İQTİSADİYYAT 2020.05.04 16:12

SOCAR-ın təşəbbüsü ilə yeni regional təşkilat yaradılıb

35

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü (Caspian Environmental Protection Initiative – CEPI) adlı müstəqil fəaliyyət göstərən regional təşkilatın yaradılması təşəbbüsü ilə çıxış edib.

Təşəbbüsün əsas məqsədləri regionda fəaliyyət göstərən beynəlxalq neft şirkətlərinin ətraf mühitin qorunması naminə ilk dəfə olaraq birgə araşdırma və inkişaf platformasını yaratmaq, bu məqsəd uğrunda aparıcı şirkətlərin səylərini birləşdirməkdir.

Təşkilat Xəzər dənizinin və Abşeron yarımadasının ekoloji dayanıqlılığına təhlükə yaradan iqlim dəyişikliyi ilə mübarizə aparmaq, həmçinin birgə qabaqlayıcı tədbirlərlə ətraf mühitə atılan zərərli maddələrin qarşısını almaq üçün yaradılıb. Azərbaycanda fəaliyyət göstərən qlobal neft-qaz şirkətləri – “BP AGT”, “Equinor Abşeron AS” və “Total E&P Absheron B.V.” təşəbbüsü yüksək qiymətləndirərək, yeni yaradılan təşkilatın ətrafında birləşib.

Mayın 4-də CEPI-nin təqdimatı və digər məsələlərin müzakirəsi məqsədilə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə, “BP Azerbaijan”ın əlaqələr və xarici işlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, “Equinor”un Azərbaycan üzrə meneceri Favad Quraişi və “Total E&P Absheron B.V.” icraçı direktoru Regis Agutun iştirakı ilə onlayn rejimdə görüş keçirilib.

Görüşdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə iştirakçılara CEPI təşkilatının məqsəd və hədəfləri haqqında geniş məlumat verib. R.Hüseynzadə qeyd edib ki, təşkilatın missiyası iqlim dəyişikliyinin yaratdığı ekoloji və iqtisadi təhlükələrlə bağlı Xəzər bölgəsində fəaliyyət göstərən neft və qaz şirkətlərini istiqamətləndirmək və qabaqcıl addımların atılmasına təşviq etməkdir. Əsas istiqamət Xəzər dənizinin və Abşeron yarımadasının ekoloji dayanıqlılığına təhlükə yaradan fəaliyyətlərin qarşısının alınmasıdır. Gələcəkdə CEPI-nin işində digər beynəlxalq şirkətlərin və təşkilatların iştirakı nəzərdə tutulur. Şirkətlər ətraf mühitin qorunması sahəsində öz bilik və təcrübələrini paylaşacaq, birgə araşdırmalar aparacaq, ekoloji tədbirləri koordinasiyalı şəkildə həyata keçirəcəklər.

Görüş iştirakçıları bu təşəbbüsün ətraf mühitin mühafizəsi yönümündə böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb və atılacaq addımları geniş müzakirə ediblər. Yeni təsis edilən təşkilatın uğurlu fəaliyyətinin təmin edilməsi məqsədilə işçi qrupunun yaradılması və anlaşma memorandumunun imzalanmasına dair qərar qəbul olunub.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə regional təşkilata növbəti bir il ərzində sədr təyin edilib.

Xatırladaq ki, BMT-nin iqlim dəyişikliklərinə dair Paris sazişindən irəli gələn hədəfləri həyata keçirmək üçün SOCAR ətraf mühitin mühafizəsi, resurslardan səmərəli istifadə, karbon emissiyalarının azaldılması və bölgənin inkişafının təmin edilməsi istiqamətində ekoloji tədbirləri və həll yollarını davamlı olaraq tətbiq edir.

Report

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı