Şanlı Çanaqqala savaşının 100 illiyi münasibəti ilə ədəbi müsabiqə elan olunub

Çanaqqala savaşı mövzusuna həsr edilmiş şeir, hekayə və məqalə nominasiyaları üzrə əsərlərin müsabiqəsinə başlanılıb.

Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət və tanıtma müşavirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçiriləcək müsabiqəyə əsərlər şərti imza ilə, çap halında 5 nüsxə olmaqla, zərfə qoyularaq təqdim edilməlidir. Üzərində şərti imza yazılmış başqa bir qapalı zərfdə isə müəllif haqında məlumat və şəxsiyyət vəsiqəsinin surəti olmalıdır.

AYB mətbuat xidmətindən AZƏRTAC-a bildirib ki, 5 nəfərdən ibarət münsiflər heyəti 10 ballıq sistemlə hər nominasiya üzrə 3, ümumilikdə isə 9 qalib müəyyənləşdirəcək.

Qaliblərin adları bu il aprelin ortalarında – Çanaqqala savaşının ildönümü günlərində Azərbaycan Yazıçılar Birliyində keçiriləcək mərasimdə elan olunacaq. May ayında qaliblərin Çanaqqalaya səyahət turu təşkil ediləcək.

Qalib seçilən əsərlər kitab halında nəşr olunacaq.