CƏMİYYƏT 2020.09.20 12:58

Sosial media ilə bağlı təklif narazılıq doğurdu: “Reallıqdan uzaqdır”

126

Son illər sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. Sosial şəbəkələr bəzi hallarda informasiya məkanında bəzən ənənəvi medianı da üstələyir.

Lakin sosial şəbəkələr bəzən cəmiyyətdə müşahidə olunan ciddi problemlərin əsas səbəbi kimi göstərilir. Məsələn, saxta xəbərlərin, foto və videomaterialların yayılması, ictimai rəyə təsir etməsi sosial şəbəkələrin fəaliyyəti ilə əlaqələndirilir. Bir sıra ekspertlər sosial şəbəkələrə girişin məhdudlaşdırılmasını təklif edir.

Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Cebhe.info-ya açıqlamasında deyib ki, social şəbəkələrə artıq reallığa çevrilib:

“İnternetin, sosial şəbəkələrin təsir imkanları getdikcə daha da artmaqdadır. Pandemiyanın təsiri ilə bu prosesin, onlayn fəaliyyətlərin daha da genişləndiyini görürük. Bu artıq qarşısıalınmaz bir prosesə çevrilib. Sosial şəbəkələri məhdudlaşdırmaq, ondan istifadə edənləri nəzarət altına almaq demək olar ki, mümkünsüz bir məsələyə çevrilir.

Obrazlı şəkildə desək interneti okeana, sosial şəbəkələri isə selə bənzətmək mümkündür. İnternetdə hər cür informasiyanın, xüsusilə də zərərli məlumatların, sosial şəbəkələr vasitəsilə cəmiyyəti məhv edə biləcək qədər ziyanlı xəbərlərin yayılması artıq bir sıra ölkələrdə, toplumlarda narahatçılıq yaradır. Bununla bağlı dünyada ən müxtəlif formada mübarizə üsulları təklif edilsə də, tam şəkildə real nəticə əldə etmək mümkün olmayıb.

Azərbaycanda da zaman-zaman sosial şəbəkələrin, internetin zərərli təsirləri ilə bağlı fikirlər gündəmə gəlir. Ən müxtəlif təkliflər də verilir. Təkliflər sırasında ağlabatan olanlarla yanaşı insanlarda gülüş doğuranları, istehza ilə qarşılananları da var. Bir müddət əvvəl bəzi şəxslər sosial şəbəkələrin bağlanmasını təklif edirdilər. Bu həmin şəxslərin dünyadan, texnologiyanın inkişafından nə qədər xəbərsiz olduqlarını göstərir. Yaxşı ki, bu təkliflər reallaşmadı. Cəmiyyət, hakimiyyət anladı ki, belə mübarizə üsulu olmaz”.

Sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması təklifinə gəlincə, M.Göyüşlü deyib ki, bu, real deyil: “Məncə bu təklif də sadəcə təklif xatirinə irəli sürülüb. Necə bəyəm insanlar social şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girsinlər? Belə bir prosesi necə reallaşdırmaq olar? Bu təklifi reallıqdan uzaq, populist bir fikir kimi qiymətləndirirəm. İnanmıram ki, bu təklif həyata keçsin.

Cəmiyyətin də, müvafiq qurumların da bunu reallıqdan uzaq bir təklif kimi dəyərləndirdiyini düşünürəm. Əlbəttə, biz sosial şəbəkələrdə kimsənin təhqir olunmasını bəyənmirik. Təhqir, şantaj, hədə-qorxu kimi üslubları pisləyirik. Ancaq sosial şəbəkələrin qadağan olunması, yaxud şəxsiyyət vəsiqəsilə qeydiyyatı kimi təklifləri də ağlabatan saymıram.

Hesab edirəm ki, sosial şəbəkələrdə, internetdə təhqirlə, şantajla bağlı maarifləndirməyə daha çox üstünlük verilməlidir. Qırmızı xətti keçənlərə, bütün normaları aşanlara qarşı isə hüquq-mühafizə orqanları fəal olmalı, vaxtında onları müəyyən edib lazımi cəzanı verməlidirlər. Düşünürəm ki, bu şəkildə mübarizə ilə biz daha çox nəticəyə nail ola bilərik, nəinki ancaq inzibati metodlar tətbiq etməklə”.

Şərhlər

Çox oxunanlar (günlük)

Çox oxunanlar (həftəlik)

Yuxarı