kölgəsi.

Sən ey vətən övladı bu tarixi xatırla,

Xalqınla eylə qürur.

Sənin xalqın önünə keçəcək maneləri,

Cəsarətlə uçurur.

Son söz

Necə əl çalmayım bu ölümə mən?

Hurilər cənnətdə sevinərikən.

Necə söyləməyim əhsən, min alqış?!

Bu ölüm vətənə eşqdən yaranmış.

Varmı yer üzündə elə bir hünər,

Yüksəlsin məqama şəhidlər qədər?

Vətəndaş üstündə vətən haqqı var,

Şəhidlər bu haqqı canla qaytarar.

Vətənə canını verə bilməsən,

Haqqınmı, deyəsən vətəndaşam mən?

Mübariz yazdığı bu şərəf anı,

Gətirdi heyrətə bütün dünyanı.

Vətəni uğruna vətən övladı,

Qisas bayramına təbrik yolladı.

Düşmənin bağrına ox oldu, bu an,

Dondu qorxusundan damarında qan.

Quru cəsədinə çatdı gücləri,

Nələr etmədilər zülümdən bəri.

Amma Mübarizin gördüyü əməl,

Xalqın məramına olmuşdu təməl.

Artıq minlərlə gənc vətən uğruna,

Of belə demədən qıyar canına.

Tarix Mübarizlə başladı bir yol,

Vətən vətəndaşı get Mübariz ol!

Vətənə borcun var qaytarmayan kəs,

Layiqli övlad tək yaşaya bilməz.

Rəşad Mahmud, Şair, publisist, Ziyalılar Mərkəzi İdarə Heyətinin üzvü

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı